Onlayn ictimai-siyasi qəzet
Ukrayna Avropa Birliyinin Brüsseldə keçirilən sammitində təsdiqlənən 50 milyard avro dəyərində yeni dördillik dəstək proqramı çərçivəsində bu il 18 milyard avro almağı planlaşdırır. Bu barədə Ukraynanın iqtisadiyyat nazirinin müavini Aleksey Sobolev məlumat verib.
Məmurun sözlərinə görə, ümumi məbləğin 39 milyard dolları Ukrayna büdcəsinə gedəcək. Sobolev qeyd edib ki, Aİ-nin yeni dəstək proqramı digər məsələlərlə yanaşı, Kiyevə güzəştli şərtlərlə kreditlərin verilməsini nəzərdə tutur: "Bunlar çox güzəştli kreditlərdir. Ayın sonunda yekun şərtləri öyrənəcəyik, amma indi müzakirə olunan və qəbul edilmiş şərtlər layihəsində bir çox əlverişli şərtlər aydındır. Məsələn, orada kreditlərin qaytarılması üçün 10 illik güzəşt müddəti, gələcək dövr üçün çox güzəştli dərəcələr və tariflərin kompensasiyası var”. O əlavə edib ki, bu proqram çərçivəsində Ukraynaya veriləcək qrant vəsaitlərinin bir hissəsi Kiyev üçün kredit faizlərinin azaldılmasına şərait yaratmaq üçün istifadə olunacaq.
Sobolevin sözlərinə görə, 50 milyard avronu almaq üçün Ukrayna Avropa İttifaqına dörd il müddətinə iqtisadi islahat planı təqdim edəcək və bu planın icrası hər rüb Avropa Komissiyası tərəfindən yoxlanılacaq. Eyni zamanda xüsusi yaradılmış audit şurası Ukrayna hakimiyyətinin alınan pulları dəqiq necə idarə etməsinə nəzarət edəcək. Nazir müavini əmin edib ki, şura üzvlərinin əksəriyyəti Avropa ölkələrinin nümayəndələri olacaq, lakin onun tərkibinə ukraynalılar da daxil olacaq.
Qeyd edək ki, fevralın 1-də Brüsseldə keçirilən sammitdə Aİ-nin 27 ölkəsinin liderləri dörd il ərzində Ukraynaya maliyyə dəstəyi üçün icma büdcəsindən 50 milyard avro ayırmaq qərarına gəliblər. Eyni zamanda, onlar Macarıstanın təklifi ilə razılaşaraq pulların xərclənməsinə nəzarət mexanizmini yaradıblar. Bir ildən sonra Aİ bu məsələni müzakirə etmək üçün qayıdacaq və iki ildən sonra yeni büdcəsinin hazırlanması fonunda Ukraynaya maliyyə yardımının həcminə yenidən baxacaq. Lakin Macarıstan da daxil olmaqla heç bir ölkənin bu mövzu ilə bağlı sonrakı müzakirələrdə veto hüququ olmayacaq.
Yeni yardım paketindən Ukrayna 17 milyard avronu əvəzsiz, 33 milyard avronu isə kreditlə almalıdır. Ukrayna İqtisadiyyat Nazirliyinin qeyd etdiyi kimi, “makromaliyyə sabitliyini gücləndirmək üçün” Ukrayna dövlət büdcəsinə 39 milyard Aİ yardımı göndəriləcək, 8 milyard avro xüsusi investisiya aləti vasitəsilə investorların risklərini ödəmək üçün istifadə olunacaq. 3 milyard avro texniki dəstək proqramına xərclənəcək. Nazirlik onu da qeyd edib ki, Kiyev martda Aİ yardımının 4,5 milyard avro məbləğində ilk tranşını alacağını gözləyir.
Musavat.com
17 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ