İnsanlara hürriyət, millətlərə istiqlal!

Üç qardaş Bakıda birləşdi: “Yaşıl kabel”i belə çəkəcəklər – Nəhəng Saziş nələr vəd edir?

Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) davam edir.

Musavat.com xəbər verir ki, noyabrın 11-də start götürən tədbirdə dünyanın təxminən 190-dan çox ölkəsini 75 mindən çox nümayəndə təmsil edir. İstər Mavi, istərsə də yaşıl Zonada müxtəlif tədbirlər keçirilir və müzakirələr aparılır. COP çərçivəsində yadda qalan vacib tarixi hadisələrdən biri də Azərbaycanın, Qazaxıstanın və Özbəkistanın dövlət başçılarının “Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”i imzalaması idi. Bu, üç ölkənin əməkdaşlığında yeni mərhələnin başlanğıcıdır. Saziş Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında qardaşlıq, dostluq və strateji tərəfdaşlıq əlaqələrinin göstəricisidir. Dövlət başçısı İlham Əliyev sazişlə bağlı çıxışında bildirib ki, onun imzalanması tarixi hadisədir.

WhatsApp Image 2024-11-19 at 17.58.49.jpeg (39 KB)

“Biz ölkələrimiz arasında qardaşlıq münasibətlərini daha da möhkəmləndiririk və yaşıl enerji sahəsində fəal əməkdaşlıq edəcəyik. Həmçinin deyərdim ki, imzaladığımız bugünkü Saziş Mərkəzi Asiya və Qafqaz regionlarının əməkdaşlığında yeni imkanlar açır. Mahiyyət etibarilə, Mərkəzi Asiya və Qafqaz regionlarında inteqrasiya prosesləri, nəqliyyat, energetika, ticarətlə bağlı proseslər bu gün deməyə imkan verir ki, bu iki region bir çox məsələlərdə, o cümlədən yaşıl enerjinin inkişafı sahəsində sinxron fəaliyyət göstərir. Biz Özbəkistanda, Qazaxıstanda və Azərbaycanda bərpaolunan enerji mənbələrinin yaradılması üzrə artıq əldə edilmiş böyük planlar və nəticələr haqqında bilirik. Yəni, biz, belə demək mümkünsə, paralel kursla gedirik və Xəzərin dibi ilə elektrik kabelinin çəkilməsi təkcə üç ölkəmiz arasında deyil, həm də daha geniş miqyasda əməkdaşlıqdır”.

Energetika naziri Pərviz Şahbazov isə bildirir ki, saziş regionda "yaşıl enerji" dəhlizinin yaradılması, inteqrasiya olunmuş elektrik enerjisi bazarlarının inkişafı və bərpa olunan enerjinin digər regionlara ixracının asanlaşdırılması üçün güclü təməl yaradır.

“Milli enerji şirkətlərinin səhmdarlarının razılaşması, birgə müəssisənin yaradılması bu layihənin uğurla həyata keçirilməsi üçün mühüm mərhələlər olacaq. Nəzərdə tutulur ki, birgə müəssisə yaradıldıqdan sonra Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin inteqrasiyası üzrə tədqiqat işlərinə başlanılsın. Məsləhətçi şirkət "Chessie" layihəyə cəlb olunub. Onu da deyim ki, layihə Azərbaycan, Qazaxıstan və Özbəkistanla məhdudlaşmır. Mərkəzi Asiyanın digər ölkələri, xüsusilə gələcəkdə yüksək artım resurslarına malik olan Qırğızıstan və Tacikistan da bu layihəyə uğurla qoşula bilərlər. Onlar aralıq bərpa olunan enerji mənbələrinin balanslaşdırılması üçün istifadə ediləcək hidro resursları vasitəsilə bu layihəyə əlavə dəyər qatacaqlar”.

WhatsApp Image 2024-11-19 at 17.58.49 (1).jpeg (57 KB)

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin vurğuladığı kimi ölkənin ümumi gücü 43 giqavat olan “yaşıl layihələr”in həyata keçirilməsi istiqamətində bütün imkanlar səfərbər edilib və xarici şirkətlərlə razılaşmalar əldə olunub. Bu baxımdan Qazaxısatnın güclü bərpaolunan enerji potensialı “yaşıl kabel”in nəql gücünün də artmasına xüsusi töhfə verəcək, üçtərəfli əməkdaşlıq enerji sistemlərinin inteqrasiyası və ekoloji cəhətdən təmiz enerjinin Avropaya və digər bazarlara çatdırılması üzrə etibarlı körpü rolunu oynaycaq. Bu Sazişin praktiki nəticələri həm də 3 ölkənin iqtisadiyyatını Orta Dəhlizdə birləşdirməsinə və inkişafına töhfə verəcək. Özbəkistanın da alternativ enerji resursları kifayət qədər güclüdür və Xarici investorlarla aparılan qiymətləndirmələr günəş və külək stansiyalarının potensiallarının hədsiz ümidverici olmasından xəbər verir. Özbəkistan 2030-cu ilədək bərpaolunan enerji mənbələrinin payını 40 faizə çatdırmağı, həmçinin 4,2 giqavatlıq enerjisaxlama sistemləri yaratmağı planlaşdırır. Səudiyyə Ərəbistanın “ACWA Power” şirkəti neçə müddətdir ki, bu ehtiyatların istehsalı və emalı üçün böyük bir layihə icra edir. Nəticədə bu ölkənin enerji gücü Şərq-Qərb dəhlizinin rentabelliliyi və dayanıqlılığı üçün mühüm əhəmiyyət kəsb edəcək.

Üç qardaş ölkənin “yaşıl enerji” üzrə vahid siyasət təşəbbüsləri Şuşada Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə imzalanan Qarabağ Bəyannaməsinin əsas bəndlərindən birini təşkil edir. Bəyannamənin 11-ci bəndində TDT ölkələri bərpaolunan enerji və enerji səmərəliliyi sahələrində əməkdaşlığın inkişafı da daxil olmaqla enerji sahəsində strateji tərəfdaşlığın daha da artırılması və bu çərçivədə Azərbaycan-Qazaxıstan-Özbəkistan enerji sistemlərinin qarşılıqlı əlaqələndirilməsinə (“yaşıl dəhliz”) dəstəyini ifadə edib. Sənəddə, həmçinin türk dövlətləri tərəfindən bərpaolunan geniş enerji potensialının imkanları nəzərə alınaraq “yaşıl enerji”nin üzv dövlətlər və üçüncü ölkələr də daxil olmaqla ixracı və ticarəti üçün geniş enerji sistemlərinin inkişaf etdirilməsi bəyan olunub.

energoeffektivnost-v-rossii-chto.jpg (135 KB)

Maksut Narikbayev Universitetinin “MIND” Tədqiqat və Analitika Mərkəzinin xarici siyasət və beynəlxalq tədqiqatlar proqramının rəhbəri Miras Jienbayevin dediyi kimi gələcəkdə bu tərəfdaşlıq genişlənəcək, enerji və karbohidrogen siyasətinin digər sektorlarını əhatə edəcək.

“Enerji əməkdaşlığında transformasiya mərhələsi Orta Dəhliz layihəsini beynəlxalq məsələlərdə, o cümlədən yaşıl inkişafda yeni səviyyəyə qaldırır. Bu, həm iştirakçı ölkələrin milli mənafeyinə, həm də bütün makroregionun regional maraqlarına uyğundur.
Üç ölkə liderlərinin strateji əhəmiyyətli enerji sektorunda əməkdaşlığa hazır olması təkcə tərəfdaşlıq istəyini deyil, həm də dövlətlər arasında yüksək etimadı nümayiş etdirir. Əhəmiyyətli razılaşmaların əldə edilməsi Türk Dövlətləri Təşkilatı çərçivəsində müntəzəm görüşlər, o cümlədən Zirvə toplantıları və yüksəksəviyyəli görüşlər, habelə Azərbaycan liderinin Mərkəzi Asiya dövlət başçılarının Məşvərət Görüşlərində müntəzəm iştirakı sayəsində mümkün olub”.

Sazişin əhəmiyyətini COP29 çərçivəsində Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaşıl enerjinin inkişafı və ötürülməsi layihəsində Səudiyyə Ərəbistanı Krallığının iştirakını təmin edən sənədlərin imzalanması da təsdiq edir. Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri artıq xeyli müddətdir ki, Mərkəzi Asiya və Azərbaycanda “yaşıl layihələr”də təmsil olunur. Bu baxımdan Qara dəniz kabeli layihəsinin gələcəkdə Yaxın Şərq regionunu da əhatə edəcəyini və Şərq-Qərb enerji dəhlizinin formalaşacağını söyləmək mümkündür. “Yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində əməkdaşlıq üzrə Azərbaycan, Qazaxıstan, Özbəkistan və Səudiyyə Ərəbistanı Krallığının Energetika nazirlikləri arasında İcra Proqramı”nın imzalanması da bunu deməyə əsas verir.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR