İnsanlara hürriyət, millətlərə istiqlal!

Üç ölkənin ANLAŞMASI: Bu baş verərsə...

Azərbaycan-Türkiyə-Gürcüstan tərəfdaşlığında yeniliklər; qarşıdakı ayda Tiflisdə həyati əhəmiyyətli hadisələr yaşanacaq və...

“Gürcüstan Azərbaycan və Türkiyə ilə çoxşaxəli əməkdaşlığı, strateji tərəfdaşlıq əlaqələrini, regional və qlobal əhəmiyyətli layihələri davam etdirəcək”. Bunu Gürcüstanın yeni xarici işlər naziri Maka Boçorişvili parlamentdə çıxışı zamanı deyib. 

“Gürcüstan, Azərbaycan və Türkiyə arasında üçtərəfli əməkdaşlıq platforması mühüm regional format olaraq qalacaq”, - nazir vurğulayıb. (APA) 

Maka Boçorişvili Gürcüstanın qarşıdakı illərdə balanslaşdırılmış qonşuluq siyasəti aparacağını, regionda sülhün və sabitliyin təşviqi prinsiplərinə əsaslanan xarici siyasət yürüdəcəyini qeyd edib. O əlavə edib ki, Gürcüstan qonşu ölkələr arasında dialoqu və konstruktiv əməkdaşlığı təşviq edəcək ki, bu da bütün regionun marağındadır. Boçorişvili sülhün və sabitliyin möhkəmləndirilməsinin regionun unikal potensialından tam istifadə etmək üçün vacib olduğunu vurğulayıb. Bəllidir ki, Gürcüstan bölgədə tamamilə yeni siyasət yürüdür və Qərbin boyunduruğundan çıxmağa çalışır. Bu mərhələdə onun Türkiyə və Azərbaycanla əməkdaşlığı daha da dərinləşdirməsi mütləqdir. Gürcüstanın Rusiya ilə də münasibətləri normallaşdırmaq kursu seçməsi perspektivdə Azərbaycanın təklif etdiyi 3+3 formatını bir daha gündəmə gətirir. XİN başçısı buna da işarə edib. Hazırkı mərhələdə bu asan görünməsə də, ilkin variantda Gürcüstan, Azərbaycan və Türkiyənin birlikdə aparacağı proses sonucda nə ilə nəticələnə bilər? Region üçün nələr vəd edir?

Elxan Şahinoğlu son çıxışı ilə özünü və “ağalarını” belə ələ verdi -  ƏTRAFLI | KONKRET

 Elxan Şahinoğlu

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Gürcüstanın başqa çıxış yolunun qalmadığını qeyd etdi: “Gürcüstanın yeni xarici işlər naziri Maka Boçorişvili parlamentdə çıxışı zamanı "Gürcüstan Azərbaycan və Türkiyə ilə çoxşaxəli əməkdaşlığı, strateji tərəfdaşlıq əlaqələrini, regional və qlobal əhəmiyyətli layihələri davam etdirəcək" və “Gürcüstan, Azərbaycan və Türkiyə arasında üçtərəfli əməkdaşlıq platforması mühüm regional format olaraq qalacaq” açıqlamaları Tiflisin Azərbaycan və Türkiyə ilə strateji tərəfdaşlığa sadiq qalacağını göstərir. Belə baxanda Gürcüstan hökumətinin Azərbaycan və Türkiyə ilə ittifaqı gücləndirmək siyasətinə alternativi yoxdur. Gürcüstanın Rusiya ilə diplomatik münasibətləri yoxdur, ABŞ və Avropa İttifaqı ilə münasibətlərdə gərginlik yaşayır. Bu şəraitdə Gürcüstan iki qonşusu - Azərbaycan və Türkiyə ilə əlaqələri yüksək səviyyədə saxlamalıdır. Buna baxmayaraq, Gürcüstan hökumətinin 3+3 platformasında iştirak edəcəyini proqnozlaşdırmaq çətindir. Gürcüstan Rusiyanın iştirakına görə bu platformaya qatılmır. Çünki əks halda Gürcüstan Rusiyanın Abxaziya və Cənubi Osetiyanı ilhaqını tanımış olacaq. 3+3 platforması bir müddət Gürcüstanın iştirakı olmadan yoluna davam edəcək. Ancaq bu, problem deyil. Gürcüstan həm qonşu ölkələrlə əməkdaşlığa davam edəcək, həm də Azərbaycan və Türkiyənin iştirakçısı olduğu regional layihələrdə iştirakını davam etdirəcək".

YUNESKO Azərbaycanla bağlı sükutu pozdu - sevinək, yoxsa...

 Şəhla Cəlilzadə

Beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə qarşıdakı ayda Gürcüstan üçün ciddi proseslərin yaşanacağını düşünür: “Gürcüstanda son 1 ayda baş verən siyasi hadisələr - o cümlədən 26 oktyabr parlament seçkiləri, qərbyönlü prezident Zurabişvili başda olmaqla, müxalif partiyaların seçki nəticələrini boykot etməsi, Gürcüstan parlamentinin öz işinə müxalifət deputatlarının iştirakı olmadan başlaması və 14 dekabrda yeni prezident seçkisinin keçiriləcəyini bəyan etməsi - bütün bunlar Gürcüstanın tarixi bir dönüş astanasında olduğunun işarəsidir. Belə ki, bundan 2 il öncə, 2022-ci ilin martında Gürcüstan Moldova və Ukrayna ilə birlikdə Avropa İttifaqına üzvlük üçün rəsmi müraciət etmişdi. Lakin Aİ bu müraciətdən bir neçə ay sonra Moldova və Ukraynaya namizəd statusu verərək onların İttifaqa üzvlüyü üçün qapı açsa da, Gürcüstana bu status verilmədi. Bu, Gürcüstan hakimiyyətində siyasi orientasiya ilə bağlı debatları artırmaqla yanaşı, hakimiyyətin rusiyayönümlü qanadının aktivləşməsinə və ən nəhayət, bu ilin mayında Aİ-nin şiddətlə qınadığı "xarici agentlər haqqında" qanun və LGBT haqları ilə bağlı müəyyən məhdudiyyətləri özündə ehtiva edən qərarların qəbuluna yol açdı. Seçkilərdə hakim “Gürcü Arzusu”nun qələbə çalması ilə Gürcüstanın bundan sonra balanslı siyasət yürüdəcəyi və Qərbin Rusiya əleyhinə istifadə etdiyi “platsdarm” olmaqdan imtina etdiyi anlaşıldı. Belə ki, Qərb bir dəfə 2008-ci ildə Gürcüstandan bu cür istifadə etmişdi. Hakim elita bu siyasətin təkrarlanmasından imtina edərək Gürcüstanın suverenliyini “Aİ arzusuna” qurban etmədi. Təbii ki, bu, Aİ-də və onun dəstəklədiyi müxalif qruplarda sərt reaksiya doğurub. Təsadüfi deyil ki, prezident Zurabişvili seçki nəticələrini saxta adlandıraraq Konstitusiya Məhkəməsinə müraciət edib. Aİ də bu saxtakarlıqları aşkar etmək üçün hər cür dəstək verəcəyini, hətta Gürcüstana “Texniki Missiya” göndərəcəyini, ölkənin 4 müxalif bloku isə Aİ xarici işlər komissarı Borrelə məktub yazaraq Gürcüstanla əlaqələri tamamilə kəsməyi xahiş edib. Göründüyü kimi, qarşıdakı 1 ayda Gürcüstan üçün həyati əhəmiyyətli hadisələr yaşanacaq və 29 dekabrda yeni prezidentin inaqurasiyası ilə qarşıdakı dövr üçün siyasət xətti müəyyən olunacaq".

Siyasi şərhçi qonşu ölkənin seçim qarşısında qalmasından da söz açdı: “Gürcüstan ya Aİ-nin də təzyiqi və dəstəyi ilə iç savaşa sürüklənəcək, ya da böyük ehtimalla Qərb buxovundan azad olaraq müstəqil siyasət yürütməyə başlayacaq. Bu siyasətin ilkin konturları artıq bəllidir: Azərbaycan və Türkiyə ilə əməkdaşlığın dərinləşdirilməsi, 3+3 regional əməkdaşlıq formatına Gürcüstanın daxil olması, Rusiya ilə münasibətlərin bərpası və Qərblə Rusiya arasında balanslı siyasət. Belə ki, dekabr 2021-ci ildə Moskvada, oktyabr 2023-cü ildə Tehranda, oktyabr 2024-cü ildə İstanbulda baş tutan 3+3 formatlı görüşlər bundan sonra ehtimal ki, Cənubi Qafqaz regionu ölkələrində keçiriləcək və bu görüşlərə Gürcüstanın da qatılması ehtimal olunur. Bu format Cənubi Qafqaza xarici təsirlərdən uzaq, həqiqi sülh və sabitlik, təhlükəsizlik və regional əməkdaşlıq mühitinin təsis olunmasında mühüm alət olaraq dəyərləndirilir. Bu format tam olaraq reallaşarsa, bu, Cənubi Qafqaz regionu üçün 2020-ci ildən bəri davam edən geosiyasi yarışın sonlanması demək olar. Gürcüstandan və Azərbaycandan əlini üzən Qərbin hazırda bu yarışda yeni "favorisi"nin Ermənistan olduğu açıq-aydındır və elə buna görədir ki, Ermənistana Qərbdən durmadan artan siyasi, iqtisadi və hərbi dəstək region uğrunda geosiyasi yarışda Qərbin özünə yer etməyə çalışması ilə izah oluna bilər".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR