İnsanlara hürriyət, millətlərə istiqlal!

Türmələr niyə dolub-daşır? - Elə faktlar var ki...

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2024-cü il üzrə məruzəsinin müzakirəsi zamanı ölkədəki məhkumların sayını açıqlayıb.

Deyib ki, Azərbaycan həbsxanalarında 24 minədək məhbus var. Deputat bildirib ki, cəzaçəkmə müəsissələrində sıxlıqlar müşahidə olunur və həbsxanaların sayının artırılması problemin həll yolu deyil. Zahid Oruc deyib ki, əhali sayı baxımından həbsxanalarda olan vətəndaşların nisbətinə görə Azərbaycan 60-cı yerdədir.

NATİQ.jpeg (75 KB)

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov Musavat.com-a deyib ki, Azərbaycanda son illər cinayət qanunvericiliyində cəzaların humanistləşdirilməsi ilə bağlı dəyişikliklər olsa da, bu, kifayət etmir:

“Məhkəmələrə alternativ cəza təyin edilməsi ilə bağlı sərbəstlik verilməlidir və yuxarı məhkəmə instansiyaları bu məsələlərdə aşağı məhkəmələri dəstəkləməlidirlər: “Çox təəssüf ki, illərdir bu məsələ həllini tapmır. Dövlət ittihamı da cəza məsələsində həddindən artıq sərt mövqedən çıxış edir. Təəssüflər olsun ki, hüquqi cəhətdən bərabər olsa da, yuxarı məhkəmələrdə müdafiə tərəfin apelyasiya, kasasiya şikayətlərinə və prokurorun protestlərinə fərqli yanaşma var. Faktiki olaraq sonuncuya üstünlük verilir. Məhbus sayının azalması üçün həmçinin cəzadan vaxtından əvvəl azad edilmə institutu da sadələşdirilməlidir”.

N.Ələsgərov bildirib ki, başqa bir problem də məhbusların vaxtından əvvəl azad olunması ilə bağlıdır:

“Məhbusun vaxtından əvvəl azad olunması zamanı çatsa da, məhkəmələr müvafiq prosedurların tətbiqini təmin etmirlər. Əsasən məhbusların ümumi cəzasının çəkməsinə 1 il, bəzən 6 ay qalmış məhkəmə qaydasında vaxtından əvvəl azad olunma məsələsinə baxılır. Bu da cəzaçəkmə müəssisələrində sıxlığın azalmasına əhəmiyyətli dərəcədə təsir edir. Məhbusların vaxtından əvvəl azad olunması məsələsində Penitensiar Xidmət sərbəst deyil.

Məhbusun vaxtından əvvəl azad edilməsi üçün cəza çəkdiyi müəssisə tərəfindən xasiyyətnamə verilir, mülahizələr irəli sürülür. Hətta bu məsələdə də müəssisələrə sərbəstlik verilmir və Ədliyyə Nazirliyinin rəyi əsas götürülür. Bundan əlavə bu məsələdə digər qurumların faktiki olaraq razılığı alınır. Nəticədə məhkumun şərti azad olunma müddəti başa çatsa da, məhkum azadlığa çıxa bilmir. Məhkəmə qərarlarından prokurorluğun cinayət icraatlarından kənar idarəsinin protest verməsi də vaxtından azad edilməni daha da çətinləşdirir və ya mümkünsüz hala gətirir.

Məhbus sayının çoxluğu cəzaçəkmə müəssisələrində dözülməz sıxlıq yaradır. “Həbsxalanaların dolması və həbsdə saxlanılan şəxslərin sayının artması probleminə dair” Avropa Şurasının Nazirlər Komitəsinin R(99)22 saylı Tövsiyəsində açıq qeyd olunur ki, həbsxanaların dolmasının və həbsdə saxlanılan şəxslərin sayının artmasının həbsxana rəhbərliyi və ümumilikdə cinayət mühakimə icraatı sistemi üçün həm insan hüquqları, həm də penitensiar müəssisələrin səmərəli idarə olunması baxımından böyük problem yaradır. Tövsiyələrdən biri də cəzanın faktiki olaraq çəkiləcək müddətinin azaldan tədbirlərin hazırlanması təşviq edilməsi, bu zaman həbsxanaların dolması probleminin həlli üçün kollektiv tədbirlərə (Amnistiya, Əfv Aktları) ilə müqayisədə məhz vaxtından əvvəl şərti azad etməyə üstünlük verilməli əks olunub”.

Natiq Ələsgərov deyib ki, Azərbaycan Avropa Şurası ölkələri sırasında məhbus sayına görə ilk üçlükdə qərarlaşıb:

“Bu sıralama əhalinin hər 100 min nəfərinə düşən məhbus sayına görə aparılır. Bu gün ölkəmizdə məhbus sayı həddindən artıq çoxdur. Problem o qədər dərindir ki, məhbus sayında azalmanı deyil, əksinə, artmanı müşahidə edəcəyimizi zənn edirəm”.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Mart 2025

BÜTÜN XƏBƏRLƏR