İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyənin Suriya əməliyyatı Ərdoğanın İran səfərindən sonraya qaldı - gözlənti

İyulun 19-da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İrana bir günlük səfərə gedəcək. Gündəlikdə ikitərəfli məsələlərlə yanaşı, sözsüz ki, Suriya mövzusu və Ankaranın bu ölkənin şimalında PKK terrorçularına qarşı keçirməyə hazırlaşdığı əməliyyat da var. Bəlkə də əsas müzakirə mövzusu olacaq.

Çünki İran açıq şəkildə belə bir əməliyyata qarşıdır. Bunu az öncə İran XİN rəhbəri Hüseyn Abdullahianın təzəcə başa çatan Suriya səfəri də sübut etdi. Hərçənd rəsmi Tehran formal olaraq Ankaranın narahatlığını anladığını da bəyan edir. Böyük ehtimalla, Ərdoğanın səfəri əksər “i”-lərin üzərinə nöqtə qoyacaq.

Bəs Türkiyə İranın etirazlarını ciddiyə almayıb əməliyyata başlasa, Tehranın qardaş ölkəyə pisliyi nə ola bilər? Ümumiyyətlə, Tehranda Ərdoğan və Rəisi əsas nəyi müzakirə edəcəklər?

Hikmət Babaoğlu: “AXC-Müsavat cütlüyü BMT Təhlükəsizlik Şurasının 5 üzvünə  qarşı ərazi iddiası irəli sürmüşdü”

Hikmət Babaoğlu: “Bir çox məsələlər artıq əvvəlcədən razılaşdırılıb”

YAP-çı deputat Hikmət Babaoğlu bir çox məsələlərin ölkələr arasında razılaşdırıldığını düşünür: “Türkiyə və İran regionun ən böyük iki ölkəsidir. Olduqca dərin tarixi-mənəvi bağları olan bu iki qonşu ölkə hazırkı mürəkkəb beynəlxalq şərtlər içərisində bir-biri ilə əməkdaşlıq etməyə məhkumdurlar. Doğrudur, hər iki ölkə Yaxın Şərqdə və ərəb dünyasında baş verən hərbi-siyasi proseslər kontekstində öz müstəqil mövqeyi olan ölkələrdir. Eyni zamanda regionda mövcud olan çoxsaylı terror təşkilatlarına münasibətdə də mövqelər bəzən ciddi şəkildə fərqli ola bilir. Ancaq iki qonşu ölkənin enerji sektoru da daxil olmaqla, iqtisadiyyatın və sənayenin ən müxtəlif sahələrində olduqca ciddi əməkdaşlıq platformaları da mövcuddur. Hazırda qardaş Türkiyənin xarici siyasətinin əsas prioritetlərindən biri terrora qarşı mübarizədə imkanları maksimum səfərbər etmək və bu istiqamətdə daha çox tərəfdaşlar qazanmaqdır. Bu sırada qonşu ölkələr ən vacib subyektlər kimi ortaya çıxır. Türkiyə-İran ortaq sərhədi terrorçular tərəfindən ən çox istismar edilən sərhədlərdən biridir. Çünki sərhədin hər iki tərəfində terror təşkilatlarının simpatizanlarının mövcud olması faktı var. Bütün bunlar iki ölkənin terrorçuluğa qarşı səylərini birləşdirməyi zəruri edir. Türkiyə Yaxın Şərqdə, Suriyada beynəlxalq terrorizmə qarşı ən sərt mübarizə aparan və ən effektiv nəticələr əldə edən ölkədir. Qərbin və regionun bir sıra ölkələri kimi terrora qarşı mübarizədə ikili mövqe tutmur. Terrorun kökünü kəsmək üçün səmimi şəkildə əlindən gələni edir. Müdafiəsiz insanları himayə edir, onlara hər cür humanitar yardım göstərir. Terrordan təmizlədiyi ərazilərə sülh və rifah gətirir. Digər ölkələrin də bu səylərə qoşulması üçün vacib addımlar atır. Belə tərəfdaşlardan biri İran ola bilər. Görünür, qardaş ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğanın İrana səfəri zamanı bu məsələlər müzakirə ediləcək. Bütün hallarda əgər yüksək səviyyəli səfər baş tutursa, deməli, bir çox məsələlər artıq əvvəlcədən razılaşdırılıb”.

Dini dözümlülük məfhumunu doğru anlamağımız lazımdır”

Azər Hüseynov: “Türkiyə İrana bildirmək istəyir ki...”

AĞ Partiya başqanının müşaviri, siyasi şərhçi Azər Hüseynov hər iki dövlətin bir-birilərini ciddiyə aldıqlarını qeyd etdi: “İstər İran, istər Rusiya, istərsə də Amerika Türkiyənin bölgədə hərbi fəallığının artmasından ehtiyat edirlər. Türkiyə isə bunların ziddiyyətləri üzərində oynayır. İran müttəfiqi Əsədin girə bilmədiyi yerlərə Türkiyənin girməsini istəmir. Rusların da marağında deyil Türkiyənin hərbi cəhətdən genişlənməsi. Türkiyə İranı ciddiyə alır. Məhz buna görə Ərdoğan özü gedir. İran da Türkiyəni nəzərə alır. Türkiyə İrana bildirmək istəyir ki, PKK-ya qarşı əməliyyat Əsədə qarşı yönəlməyəcək.

Sizə bir şey deyim. Yaxın Şərqdə, xüsusilə Suriyada proseslər başlayanda böyük güclər onu məzhəb müstəvisinə keçirə bildi. İran da, Türkiyə də bunda iştirakçı oldu. İndi isə böyük güclərin başı qarışıb. Belə bir ortamda region ölkələri güclərini separat ünsürlərə qarşı yönəltmək istəyir. Bu ünsürlər böyük güclərin alətidir. Sadəcə olaraq, həll edilməli məsələlər var. Yaxın Şərqdə separat və məzhəbçi yanaşmaları zərərsizləşdirib regionu yeni dünya düzəninin başlanğıc nöqtəsinə çevirmək lazımdır".

Asif Nərimanlı yazır...

Asif Nərimanlı: “İran Türkiyəyə qarşı PYD/YPG terrorçuları ilə əməkdaşlığa gedə bilər”

Siyasi analitik Asif Nərimanlı isə bir çox vacib məqamlara toxundu: “Proseslər Türkiyənin Suriyada yeni əməliyyatını ABŞ və Rusiya ilə müəyyən qədər razılaşdırdığı fikrini önə çıxarır. Finlandiya və İsveçin NATO-ya üzvlüyünə ”yaşıl işıq" yandırılmasının arxasında anlaşma ilə yanaşı, yeni əməliyyatda ABŞ-ın PYD/YPG terrorçularına dəstəyi azaltması, yaxud türk ordusunun irəliləyə biləcəyi bölgələrin razılaşdırılması ola bilər. NATO-nun genişlənməsi siyasətini prioritet görən ABŞ-ın indiki məqamda Türkiyəyə razılıq verməsi mümkündür, hara qədər “göz yuma” biləcəyini isə mümkün əməliyyat zamanı görə bilərik. Rusiya ilə də bu və ya digər formada anlaşmanın olması ehtimalı var. İstisna deyil ki, Lavrovun Ankara səfərində bu məsələlər müzakirə edilib. Rusiya Qərblə qarşıdurmada Türkiyənin neytrallığı qarşısında buna razılıq verir, lakin Moskvanın başqa planı da var. Çünki Ukrayna müharibəsinə görə Rusiya Suriyadakı qüvvələrini azaldıb, xüsusilə əməliyyat sahəsindəki birləşmələrini bölgədən bazalara çəkib, əvəzində rusların çəkildiyi bölgələrdə İran aktivləşir, Bəşər Əsədin Tehrana səfəri də bu prosesin tərkib hissəsidir. Rusiya bununla Suriyada ABŞ-a qarşı Ankara və Tehranın önünü açır, digər tərəfdən, Əsəd rejimi üzərindəki təsirini müvəqqəti İrana dövr etməklə həm Suriyada Türkiyəyə qarşı güc balansını tarazlayır, həm də Ukrayna cəbhəsində müharibə apardığı vaxt Əsədə görə Ankara ilə anlaşılmazlıq mövzularını azaldır. Bu situasiyada Türkiyənin Suriyada mümkün əməliyyatı bölgədə İranla üz-üzə gəlməsinə səbəb ola bilər. Ərdoğanın Tehrana səfəri də əməliyyatın İranla müzakirə edilməsi, razılaşdırılması məqsədi daşıyır. Çünki Türkiyənin hədəfi 30 kilometr dərinliyində “təhlükəsiz zonanın” formalaşdırılması və PYD/YPG terrorçularını mümkün qədər zərərsizləşdirməkdir, bu prosesdə İranla üz-üzə gəlmək istəmir.

Türkiyə və İranın toqquşması ABŞ-ın da, Rusiyanın da marağında olan məsələdir, Ankara bunu istəmir və əməliyyat öncəsi bütün şərtləri formalaşdırmağa çalışır. Türkiyənin əməliyyatda ilk hədəfi Tel Rıfat bölgəsidir və bu bölgənin terrorçulardan təmizlənməsi İran və Əsəd qüvvələrinin nəzarətindəki Hələbin şimaldan və qərbdən mühasirəyə düşməsi deməkdir. Türkiyə Tel Rıfat və Münbiçi nəzarətə götürməklə təkcə planlaşdırdığı “təhlükəsiz bölgəni” yaratmaq imkanını qazanmır, həm də Suriyanın şimalında Fəratın qərbindən Aralıq dənizinə qədərki ərazini nəzarətə götürür və bölgədə əlini gücləndirir. İran bunu istəmir. Hətta Türkiyəyə qarşı PYD/YPG terrorçuları ilə əməkdaşlığa gedəcəyi də istisna deyil. ABŞ və Rusiyanın müəyyən qədər geridə dayanması terrorçuların İrana və Əsəd rejiminə sığınmasına səbəb ola bilər. Türkiyə İranla razılaşmadan əməliyyata başlayarsa, terrorçular Tehrandan dəstək alacaqlar. Ərdoğan da məhz İranla bunu razılaşdırmaq, PYD\YPG terrorçularının tam dəstəksiz qalmasını təmin etmək niyyətindədir".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR