Onlayn ictimai-siyasi qəzet
Türkiyədəki Səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə milli mədəniyyətimiz, tariximiz, ədəbiyyatımız, Azərbaycan dilinin təbliği, habelə mədəni əlaqələrimizin daha da möhkəmləndirilməsi məqsədi ilə qardaş ölkənin bölgələrində tədbirlər və layihələr reallaşdırılmaqdadır.
Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi, Azərbaycanın Türkiyədəki Səfirliyi və Antalya Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin dəstəyi ilə cari il 29 - 31 avqust tarixlərində Türkiyənin tarixi və turizm bölgələri olan Marmaris və Antalya şəhərlərində “Azərbaycan mədəniyyəti və sənəti günü” tədbirlərinin keçirilməsi nəzərdə tutulub.
“Azərbaycan mədəniyyəti və sənəti günü” tədbirləri cari ilin 29 avqust tarixində ənənəvi olaraq Marmaris şəhərində açıq havada altı min nəfərlik qədim amfiteatr səhnəsində keçiriləcək “Elvedasız şarkılar” adlı möhtəşəm konsert proqramı ilə başlayacaqdır.
Konsert proqramında Azərbaycan və Türkiyə sənətçiləri birgə iştirak edəcək, hər iki ölkənin musiqiləri, rəqsləri təqdim ediləcəkdir.
Cari ilin 31 avqust tarixində “Azərbaycan mədəniyyəti və sənəti günü” tədbirlərinin davamı olaraq Antalya şəhərində Nazim Hikmət Mədəniyyət və Konqre Mərkəzində “Azərbaycanın təsviri sənəti” adlı sərgi reallaşdırılacaqdır.
Sərgidə Azərbaycandan “FR Collection” kolleksiyasına aid gətiriləcək qadın baş geyimi - tarixi kəlağayılar, milli geyimlərimiz nümayiş olunacaq, habelə Azərbaycan qadın rəssamlarının əsərlərindən ibarət sərgi tədbir iştirakçılarına təqdim olunacaqdır.
“Azərbaycan mədəniyyəti və sənəti günü” tədbirləri çərçivəsində Antalyada Azərbaycan incəsənət ustalarının iştirakı ilə geniş konsert proqramı təqdim olunacaqdır.
Konsert proqramında Azərbaycan və Özbəkistanın xalq artisti Gülyanaq Məmmədova, Azərbaycanın Əməkdar artistləri Ramil Qasımov, tarzən Sahib Paşazadə, gənc azərbaycanlı müğənnilər Aynur İsgəndərli, Vüsalə Əskərova milli misiqilərimizi, habelə Azərbaycan Mədəniyyət Mərkəzinin Azərbaycan Xalq Rəqsləri Ansamblı milli rəqslərimizi ifa edəcəklər.
Azərbaycan nümayəndə heyəti - incəsənət ustalarının Antaliya televiziya kanalının qonağı olacaq, Azərbaycan-Türkiyə qardaşlığına dair musiqili veriliş təşkil olunacaqdır.
Tədbirlər çərçivəsində Səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Antalyadakı Akdeniz Universitetində Azərbaycanşünaslıq Mərkəzinin təşkili məsələləri müzakirə olunacaq, Universitet kitabxanası, habelə Marmaris və Antalyanın aparıcı kitabxanalarına Azərbaycana dair nəşrlər hədiyyə olunacaqdır.
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ