Onlayn ictimai-siyasi qəzet
Türkiyənin ən böyük enerji şirkətlərindən biri olan Kazancı Holdinqdə ailədaxili böhran yaşanıb.
Musavat.com xəbər verir ki, holdinqin səhmdarlarından Mehmet Kazancı qardaşı, holdinqin İdarə Heyətinin sədri və Türkiyənin ikinci ən zəngin adamı olan Şaban Cəmil Kazancını şirkətin səhmlərini qanunsuz yollarla ələ keçirməkdə ittiham edib.
Gərginlik polis müdaxiləsinə qədər gedib çıxıb.
Aksa Enerji, Aksa Elektrik və Aksa Təbii Qaz kimi nəhəng şirkətləri özündə birləşdirən Kazancı Holdinq bu dəfə kommersiya uğurları ilə deyil, ailə münaqişəsi ilə gündəmə gəlib. Şirkətin ümumi yığıncağı zamanı qardaşlar arasında gərginlik yaranıb. İddiaya görə, mübahisə böyüdükdən sonra hadisə yerinə polis çağırılıb.
Ümumi yığıncaqdan sonra sosial mediada açıqlama yayan Mehmet Kazancı qardaşı Şaban Cəmil Kazancını atalarının – Alzheimer xəstəsi olan yaşlı ailə başçısının xəbəri olmadan səhmləri qanunsuz olaraq köçürməkdə ittiham edib.
"Şirkətin böyük hissəsi saxta köçürülmüş səhmlərlə idarə olunur. Bunun qarşılığında mənə pul təklif olunur",-deyə Mehmet Kazancı bildirib.
Açıqlamasında iddialarını bir qədər də irəli aparan Mehmet Kazancı, qardaşının ona "Məhkəməyə getsən də qazanmayacaqsan, hamısını alacam" dediyini bildirib. O, bu problemin artıq hüquqi çərçivədən çıxaraq ciddi ədalətsizlik halını aldığını qeyd edərək, Prezident Rəcəb Tayyib Ərdoğana müraciət edib:
"İllərdir bu döyüşü aparıram, amma indi istəyirəm ki, ictimaiyyət də bilsin. Cənab Prezident bu məsələdə tədbir görsə, çox şad olaram. Bu təkcə bir şirkət davası deyil, böyük bir ədalətsizlikdir".
Mehmet Kazancı həmçinin iddia olunan saxta sənədlərə görə məsul şəxslər barəsində cinayət işi açacağını da açıqlayıb:
"Çox böyük bir fırıldaqla qarşı-qarşıyayıq. Hüquqlarımı sonuna qədər müdafiə edəcəyəm".
Hadisədən sonra Kazancı Holdinq tərəfi hələlik rəsmi açıqlama yaymayıb. Məsələ ilə bağlı istintaqın başlanıb-başlanmadığı da qeyri-müəyyəndir.
Musavat.com
27 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ