Onlayn ictimai-siyasi qəzet
Türkiyənin xarici işlər naziri Hakan Fidan Çində səfərdə olarkən deyib ki, qardaş ölkə bu il ərzində BRICS-ə üzv olmaq niyyətindədir. Nazir qeyd edib ki, bu məsələ quruma üzv dövlətlərin xarici işlər nazirlərinin Rusiyanın Nijni-Novqorod şəhərindəki görüşündə müzakirə olunacaq. Hakan Fidan həmçinin BRICS ölkələrindən olan həmkarlarının Rusiyada keçiriləcək görüşündə iştirak etmək niyyətini açıqlayıb.
Nəzərə çatdıraq ki, Rusiya, Braziliya, Hindistan, Çin, Cənubi Afrika Respublikası, İran, Misir və Efiopiyanın da daxil olduğu BRICS 2009-cu ilin iyununda Rusiya, Braziliya, Hindistan və Çin tərəfindən təsis olunub.
Bu arada Rusiya Türkiyənin BRICS-ə marağını alqışlayıb. APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib. O, bu mövzunun BRICS-in sammitində müzakirə olunacağını söyləyib.
Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan ölkəsinin bu il ərzində BRICS-ə üzv olmaq niyyətində olduğunu bildirib. O qeyd edib ki, bu məsələ quruma üzv dövlətlərin xarici işlər nazirlərinin Rusiyanın Nijni-Novqorod şəhərindəki görüşündə müzakirə olunacaq. Hakan Fidan həmçinin BRICS ölkələrindən olan həmkarlarının Rusiyada keçiriləcək görüşündə iştirak etmək niyyətini açıqlayıb.
Türkiyənin BRICS-ə üzvlüyü kimə nə qazandıracaq? Hansı perspektivlər vəd edir?
Fikrət Yusifov: “Yeni birlik bu beşliyin qarşısında ciddi bir güc olacaq”
Sabiq maliyyə naziri, iqtisadi və siyasi məsələlər üzrə ekspert Fikrət Yusifov qardaş ölkənin bu qərarını alqışlayır: “Türkiyə NATO-ya üzv olsa da, biz artıq illərdir Türkiyə rəhbərliyinin bölgədə müstəqil siyasət yürütdüyünün şahidiyik. Bu sərbəstliyə görə zaman-zaman Qərbin ciddi basqıları ilə üzləşsə də, Türkiyə müstəqil siyasət yürütməkdə davam edir. Qardaş ölkənin mövqeyini başa düşmək lazımdır. Avropa İttifaqı uzun illər ərzində Türkiyənin bu birliyə qatılmasını əngəllədi. Hər dəfə bu məsələdə irəliyə doğru bir addım atıldıqdan sonra Avropanın başbilənləri Türkiyəmizin qarşısında yeni - həlli mümkün olmayan şərtlər qoydu. Bütün bu gedişlərdən iyrənən Türkiyə sonda bu məsələni birdəfəlik qapadıb öz yolunu tutdu. Bu yol nə qədər çətin olsa da böyük dövlətçilik tarixi olan qardaş Türkiyə üçün şərəfli yoldur. Bu gün Türkiyə dünyada bu şəkildə balanslaşdırılmış siyasət yürüdən azsaylı ölkələrdən biridir. Bu gün Türkiyə böyük Türk Dünyası Birliyi yaratmaq yolunda konkret addımlar atır. Bir dövlət kimi Qərbin təsirində olsaydı, Qərb Türkiyəyə bu addımları atmağa imkan verməzdi. İndi Qərb, sadəcə, bu prosesi izləmək zorundadır. Bu gün Türkiyə yalnız Türk dünyası ölkələrinin deyil, İslam aləminə daxil olan bütün ölkələrin himayədarı rolunu oynayır. Türkiyə İsrailin Qəzza bölgəsindəki qətliamlarına qarşı ən sərt mövqe sərgiləyən yeganə ölkədir.
Bir dövlət kimi öz fəaliyyətində bu qədər müstəqil olan Türkiyəmizin, istənilən məsələnin həllində islam aləminə, Türk dünyasına qarşı ikili standartlar sərgiləyən Avropa Birliyi kimi bir qurumdan imtina edib BRIKS-ə üz tutması tam yerində olan uğurlu siyasi qərardır. BRICS-in yaradılmasında məqsəd də Qərbin dünya hegemonluğuna son qoymaq idi. İndi bu təşkilatın Türkiyə kimi güclü və dünya siyasətində böyük nüfuz sahibi olan bir ölkənin hesabına genişlənməsi, təşkilatın gələcək fəaliyyətində böyük uğurlara imza atılması üçün zəmindir. Qardaş ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğanın sözləri ilə desək, dünya beşdən böyükdür. Yeni birlik bu beşliyin qarşısında ciddi bir güc olacaqdır".
Elşən Mustafayev: “Türkiyə BRICS-in əsas dövlətləri olan ÇİN və Rusiya üçün arzuolunan dövlətdir”
AMİP sədrinin beynəlxalq əlaqələr üzrə müavini Elşən Mustafayevin sözlərinə görə, Türkiyənin xarici işlər naziri Hakan Fidanın BRICS-ə qoşulmaqla bağlı Rusiyada keçiriləcək toplantıda üzv dövlətlərlə müzakirələr aparmaq niyyətini bildirməsi bir çox mətləblərdən xəbər verir: “Türkiyə uzun illər ərzində Avropa İttifaqı üzvlüyünə qəbul olunmaqla bağlı aktiv fəaliyyətdə olub. Keçən dövrlər ərzində bu istiqamətdə ümidlər verilsə də, sonda Aİ-yə üzv olan bir çox dövlətlər, qurumun rəsmiləri açıq şəkildə bu üzvlüyün reallaşmayacağı ilə bağlı bəyanatlar verməyə başlamışdılar. Eyni zamanda təmasların davam etdirilməsini də bildirirdilər. Belə absurd şəraitdən bezən Türkiyə bu ideyadan birdəfəlik əl çəkərək Aİ üzvlüyü ilə bağlı istəyindən imtina etdi. Əslində həmin vaxt Aİ Türkiyənin bu addımını gözləmirdi. Belə ki, onlar düşünürdülər ki, Türkiyəni mütəmadi sıxmaqla, onların üzərinə lazım olan tələbləri, öhdəlikləri qoymaqla daha çox istəklərinə nail olacaqlar. Üzvlük məsələsini nəhayətdə reallaşdırmayacaqlarını da bilirdilər. Hazırda bir çox Aİ ölkəsi Türkiyəyə olan yanaşmanın böyük yanlış olduğunu bildirirlər. Belə bir ortamda Türkiyənin BRICS-lə əməkdaşlığı, üzv olmaq istəyini bəyan etməsi hesab edirəm ki, Aİ-yə verilən bir cavabdır. Doğrudur, bu, zaman alan prosesdir, nəticədə üzvlüyün nə vaxt reallaşacağı da bəlli deyil. Əslində bu, Türkiyədən asılı olacaq. Amma əsas odur ki, Türkiyəyə qarşı dünyada kampaniya aparan güclər gözləmədikləri istiqamətdən zərbə alıblar. Üzvlük baş tutarsa, Türkiyə buradan itirməyəcək, əksinə, qazanacaq. Eyni zamanda nəzərə almaq lazımdır ki, BRICS iqtisadi birlikdir və bu birliyin verdiyi bütün üstünlüklərdən istifadə iqtisadi vəziyyətin daha da artmasına səbəb ola bilər. Nəzərə almaq lazımdır ki, bu qurumda dünyanın bütün istiqamətləri üzrə əsas xammal deposu kimi qəbul olunan Rusiya, texnoloji inqilabı ilə öndə olan, nəhəng iqtisadi nəticələr əldə etmiş Çin əsas söz sahibləridir. Bununla belə, qurum üzvlərinin üzərinə rəsmi olaraq siyasi istiqamətlər üzrə öhdəlik qoymur ki, bu da gələcəkdə siyasi anlaşılmazlıqların yaranmasının qarşısını alır. Əslində təşkilatın yaradıcıları istərdilər ki, onlar həm də siyasi cəhətdən birlik nümayiş etdirsinlər. Amma hələ ki buna nail ola bilməyiblər. Yəni qurumun üzvü olan Hindistan eyni zamanda Aİ ilə, Cənubi Amerika Respublikası isə ABŞ-la əlaqələrini davam etdirir. O səbəbdən hazırda Türkiyə BRICS-in əsas dövlətləri olan Çin və Rusiya üçün arzuolunan dövlətdir. Çünki bir çox siyasi məsələlərdə fikirləri üst-üstə düşür. Həmçinin Türkiyə mövcud reallıqları qiymətləndirərək müstəqilliyini və siyasi fəaliyyət azadlığını qorumaqla bu təşkilat vasitəsilə ciddi layihələr həyata keçirə bilər. Türkiyə hələ tam olaraq bu qərarı vermədiyindən prosesin nə şəkildə gedəcəyini indidən demək çətindir. Ola bilsin ki, bu danışıqlar və müzakirələr uzun müddət vaxt aparsın, yaxud Türkiyə hələlik tamhüquqlu yox, xüsusi statusda müşahidəçi üzv kimi olsun. İstənilən halda Türkiyənin regionun ən böyük güc mərkəzi olduğunu nəzərə alsaq, o bundan qazanacaq və BRICS ölkələri, xüsusilə Çin və Rusiya bu üzvlüyün marağında olacaq”.
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ