İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyənin 150 mindən çox xırda ixracatçısı Azərbaycana mal satıb

2024-cü ildə Türkiyədən Azərbaycana 65 ticarət-iqtisadi nümayəndə heyəti gəlib.

Musavat.com xəbər verir ki, bu məlumatı Türkiyənin Azərbaycandakı səfirliyinin baş ticarət müşaviri Yakub Sefer Türkiyə-Azərbaycan Media Platforması çərçivəsində iqtisadiyyat sahəsində fəaliyyət göstərən jurnalistlərlə Seranit Azərbaycan şirkətinin ofisində keçirilən görüşdə açıqlayıb.

Baş müşavir bildirib ki, hər heyətdə ən azı 30-40 nümayəndə olub. Ötən il Azərbaycanda müxtəlif sahələr üzrə keçirilən 14 böyük sərgidə Türkiyə şirkətləri iştirak ediblər.

Türkiyənin ən böyük onlayn ticarət platforması olan Trendyolun Azərbaycanda nümayəndəliyinin yaradılmasını xüsusi qeyd edən Y.Sefer bildirib ki, platforma ölkələr arasında ticarət əlaqələrin genişlənməsində xüsusi rol oynayır:

“2024-cü ildə 12 min böyük Türkiyə şirkəti Azərbaycana öz məhsullarını ixrac edib. Trendyol üzərindən isə 150 minə yaxın xırda ticarətçinin 290 milyon dollarlıq malları azərbaycanlı alıcılar tərəfindən alınıb. Azərbaycanla həmçinin xidmət ticarətində böyük irəliləyiş var. Bura təhsil, səhiyyə, turizm və sair xidmətlər daxildir. Hazırda Türkiyə universitetlərində doktorluq və magistrlik də daxil olmaqla, 40 min civarında Azərbaycan vətəndaşı təhsil alır. Türkiyədən eyni məqsədlə Azərbaycanda olanların sayı isə 5 mindən yuxarıdır. Türkiyə-Azərbaycan Universitetinin fəaliyyətə başlaması üçün işlər davam etdirilir. Ötən il Azərbaycandan xaricə gedişlərin sayı 1,6 milyon olub. Bunun yarıya qədəri Türkiyəyə reallaşıb. Gedişlərin məqsədi müxtəlifdir: sağlamlıq, işgüzar, turizm. Təxminən 100 min səfər tranzit xarakteri daşıyıb. Biz çalışırıq ki, ticarətin artması ilə yanaşı Azərbaycanda istehsal sahəsində də Türkiyə şirkətlərinin fəaliyyəti genişlənsin”.

Yakub Sefer qeyd edib ki, Azərbaycanın müvafiq dövlət qurumları ilə əməkdaşlıq genişləndirilir:

“İqtisadiyyat Nazirliyi, KOBİA, AZPROMO, Azİnvest və digərləri ilə”.

Baş ticarət müşaviri işğaldan azad olunan ərazilərdə işləyən Türkiyə şirkətlərindən də bəhs edib:

“Hazırda işğaldan azad olunan ərazilərdə 17-18 Türkiyə şirkəti 60-a yaxın layihədə çalışır”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR