Onlayn ictimai-siyasi qəzet
Dünən Serbiya yığmasını məğlub edən voleybol üzrə Türkiyə milli komandası tarixində ilk dəfə Avropa çempionu oldu.
"Fənərbağça" forması geyinən milli üzvü Melissa Varqas sərgilədiyi performansla gündəmi zəbt edib. 23 yaşlı voleybolçu final qarşılaşmasında 41 xal toplayaraq, oyunun ən yaxşısı adına layiq görülüb.
İsveçlə oyunda 112 km/saat sürətə çatan və Tiyana Boşkoviçin ən sürətli servis rekordunu qıran Varqas kimdir? Hər oyunda adından söz etdirən voleybolçu necə milliləşdirildi? Avropa çempionatında ulduzu parlayan Melissa barədə maraqlı faktları təqdim edirik…
Bütün dünyanın onu istədiyi zamanda vətənindən rədd cavabı alan Melissa Varqas...
16 oktyabr 1999-cu ildə Kubada dünyaya gələn Melissa Varqas 8 yaşında voleybola başlayıb. Orta məktəb illərində "Cienfuegos Cuba" komandası ilə məşqlərə başlayan Varqas 12 yaşında aşağı yaş qrupları üzrə Kuba milli komandasına dəvət alıb. U-12 komandasındakı çıxışları ilə diqqət çəkən Varqas 14 yaşına çatanda bütün Kuba tərəfindən “Kubanın gələcəyi” adlandırılırdı.
Melissa öz ölkəsində qəhrəman kimi görünsə də, onun dünyaya açılmasının qarşısında bəzi maneələr vardı. Belə ki, Kubanın sərt qaydalarına görə, Melissa Varqas istədiyi komandalarla görüşə bilmirdi. Buna baxmayaraq, ölkəsinin icazə verdiyi Çexiya, Rusiya və Polşa kimi ölkələrlə transfer danışıqları aparmağı bacarmışdı.
2016-17 mövsümündə Kubanı tərk edən Varqas Çexiyanın “Agel Prostejova” klubuna transfer olundu. Bu kluba transferdən sonra istedadlı voleybolçunun həyatı kökündən dəyişdi. Melissa 16 yaşında Türkiyənin “Eczacıbaşı” klubuna qarşı oyunda komandası adına 32 xal yazdıraraq, Türkiyədə diqqətlərini üzərinə çəkdi.
O dönəm karyerasını Çexiyada davam etdirən Varqas zədələndiyi üçün ölkəsinə qayıtdı. Voleybolçu Kuba dövlətinin təklif etdiyi şərtlərlə razılaşmayaraq, özəl klinikalardan birində müalicə olunmaq istədi. Bununla da Melissa və Kuba arasında uçurumun əsası qoyuldu. Dövlət şərtlərini bəyənməməsi səbəbilə Kuba Federasiyası 2017-ci ildə Varqası “ölkəsinə qarşı təhqiramiz və intizamsız davranışlar” maddəsi ilə günahlandıraraq 4 il milli komandadan uzaqlaşdırdı.
Ölkəsinin bu ədalətsiz münasibəti Melissanın voleybol sevgisinə təsir göstərmədi. Parlayan ulduz İsveçrə klublarından biri olan "Volero Sürix"ə transfer olundu.
Kubanın ona qarşı münasibəti və bundan sonra baş verən proseslərlə bağlı “Peşman deyiləm, dünyanın ən yaxşı voleybolçusu olmaq istəyirəm” deyən Melissa Varqas daha sonra “Fənərbağça Opet”ə keçid etdi.
"Fənərbağça"ya gəldiyi ilk andan azarkeşlərin sevimlisinə çevrilən Melissa Serbiya millisinin baş məşqçisi Zoran Terziçinin də radarına düşdü. Uzun cəhdlərdən sonra Varqas Serbiya vətəndaşı olsa da, Beynəlxalq Voleybol Federasiyası Kubanın icazəsi olmadığı üçün onun Serbiya millisində oynamasına icazə vermədi.
Serbiyanın milliləşdirməni reallaşdırmağa çalışdığı və rəsmi işlərin, demək olar ki, yekunlaşmaq üzrə olduğu bir zamanda məsələyə prezident Rəcəb Tayyib Ərdoğan müdaxilə etdi. Ərdoğan, o zamankı Xarici İşlər Naziri Mövlud Çavuşoğlu və Voleybol Federasiyasının prezidenti Mehmet Akif Üstündağın səyləri nəticəsində Melissa Varqas Türkiyə milli komandasına cəlb olundu. 2021-ci ildə Türkiyə vətəndaşlığı alan Varqasa 10 aprel tarixində Rəcəb Tayyib Ərdoğan tərəfindən şəxsiyyət vəsiqəsi təqdim olundu.
Türk vətəndaşlığına keçdiyi zaman voleybolçu ilk olaraq Melissa olan adını türkcələşdirərək, Melisa edib.
Türkiyə Voleybol Federasiyasının prezidenti Mehmet Akif Üstündağ həmin prosesi bu sözlərlə izah edib: "Uzun müddətdir məşğul olduğumuz bir məsələ idi. Ölkəmizdə uğurlu çıxış edən Melissa Varqas 2018-ci ildə vətəndaşlığımıza qəbul edildi. Türk voleyboluna və türk idmanına xeyirli olsun”.
Türkiyə vətəndaşı olan Melissa Varqas meydandakı uğurları ilə yanaşı, meydandan kənarda pozitivliyi ilə seçilir. M.A.Üstündağa hörmətlə yanaşan Varqas bu səbəbdən məmləkətinin həmişə Malatya olduğunu deyir, sosial şəbəkədə “Əvvəlcə əriklər diyarı Malatyadan salamlar” deyərək insanların üzünə gülüş qondurur./Offsideplus.az
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ