Onlayn ictimai-siyasi qəzet
Türkiyə Səlahiyyətli Qurumlar və Mübadilə Şöbələri Assosiasiyasının rəhbəri Mehdi Şeren saxta dollarların ölkəni bürüməsi ilə bağlı xəbərlərə aydınlıq gətirib. O bildirib ki, yayılan məlumatlar reallığı əks etdirmir və cəmiyyətdə çaxnaşmanı artırmaq üçün yayılıb.
“Sosial şəbəkələrdə bazarda 600 milyon dollar, hətta bir milyard saxta dollar olması ilə bağlı xəbərlər tamamilə əsassızdır və dezinformasiya məqsədilə yayılır. Biz bazarda 600 milyon dollar bir yana, min saxta dollar belə tapa bilmədik”, - deyə Şeren bildirib.
Assosiasiya rəhbəri qeyd edib ki, son bir həftə ərzində cəmi iki saxta əsginas aşkar edilib. Onun sözlərinə görə, əsginaslar hər gün valyuta və qızıl alverinin çox aktiv olduğu İstanbuldakı “Qapalı bazar”dakı valyutadəyişmə məntəqələrində tapılıb.
"Ölkəmizin iqtisadiyyatı ilə bağlı ciddi dezinformasiya kampaniyası gedir. Bu isə panika mühiti yaratmaq üçün edilir".
Şeren əlavə edib ki, əsginas sayan qurğular saxta pulları aşkar etməyə qadirdir. Assosiasiya Türkiyənin bütün vilayətlərindəki valyutadəyişmə məntəqələri ilə əlaqə saxlayıb və saxta pulların aşkarlanması ilə bağlı məlumat vermələrini istəyib. Onun sözlərinə görə, bununla bağlı bir dənə də olsun cavab gəlməyib.
Bir neçə gün əvvəl Türkiyə mətbuatı ölkəyə çoxlu sayda saxta dolların gətirildiyi barədə aktiv şəkildə xəbərlər yaymağa başlayıb. Bunlar əsasən əvvəlki modelin 50 və 100 dollarlıq əsginaslarıdır. Bildirilib ki, saxta malların əsas hissəsi Suriya, İran və Balkan ölkələrindən Türkiyəyə gətirilib. “Ekonomim” qəzetinin məlumatına görə, saxta valyuta ilə bağlı ilk əməliyyat Suriya ilə həmsərhəd Qaziantep şəhərində həyata keçirilib və saxta dollarlar turizm məkanı Antalya, İzmir, İstanbul və Ankarada da aşkarlanıb.
Yaranmış vəziyyətlə əlaqədar valyutadəyişmə məntəqələri bu əsginaslarla əməliyyatları dayandırıb, pulların sayılması və yoxlanılması üçün cihazların proqram təminatının yenilənməsinə başlayıb. Banklarda da oxşar tədbirlər görülüb.
Türkiyə Mərkəzi Bankı respublikada saxta valyutanın dövriyyəsinin qarşısını almaq üçün bir sıra tədbirlər gördüyünü və bununla bağlı müvafiq araşdırmalar aparan hüquq-mühafizə orqanları ilə koordinasiyada olduğunu bildirib.
O da qeyd edilib ki, İstanbul prokurorluğu saxta pulların Türkiyəyə axını ilə bağlı mediada məlumatların yayılması ilə əlaqədar araşdırmalara başlayıb.
Şahanə Rəhimli
Musavat.com
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ