Onlayn ictimai-siyasi qəzet
2024-cü ilin üçüncü rübündə Türkiyədə illik iqtisadi artım 2,1 faiz təşkil edib.
Musavat.com ölkənin statistika qurumunun məlumatına istinadən xəbər verir ki, bu, 2,4 faizlik artım qeydə alınan ikinci rüblə müqayisədə geriləmədir.
Eyni zamanda bu, Türkiyənin koronavirus pandemiyasının zirvəsində ÜDM-də azalma qeydə aldığı 2020-ci ilin ikinci rübündən bəri ən pis göstəricidir.
"Trading Economics" analitikləri iyul-sentyabr aylarında orta hesabla 2,6 faiz artım proqnozlaşdırırdılar.
Ötən rübdə Türkiyədə istehlak xərcləri 3,1 faiz artıb. Bununla yanaşı, dövlət xərcləri 0,9 faiz azalıb, biznes investisiyaları isə 0,8 faiz azalaraq iki ildə ilk dəfə mənfi dinamika qeydə alıb.
İyul-sentyabr aylarında ixrac cəmi 0,8 faiz artıb, idxal 9,6 faiz azalıb.
Üçüncü rübdə Türkiyənin ÜDM-i əvvəlki üç ayla müqayisədə 0,2 faiz azalıb. Aprel-iyun aylarında yenidən işlənmiş məlumatlara əsasən, 0,2 faiz azalma da qeydə alınıb, əvvəl 0,1 faiz artım olduğu elan edilmişdi.
Türkiyə iqtisadiyyatı 2018-ci ildən bəri rüblük əsasda ardıcıl iki rüb daralmamışdı.
Musavat.com
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ