Onlayn ictimai-siyasi qəzet
Afrikanın Şərqində yerləşən Somali yenidən beynəlxalq diqqət mərkəzinə düşüb.
Musavat.com xəbər verir ki, Türkiyə bu ölkədəki mövcud hərbi iştirakını genişləndirmək üçün Somaliyə əlavə helikopterlər və zirehli texnika göndərib. Sosial şəbəkələrdə yayılan görüntülərdə Türkiyə Silahlı Qüvvələrinə məxsus helikopterlərin və xüsusi zirehli maşınların Somali ərazisinə çatdırılması aydın görünür.
Türkiyə 2017-ci ildən Mogadişuda yerləşən hərbi bazası vasitəsilə Somali əsgərlərinə təlim keçir və terror təhlükəsinə qarşı mübarizədə hökumət qüvvələrinə dəstək verir. Xüsusilə Əl-Şəbab qruplaşmasının bölgədə fəallığını artırdığı bir vaxtda Ankaranın bu addımı Somalinin təhlükəsizliyinin təmin edilməsinə yönəlmiş mühüm strategiya kimi qiymətləndirilir.
Bundan əlavə, ekspertlər hesab edirlər ki, Türkiyənin Somali ilə hərbi əməkdaşlığı yalnız terrorizmə qarşı mübarizə ilə məhdudlaşmır. Somali sahillərindəki böyük təbii qaz ehtiyatları və Qırmızı dənizdən Hind okeanına çıxan mühüm nəqliyyat yolları Ankaranın enerji və ticarət baxımından da bu ölkəyə marağını artırır.
Beləliklə, Türkiyə həm dost və qardaş ölkə Somali ilə əlaqələrini möhkəmləndirir, həm də Afrikada strateji mövqelərini genişləndirir. Bu prosesin yaxın dövrlərdə daha geniş miqyas alacağı və yeni birgə layihələrin gündəmə gələcəyi gözlənilir.
Musavat.com
30 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ