Onlayn ictimai-siyasi qəzet
Rusiyalı və Azərbaycanlı politoloqlardan ilginc proqnoz
“Türkiyə xarici işlər naziri Hakan Fidanın BRİKS-lə bağlı açıqlaması tarixi, faktiki olaraq dönüş anıdır”. Bunu Rusiyalı ultra-mühafizəkar filosof və “Rus dünyası”nın ideoloqu, avrasiyaçı Aleksandr Duqin deyib (Axar.az).
“Bu oriyentasiya ilə Türkiyə müstəqilliyini gücləndirəcək. Bütün çətinliklərə baxmayaraq, Türkiyə müxtəlif qütblər arasında tarazlığı qoruyub saxlaya bildi. Ancaq bir adam eyni anda iki stulda otura bilməz. Türkiyənin balans siyasəti bu şəkildə davam edə bilməz. Türkiyə yolayrıcına yaxınlaşır”, - Duqin bildirib.
Onun sözlərinə görə, Türkiyənin BRİKS üzvlüyü onun NATO-dan çıxmasına gətirib çıxaracaq.
Qeyd edək ki, Türkiyə xarici işlər naziri Hakan Fidan Ankaranın BRİKS-ə üzv olmaq üçün müraciət etdiyini bildirmişdi.
Duqin haqlımı? BRİKS-ə qoşulmaq Türkiyənin NATO-dan ayrılmasını sürətləndirə bilərmi? Qardaş ölkə həqiqətənmi yolayrıcına (Qərblə Rusiya-Çin arasında) seçimə yaxınlaşıb? Azərbaycana mümkün təsirləri nə ola bilər?
Anar Əliyev
Politoloq Anar Əliyev “Yeni Müsavat”a bildirdi ki, Türkiyə xarici işlər naziri Hakan Fidan təmsil etdiyi ölkəni BRİKS-ə üzv olmaq istəyi və təşkilata üzv dövlətlərin bu istəyə isti münasibətilə bağlı fikir açıqlayıb. Bu, Türkiyə üçün çox ciddi perspektivlər və gələcək inkişaf, xüsusilə də iqtisadi sahədə böyük əməkdaşlıq perspektivləri vəd edən platformadır. Türkiyənin üzünə böyük qapıların açılması imkanlarıdır: “Hesab edirəm ki, Türkiyənin BRİKS-ə üzv olmaqla bağlı mövqeyi həm də Avropa İttifaqı ilə bağlı yaranmış qeyri-müəyyən və qeyri-ciddi mövcud vəziyyətə alternativdir. Çünki 1999-cu ildən Türkiyə Avropa İttifaqına qoşulmaqla bağlı müraciət etsə də ötən 25 il ərzində Türkiyə qarşısında kifayət qədər süni maneələr yaratmaqla məqsədli şəkildə Türkiyənin bu birliyə üzvlüyünə maneələr yaradılıb. Türkiyəyə ayrı-seçkilik hər zaman özünü göstərib. Bu bir daha türk müsəlman dövlətinin xristian ittifaqında-Avropa İttifaqında xoş qarşılanmadığını nümayiş elətdirir. Hesab edirəm ki, son dövrlər Türkiyənin Avropa İttifaqına ciddi alternativə, rəqibə çevrilmiş BRİKS təşkilatına üzvlüklə bağlı mövqe ortaya qoyması nəhayət ki, Türkiyənin düzgün seçim etdiyini, qəbul edilməyən yerdə olmağa cəhd etməkdənsə daha böyük potensiala sahib tərəfdaşlarla əməkdaşlığı özündə əks elətdirən birliyə qoşulmaq daha böyük nəticələr doğuracaq”.
Politoloq qeyd etdi ki, eyni zamanda BRİKS-ə üzv dövlətlərin həm Rusiya, ÇİN, Brazilya, Hindistan və Cənubi Afrika Respublikasının Türkiyəyə münasibəti, Türkiyənin bu təşkilata üzvlüyünə yanaşması çox müsbətdir. Dünyanın işlənməmiş təbii sərvətlərinin təxminən 60 faizə yaxınını, dünya əhalisinin 40 faizdən çoxunu özündə birləşdirən, dünya iqtisadiyyatının 40 faizdən çoxunu təşkil edən dövlətlərin birləşdiyi bu təşkilat Türkiyənin iqtisadi gücünü daha da artırmış olacaq: “Amma maraqlıdır ki, Türkiyənin BRİKS-ə qoşulacağı ilə bağlı mövqeyi qətiləşdikdən sonra yaxın müddət ərzində, xüsusilə bu il Türkiyənin oraya üzv olma şansları artdıqca bəzi dairələrdə Türkiyənin seçim qarşısında, yol ayrıcında olduğu, Qərblə Rusiya Çin arasında seçim etmək məcburiyyətində qaldığı ilə bağlı mövqelər sərgilənir. Xüsusilə də NATO-ya alternativ kimi BRİKS qiymətləndirilir. Hesab edirəm ki, BRİKS heç bir halda NATO-ya alternativ deyil. Çünki NATO-dan fərqli olaraq BRİKS hərbi blok deyil, dövlətlərin daxili işlərinə müdaxilə etmədən, siyasi proseslərə qarışmadan daha çox iqtisadi əməkdaşlığı özündə əks etdirən təşkilatdır. Amma təbii ki, BRİKS daha çox Rusiya və Çinin, müəyyən mənada Hindistanın nəzarəti altında olan, daha çox onların iqtisadi maraqlarına xidmət eləyən bir birlik olduğu üçün Türkiyənin iqtisadi yönünün Qərbdən daha çox bu təşkilata və bu təşkilatın üzvlərinə istiqamətləndiyini qeyd edə bilərik. Bunun isə təbii ki, Qərb tərəfdaşları arasında xoş qarşılanmayacağı əvvəlcədən məlum idi”.
A.Əliyev deyib ki, Türkiyə üzərinə düşən məsuliyyəti, xüsusilə də tərəfdaş məsuliyyətini hər zaman çox ciddiyyətlə yerinə yetirməyə çalışıb. Amma təəssüf ki, Qərb müttəfiqləri, NATO müttəfiqləri Türkiyəyə münasibətdə hər zaman ikinci növ dövlət gözü ilə baxıblar: “Türkiyəni bir sıra hallarda yalnız öz maraqları üçün alət kimi görüblər. Türkiyənin milli təhlükəsizliyi üçün çox ciddi problemlər kimi qiymətləndirilən terror təşkilatlarına münasibətdə nəinki bütövlükdə Qərb, hətta konkret olaraq NATO müttəfiqləri belə, həmin terror təşkilatlarına dəstək veriblər. Bununla da Türkiyə üçün ciddi təhdidlər formalaşdırıblar. Təəssüf ki, bu prosesin başında dayanan güclərdən birincisi ABŞ-dır. Ona görə də Türkiyənin nəhayət milli maraqlardan çıxış edərək Qərbin əlinin altında alət olmaqdan xilas olmaq istiqamətindəki addımları Qərbdə hansı reaksiya doğurmasından asılı olmayaraq çox düzgündür. Türkiyənin BRİKS-ə bərabərhüquqlu üzv seçilməsi bu gün Türkiyə iqtisadiyyatına, milli valyutasına qarşı həyata keçirilən xain hücumlardan sığortalanmaq üçün də ciddi bir iqtisadi alətə çevrilə bilər. Bu, həm də Türkiyənin nüfuzuna təsir etmiş olar”.
Politoloqun sözlərinə görə, təbii ki, Türkiyə güclənəcəksə bu, Azərbaycanın da gücü deməkdir. Türkiyəyə təhdidlər azalacaqsa və ya Türkiyə iqtisadiyyatına Qərbdən gələn təhdidlərə qarşı immunitet güclənəcəksə bu, həm də Azərbaycanın gücünün artması deməkdir.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ