Onlayn ictimai-siyasi qəzet
Münasibətlərindəki soyuqlaşma layihə ilə bağlı işlərin yaxınmüddətli dövrdə başlanmasını mümkünsüz edir; Moskva Avropa və Ankaraya öz şərtlərini diqtə etmək üçün...
Yaxın Şərqdə davam edən faciəvi olaylar təəssüf ki, Azərbaycanın iki strateji müttəfiqini - qardaş Türkiyə və dost İsraili təzədən əks cəbhələrə ayırıb. Artıq İsrailin qardaş ölkədəki səfiri və bütün diplomatik korpus öz ölkəsinə dönüb. Ərdoğan hökuməti isə rəsmi Təl-Əvivə qarşı getdikcə daha sərt mövqe sərgiləməkdədir: Türkiyə iki ölkə arasında bütün enerji müqavilələrini dayandırıb, prezident Ərdoğanın, energetika naziri Alparslan Bayraktarın İsrailə səfərləri ləğv olunub.
Ankaradakı diplomatik mənbələrdən Rusiya mətbuatına bildirilib ki, Türkiyə İsraillə münasibətləri geri dönüşü olmayan həddə gətirmək niyyətində deyil. Qeyd olunub ki, son zamanlar Türkiyə ilə İsrail arasında münasibətlərin normallaşması prosesi gedir: “Müxtəlif sahələrdə, o cümlədən enerji sektorunda qarşılıqlı addımlar atılır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İsrailə səfərinə hazırlıq gedirdi. Yəni Türkiyənin İsraillə münasibətləri geri dönüşü olmayan səviyyəyə gətirmək məqsədi yoxdur. Ankara bir daha İsrail rəhbərliyini ehtiyatlı olmağa və danışıqlara çağırır”.
Qeyd edək ki, İsraillə Türkiyənin münasibətlərində yenidən gərginliyin yaranması ilk növbədə Rusiyanın mənafeyinə cavab verir. Çünki Avropanın almadığı qaz həcmlərini Asiyaya, xüsusilə də Çinə sata bilməyən Rusiya getdikcə daha çox Türkiyəyə möhtac olur. Bu möhtaclıq iki faktorla bağlıdır: qardaş ölkə ərazisində yaradılmaqda olan qaz habı, həmçinin Türkiyə üzərindən Cənubi Avropaya qaz nəqli. Ukrayna mövcud müqavilənin bitdiyi 2024-cü ilin dekabrından sonra öz ərazisindən Rusiya qazının nəqlinə imkan verməyəcəyini rəsmi şəkildə bütün tərəflərə çatdırıb. Bu isə o deməkdir ki, Rusiya Avropaya qaz nəqlində yalnız Türkiyədən asılı olacaq. Qaz habı yaradıldıqdan sonra Rusiyanın Avropada müştəri tapmaqda da Türkiyədən asılılığı formalaşacaq. Bu şəraitdə Rusiya qaz habının işləməsi üçün zəruri olan qaz təminatında Türkiyənin məhz ondan asılı olmasında maraqlıdır. Hazırda Türkiyədə yaradılacaq mərkəzə mövcud kəmərlər şəbəkəsində qısamüddətli genişləndirmə yolu ilə Rusiya, Azərbaycan və İrandan ildə 70 milyard kubmetrə yaxın qaz ötürülməsi potensialı var. Gələcək pespektivdə də daha 32 milyard kubmetr qazın İsraildən çatdırılması mümkündür.
İsrail qazının Türkiyə üzərindən Avropaya çatdırılması layihəsi ilə bağlı ilk danışıqlar 2015-ci ildən başlanıb. 2016-cı ildə iki ölkə Aralıq dənizinin dibi ilə Türkiyəyə boru xəttinin çəkilməsi barədə razılığa gəlib, hətta layihələndirmə işlərini həyata keçirmək üçün işçi qrup da yaradılıb. Lakin sonradan münasibətlərdə radikal soyuqlaşma baş verdiyinə görə layihə kənara qoyuldu.
Aralıq dənizinin İsrail sahillərində qaz axtarışları üzrə ilk nəticələr 2009-cu ildə əldə olunub - ehtiyatlarının həcmi 280 milyard kubmetr hesablanan “Tamar” qaz yatağı kəşf olunub. Daha sonra yenə İsrail tərəfindən 620 milyadr kubmetrlik ethiyatı olan “Leviafan” yatağı açılıb. Daha sonra Şərqi Aralıq dənizinin Misir, Kipr (“Afrodita” yatağı) sahillərində böyük yataqlar aşkarlanıb. 2020-ci ildə Afinada İsrail, Yunanıstan və Cənubi Kipr arasında İsrailin “Leviafan”, Yunan Kiprinin “Afrodita” yataqlarının qazını Avropaya çatdıracaq Şərqi Aralıq dənizi qaz boru xəttinin (EastMed pipeline) tikintisi haqqında saziş imzalanıb. Ötən müddət ərzində hər 3 tərəf sazişi ratifikasiya edib, layihənin texniki-iqtisadi əsaslandırılması işlərinə başlanıb.
Avropa İttifaqı layihənin texniki-iqtisadi əsaslandırmasının hazırlanması üçün 34,5 milyon avro ayırıb, onu özü üçün maraq dairəsində olan layihə elan edib. Bu isə o deməkdir ki, çəkiləcək kəmər Avropa Komissiyasının 3-cü enerji pasketinin təsir dairəsinə düşməyəcək. Bundan əlavə, ABŞ da layihəni dəstəkləyib. Hətta Afinadakı imzalanma mərasiminə ABŞ-ın o vaxtkı dövlət katibi Mayk Pompeo da qatılmışdı. Beləliklə, həm Avropa İttifaqının, həm də ABŞ-ın dəstəyini alan “EastMed pipeline” İsrailin “Leviafan” və Kiprin “Afrodita” yataqlarından qazın Kipr adası və Kritdən Yunanıstanın materik hissəsinə, oradan isə İtaliyaya qədər çatdırılmasını nəzərdə tutur. Uzunluğu 1900 kilometr olan qaz kəmərinin 1300 kilometri dənizin altından, 600 km-i isə qurudan keçməlidir. Layihənin ümumi dəyəri 7 milyard dollar hesablanır. Lakin əksər analitik mərkəzlər bu məbləğin 9 milyard dollara qədər artacağını gözləyirlər. 2025-2026-cı illərdə istifadəyə verilməsi nəzərdə tutulan kəmərin illik layihə ötürücülük gücü 10 milyard kubmetr olacaq. Türkiyə Kiprə məxsus sərvətlərdən Şimali Kiprin də bəhrələnmək hüququnun olduğunu bəyan edərək, sazişdə bu hüququn təsbit olunmadığına görə ona qarşı çıxıb. Rəsmi Ankara dəfələrlə bəyan edib ki, Şimali Kiprin maraqlarının təmin olunmadığı müddətdə kəmərin çəkilməsinə imkan verməyəcək.
Ötən il Liviya ilə Türkiyə arasında əldə edilən razılaşmaya əsasən kəmərin keçəcəyi ərazinin bir hissəsi - Kipr adasının Şərq akvatoriyası Türkiyənin müstəsna iqtisadi ərazisi hesab olunur. Bu isə o deməkdir ki, həm layihənin iştirakçıları, həm də əsas dəstəkçisi olan Avropa Birliyi və ABŞ Ankara ilə hesablaşmalı olacaqlar. Artıq ABŞ-ın layihəyə verdiyi dəstəyi geri çəkdiyi və bunu məhz Türkiyənin etirazlarına görə etdiyinə dair məlumat da yayılıb.
2022-ci ildə İsrailin qaz hasilatı rekord həcmə - 21,9 milyard kubmetrə çatıb. Bu həcmin 12,7 milyard kubmetri 3 faizlik artım nümayiş etdirən daxili tələbatın ödənməsinə, 9,2 milyard kubmetri isə 29 faiz artım qeydə alınan ixraca yönəldilib. İsrailin 2022-ci ilin oktyabrında Aralıq dənizində yerləşən Kariş və Kana yataqları ilə bağlı Livanla razılığa gəlməsindən sonra ölkənin ixrac potensialı illik 45 milyard kubmetrə qədər artacaq. Ölkə Misir və İordaniyaya da qaz satır, lakin bu həcmlər də ixrac potensialını tam reallaşdırmaq üçün yetərli deyil. İsrail qaz ixracını mümkün qədər artırmağa çalışır. Bu zaman əsas alıcı qismində, əlbəttə ki, Avropa İttifaqı çıxış edir. 2022-ci ilin iyununda Avropa Komissiyası Qahirədə İsrail və Misirlə qaz idxalına dair razılaşma imzalayıb. Razılaşmaya əsasən, İsrail qazı Misirdəki zavodlarda sıxılacaq, daha sonra maye şəklində tankerlərlə Avropaya ixrac olunacaq. Əvəzində Avropa İttifaqı İsrailə hasilatı artırmaq üçün kəşfiyyat və hasilat işlərində, Misirə isə sıxılmış qaz istehsalı infrastrukturunu genişləndirmək üçün kömək edəcək.
Bu ilin iyununda İsraildə yeni qaz yatağı kəşf edilib. Yeni yataq hasilat aparılan “Kariş” və “Tanin” yataqları arasında yerləşir. Onun çıxarılabilən qaz ehtiyatları 68 milyard kubmetr həcmində hesablanır. “Katlan” adlandırılan yataqda hasilat işləri üçün “Kariş”dəki infrastrukturdan istifadə olunacaq.
Beləliklə, rahatlıqla söyləmək olar ki, İsrailin qaz ixracı potensialı yeni yataqlar hesabına bir neçə dəfə artmaqla ölkəni Avropa İttifaqı kimi əlverişli bazara səmərəli çıxış yolu tapmağa vadar edir. Mümkün variantlar arasında ən səmərəlisi isə məhz Türkiyə üzərindən çəkiləcək kəmər olar bilər. Bu qaz kəmərinin uzunluğu 500-550 kilometr, ötürücülük gücü 32 milyard kubmetr, dəyəri isə 1,5 milyard avro həcmində hesablanır. İlkin dəyəri 7 milyard dollar hesablanan “EastMed” 10 milyard kubmetrlik ötürücülük gücü ilə onunla rəqabət aparmaq imkanında deyil.
Bütün bunlar İsraillə Türkiyənin birgə qaz kəməri layihəsinin həyata keçirilməsini zəruri edir. Hər iki ölkə bunu anlayır və əldə edəcəkləri dvidentləri qiymətləndirir. Buna görə də hələ 2022-ci ilin martında - İsrail prezidenti İshaq Herzoq Ankaraya səfər edərkən tərəflərin layihə ilə bağlı müzakirələri yenidən başlatdığına dair məlumatlar yayılıb. O zaman “Reuters” hər iki ölkənin hökumətindəki mənbələrə istinadən layihə ilə bağlı konkret qərarların - kəmərin marşrutu, iştirakçılar və sair, - yaxın dövrdə qəbul ediləcəyini yazmışdı.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dəfələrlə qeyd edib ki, Şərqi Aralıq dənizi hövzəsindən çıxarılan qazın öz ölkəsinin ərazisindən Avropaya nəqlini nəzərdə tutan layihənin perspektivi kifayət qədər yüksəkdir.
Yay aylarında İsrail baş naziri Benyamin Netanyahunun Ankaraya səfəri səhhətindəki problemlərə görə mümkün olmadı. Sentyabrın 20-də o, Ərdoğanla BMT sessiyasının keçirildiyi Nyu-York şəhərində yerləşən “Türk Evi”ndə görüşüb. Görüşdə qarşılıqlı iqtisadi əlaqələr müzakirə olunub. Daha sonra verilən açıqlamalarda tezliklə R.T.Ərdoğanın İsrailə səfər edəcəyi bildirilib. Səfərin Türkiyədə Cümhuriyyətin 100 illiyi ərəfəsində baş tutacağı gözlənilirdi, hər iki tərəfdə hazırlıqlar aparılırdı. Gözləntilər arasında İsrail qazının Türkiyə üzərindən Avropaya nəqli layihəsi üzrə konkret sənədin imzalanması da vardı. Türkiyənin energetika nazirinin İsrailə gözlənilən səfəri məhz dövlət başçıları arasında imzalanması nəzərdə tutulan müvafiq sazişin detallarının işlənməsi, son razılaşdırmaların aparılması məqsədi daşıyırdı.
Türkiyə-İsrail münasibətlərindəki soyuqlaşma layihə ilə bağlı işlərin yaxınmüddətli dövrdə başlanmasını mümkünsüz edir. Bu isə Rusiyaya Türkiyədə yaradılacaq qaz habında öz şərtlərini diqtə etmək üçün ciddi rıçaq verir. Belə ki, yayılan məlumatlara görə, Rusiya qaz habında idarəetmənin öz şirkətlərində olmasında təkid etdiyinə görə tərəflər konkret addımlar ata bilmirlər. Bu prosesdə qaz mənbələrinin çoxluğu Türkiyə üçün Moskvadan asılılığı azaltmaq, təzyiqlərə davam gətirmək imkanı yaradan başlıca amildir.
Dünya SAKİT,
“Yeni Müsavat”
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ