Onlayn ictimai-siyasi qəzet
Bu gün Azərbaycan mediasında xəbər yayılıb ki, Türkiyə dövləti hava məkanını açmadığı üçün İsrail prezidenti COP29 tədbirində iştirak etmək üçün Bakıya gələ bilməyib. Bu xəbəri hələlik rəsmi mənbələr təsdiqləməsələr də, o qədər də mübahisə doğurmayıb. Çünki son bir ildə Türkiyə-İsrail münasibətləri son həddə qədər yenidən pisləşib.
Bu həftə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərlə söhbətində Türkiyə və İsrail hökumətləri arasında əlaqələrin dayandığını bildirib. Sitat: “Biz Türkiyə dövləti və hökuməti olaraq İsraillə əlaqələrimizi kəsdik. Hazırda bizim İsraillə heç bir əlaqəmiz yoxdur.”
Bu ilin mayında isə Ərdoğan Türkiyə və İsrail arasında ticarət əlaqələrinin dayandığı haqda açıqlama verib. Ancaq buna rəğmən Türkiyədə həm müxalifət düşərgəsindən, həm də əsasən dindar kəsimdən İsraillə əlaqələr məsələsində Ərdoğan hökumətinə ciddi təzyiq var. Bu barədə bir qədər sonra.
SAVAŞ KİMİ MÜNAQİŞƏ - YAXIN TARİX
Əvvəlcə onu deyək ki, Türkiyə-İsrail münasibətləri son 20 ildə o qədər də hamar olmayıb. Xüsusən də 2010-cu il mayın 31-də Türkiyədən və dünyanın bir neçə ölkəsindən olan humanitar yardım könüllülərinin Qəzzaya yardım apardığı “Mavi Marmara” gəmisinin İsrail desantı tərəfindən basqına məruz qalması və 10 nəfərin ölümü iki ölkə münasibətlərinə ciddi zərbə vurub. Hətta hər iki ölkə qarşılıqlı olaraq diplomatlarını geri çəkib. Bu gərginlik 2016-cı ildə o zamankı ABŞ prezidenti Barak Obamanın məcbur etməsindən sonra İsrailin baş naziri Benyamin Netanyahunun Rəcəb Tayyib Ərdoğana zəng edərək üzr istəməsi ilə başa çatsa da, münasibətlərin bərpası 10 ilə qədər zaman alıb.
Burda xüsusi olaraq qeyd etmək lazımdır ki, AKP hökumətindən əvvəl də Türkiyə cəmiyyətində sağçı və ya solçu, islamçı olmasından asılı olmayaraq Fələstin məsələsinə həssas yanaşma vardı. Bu, bir mənada Türkiyənin Osmanlı İmperiyası varisi olması ilə bağlıdır.
Türkiyə və İsrail münasibətləri yalnız son 3 ildə qaydaya düşmüş, baş nazir Netanyahu və daha sonra ötən ilin yazında prezident İshaq Hersoq Türkiyəyə rəsmi səfər etmişdi. Lakin 2023-cü il oktyabrında Qəzzada məlum hərbi əməliyyatların başlaması ilə Türkiyə-İsrail münasibətləri yenidən gərgin məcraya qədəm qoydu.
Münasibətlərdə ciddi soyuqluq yarandı, bu ilin yazında hökumət ticarət əlaqələrini dayandırdığını rəsmən elan etdi. Payızda isə ilk dəfə Ərdoğan elan etdi ki, İsrailin Yaxın Şərqdəki hədəflərindən biri də Türkiyə əraziləridir. Bundan sonra iki ölkə münasibətləri daha da pisləşdi, savaş öncəsi atmosferi yarandı və görünür ki, son açıqlama da məhz bu atmosferin təsiri ilə verilib.
KİMDİR, GÜNAHKAR?!
Məsələnin ümumi tərəfini, yəni İsrailin Fələstindəki hərəkətlərinə etiraz məsələsini kənara qoysaq, həqiqətdə Türkiyə-İsrail münasibətlərinin pisləşməsinin günahkarı rəsmi Ankara olmayıb.
Ümumilikdə isə Türkiyə-İsrail münasibətlərinin pozulması iki mühüm səbəblə bağlıdır. Təbii ki, İsrailin Qəzzadakı törətdiyi qırğınlar və dağıntıları nəzərə almasaq.
Obyektiv olaraq qeyd etmək lazımdır ki, Qəzzada ilk güllələr atılanda, yəni Həmas İsrailə hücum etdikdə və İsrail cavab olaraq Qəzzaya hərbi əməliyyata başlayanda Türkiyə kifayət qədər ölçülü mövqe nümayiş etdirdi. Hətta prezident Ərdoğan İsrail rəhbərliyinə və Həmasa müraciət edərək Türkiyədə atəşkəs və sülh danışıqları təklif elədi.
Ancaq İsrail tərəfi, xüsusən də baş nazir Netanyahu Türkiyəni görməzdən gəldi, hətta Ankaraya qarşı sərt tənqidlər yönəltdi. Qətər, İordaniya, Misir kimi ərəb ölkələrini “eşidən” İsrail rəhbərliyi Türkiyəni “iqnor” etdi. Bu da Ankarada qəzəblə qarşılandı və tədricən ritorika sərtləşdi. Çünki Türkiyə Yaxın Şərqin aparıcı ölkəsi rolunu İsrail tərəfindən bu şəkildə görməzdən gəlinməsi ilə razılaşmaq istəmir.
Türkiyə hakimiyyətinin İsrailə qarşı qəzəbinin ikinci səbəbi daxildən gələn etiraz idi. Türkiyə cəmiyyəti hökumətdən Qəzzada müharibənin dayandırılmasına təsir göstərməsi üçün təzyiq edirdi. Bu olmadıqda isə sərt etirazlar etdi. Bunun ən bariz örnəyi 2024-cü il 31 mart bələdiyyə seçkiləri oldu. AKP hökuməti bələdiyyə seçkilərini CHP-yə uduzdu, üstəlik ən böyük şəhərləri əldən verdi.
AKP-nin əsas səs itkisinin səbəblərindən biri də Qəzza müharibəsi idi. Məsələn, 2023-cü il seçkilərində AKP ilə ittifaqda seçkilərə qatılaraq 2,9 faiz səs alan islamçı Yenidən Refah Partiyası 2024 bələdiyyə seçkilərində müstəqil şəkildə iştirak edərək 6,1 faiz səs aldı və bir neçə bələdiyyəni götürdü. Xatırladım ki, YRP-nin sədri keçmiş baş nazir, islamçı lider Nəcməddin Ərbakanın oğlu Fatih Ərbakandır. Bu partiya Qəzza mövzusunda ən sərt çıxışları edən partiya idi. Yəni AKP təkcə oğul Ərbakana 3 faizdən çox səs uduzdu. Bu, Qəzzaya görə islamçı seçicilərin etirazı idi. Ərdoğan bunu görməzdən gələ bilməzdi.
İsrail hakimiyyəti isə Türkiyəni yox saymağa, Ankara ilə hesablaşmamaqda inad edir. Üstəlik İsrail hökumət üzvləri vaxtaşırı olaraq Türkiyə hökumətini təhdid edir, kürd mövzusu ilə Ankaranı şantaj etməyə çalışır. Bu da əlbəttə, Ankarada qəzəbi daha da artırır.
GƏLƏCƏYƏ PROQNOZLAR: TÜRKİYƏ İSRAİLLƏ SAVAŞACAQMI, BARIŞACAQMI?
Təbii ki, siyasətdə əbədi dostluq və düşmənçilik yoxdur. Fələstində atəşkəs və sülh müzakirələrinin başlaması regionda dövlətlər arasında siyasi əlaqələrə də təsir edəcək. Bu mənada İsrail-Türkiyə düşmənçiliyinin əbədi olaraq qalacağını düşünmək sadəlövhlük olardı. Lakin o da aydındır ki, Qəzzada qanlı müharibə davam etdikcə təkcə Türkiyə deyil, əksər region ölkələrinin İsraillə əlaqələri məhdudlaşacaq.
Kənan Rövşənoğlu,
Xüsusi olaraq Musavat.com üçün
17 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ