İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə iqtisadi problemlərdən nə zaman qurtulacaq - rəylər

Erməniəsilli iqtisadçı “iqtisadiyyatı sabitləşdirmək mümkün olmayacaq” deyir; Azərbaycan iqtisadçısı isə... 

Dekabrın 21-də Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini 40 faizdən 42,5 faizə qaldırıb. Beləliklə, qardaş ölkədə pul siyasəti ardıcıl yeddinci dəfə sərtləşdirilmiş oldu. 

Türkiyə Mərkəzi Bankının qərarla bağlı açıqlamasında qeyd olunur ki,  inflyasiya təzyiqi xidmət sektoru və geosiyasi risklər tərəfindən dəstəklənir, lakin son məlumatlar vəziyyətin yaxşılaşmağa başladığını göstərir. 

Son faiz artımı əksər analitiklərin gözləntiləri ilə üst-üstə düşüb. Bəzi ekspertlər faizlərin 45-dək artırılacağını da real hesab edirdilər. Bu gözləntilərə səbəb noyabrın sonunda ölkədə inflyasiyanın sürətlənərək 61,98 faizə çatmasıdır. Göstərici oktyabrdakı 61,36 faizdən sonra noyabrda 11 aylıq maksimumunu yeniləyib. Türkiyə statistika orqanının məlumatına əsasən ölkədə illik inflyasiya noyabr ayında cüzi dərəcədə artıb, kəskin faiz artımlarından sonra qiymətlərin sabitləşməsinin əlamətləri daha qabarıq  görünməkdədir. 

Bir sıra ekspertlərə görə, inflyasiya gözləntiləri yaxşılaşma əlamətləri göstərməyə başlayıb və buna görə də pul siyasətinin sərtləşdirilməsi tsikli sonuna yaxındır.

İstehlak qiymətlərinin artım tempi altı ay ardıcıl olaraq artan faiz dərəcələrindən sonra yavaşlamağa başlayıb, borclanma xərcləri 8,5 faizdən 40 faizə yüksəlib. Borclanma faizlərinin kəskin artımı ölkənin iqtisadi artımına mənfi təsir göstərir. İyul-sentyabr aylarında Türkiyədə ÜDM cəmi 0,3 faiz artıb, halbuki aprel-iyun aylarında artım tempi 3,3 faiz təşkil etmişdi.

Rəsmi statistikaya əsasən, 2023-cü ilin üçüncü rübündə Türkiyə iqtisadiyyatı illik müqayisədə 5,9 faiz böyüyüb. Bu, analitiklərin proqnozlarından daha yaxşı inkişafdır. 

Ötən rübdə istehlak xərcləri 11,2 faiz artıb. Bu göstərici ardıcıl səkkiz rüb ərzində ikirəqəmli dərəcələrlə artıb.

Dövlət xərcləri 5,3 faiz, biznes investisiyaları 14,7 faiz artıb.

İyul-sentyabr aylarında ixracda 1,1 faiz, idxalda 14,5 faiz artım qeydə alınıb. Oktyabr ayında isə Türkiyənin ixracı rekord həddə - 22,9 milyard dollara çatıb. Ticarət naziri Ömər Bolatın açıqladığı məlumata görə, ixrac ötən ilin eyni dövrü ilə müqayisədə 7,4 faiz artmaqla, ölkə tarixində ən yüksək həddi təşkil edib. 

Nazir həmçinin bildirib ki, ilin əvvəlindən Türkiyənin ixracının ümumi həcmi də rekorda çataraq 254,4 milyard dollar olub. Türkiyənin yeni hökuməti bu ilin yekununda ixracın həcmini 265 milyard dollara çatdırmağı hədəfləyirdi. Oktyabrda əldə olunan nəticə göstərir ki, illik ixrac bu hədəfdən daha yüksək olacaq.

Türkiyə Mərkəzi Bankının uçot dərəcəsini 42,5 faizə qaldırmasından sonra bəzi ekspertlər ölkə iqtisadiyyatı barədə bədbin şərhlər verirlər. Belə şərhlərdən birini də erməniəsilli, Massaçusets Texnologiya İnstitutunun professoru Taron Acemoğlu verib. Onun “Cümhuriyyət” nəşrinə dediyinə görə, Türkiyədə minimum əmək haqqı və aşağı inflyasiya ilə iqtisadiyyatı sabitləşdirməyə çalışırlar, lakin bu mümkün deyil:  “Türkiyədə sənaye müəssisələri, strukturları və təhsil sistemi məhsuldar deyil. Texnologiyaya adekvat investisiyalar qoyulmadığı üçün şirkətlər kifayət qədər məhsul istehsal etmir və səmərəsiz fəaliyyət göstərirlər. Bu kontekstdə minimum əmək haqqının artırılması iqtisadiyyatın normallaşması üçün həll yolu deyil”.

Onun sözlərinə görə, Türkiyənin iqtisadiyyat nazirinin rəhbərlik etdiyi struktur hələlik ümid doğurmur: “İnflyasiya bu qədər yüksəldikdən sonra onu aşağı salmaq çox çətin olacaq. Ancaq Türkiyə iqtisadiyyatı inflyasiya səviyyəsini aşağı salmaqla belə tənzimlənə bilməyəcək. Türkiyənin bir çox dərin problemləri var. Türkiyə texnologiyadan düzgün istifadə etmir, investisiyada geri qalır, ixtisaslı mütəxəssislər çatışmır”. 

Azərbaycanın iqtisadçı-eksperti Elman Sadıqovun “Yeni Müsavat”a dediyinə görə, Türkiyə iqtisadiyyatına 2019-2020-ci illərdə dolların kursunu saxlamaq üçün ehtiyatların sərf olunması, daha sonra faizlərin aşağı endirilməsi ciddi zərər vurub: “Nəticədə inflyasiya görünməmiş həddə çatdı. Bu gün Türkiyədəki inflyasiya yalnız Argentina ilə müqayisə olunacaq səviyyədədir. Əlbəttə, inflyasiyanı cilovlamaq üçün faizlərin yüksək həddə çatdırılması da normal hal deyil. Lakin bu, iqtisadiyyatı çökdürəcək amil deyil. Yəni bu gün uçot dərəcəsinin yüksəkliyi üzündən Türkiyə iqtisadiyyatının çökəcəyini, böyük kataklizmlər yaşayacağını söyləmək absurd olar. Bu gün Türkiyədə atılan addımlar klassik iqtisadi addımlardır. Onların real nəticəsinin hiss olunmaması, yaxud az hiss olunmasının iki səbəbi var. Birincisi, problemlər kifayət qədər dərindir. İkincisi, müəyyən tədbirlərin lag effekti var - lag - yəni gecikmə effekti. Bu o deməkdir ki, məsələn, bu gün qəbul etdiyimiz bir dərmanın effekti bədəndə müəyyən proseslər gedəndən sonra özünü göstərə bilər. İqtisadiyyatda da belədir, bəzi addımlar qısa müddətdə, bəziləri, mən deyərdim ki, əksəriyyəti uzun müddətdə - 3-6 ay və daha uzun dövrdə effektini göstərir. 

Elman Sadıqov: “Azərbaycan 2030-cu ildən etibarən alternativ enerji üzrə  önəmli ixracatçıya çevriləcək”

Elman Sadıqov

Dekabrın 15-də Türkiyə Mərkəzi Bankının brutt - yəni toplam valyuta ehtiyatları 95 milyard 399 milyon dollara bərabər olub. Bir həftədə 890 milyon dollarlıq artım qeydə alınıb. Qızıl ehtiyatlarına gəlincə, bir həftədə onun həcmi 265 milyon dollarlıq artımla 47 milyard 129 milyon dollara çatıb. Beləliklə, Türkiyənin cəmi qızıl-valyuta ehtiyatları 142 milyard 528 milyon dollardır. Bu, indiyədək nail olunmayan rekorddur. Amma net ehtiyatlar - öhdəlikləri çıxdıqdan sonra qalan ehtiyatların həcmi, svop istisna edilməklə, -38,2 milyard dollardır.

Ekspert bildirir ki, Türkiyə Maliyyə Nazirliyi və Mərkəzi Bankının indiyədək atdığı addımlar - uçot dərəcəsinin qaldırılması da daxil olmaqla, müsbət effekt verdiyinə görə ölkə rəhbərliyi onların davamına icazə verir: “Faiz artımı başlayanda xalis valyuta ehtiyatları mənfi 62 milyard dollar ətrafındaydı. Bu gün həmin göstərici 38,2 milyard dollara qədər irəliləyib. Yəni belə deyək də, xəstə tam sağalmayıb, amma aparılan müalicə tədbirləri müsbət dəyişikliklər gətirir, ağırlaşma yoxdur, əksinə, yüngülləşmə gedir. Narahatlıq doğuran hansı səbəblərdir? Birinci narahatlıq doğuran məqam görülən tədbirlərə rəğmən valyuta çıxışı və xərclərin çox olmasıdır. Mən bir dəfə də qeyd etmişdim ki, Türkiyədə narkotik ticarətinə qarşı həyata keçirilən geniş miqyaslı əməliyyatları həm də tədiyə balansındankənar valyuta çıxışının qarşısını almağa yönəlib. Yəni ölkədən qeyri-qanuni yollarla valyuta çıxışının qarşısı alınır. Daha bir narahatlıq doğuran məqam ”kur korumalı mövdülat"la bağlıdır: Türkiyə hökuməti əvvəlki illərdə milli valyuta ilə qoyulan əmanətlərin dolların məzənnəsindən dolayı yaranan itkilərini ödəməyi üzərinə götürüb. Bu öhdəlikləri icra etmək ağır maliyyə yükü yaradır. Digər bir məsələ “yap-işlət” prinsipi ilə həyata keçirilən tikinti layihələri ilə bağlıdır. Bu layihələr yolların, körpülərin, tunellərin tikintisini nəzərdə tutur. Onların icrası özəl şirkətlərə verilib, amma qoyulan yatırımların geri qayıtması üçün o yollardan, körpülərdən avtomobillərin müəyyən keçid sayı olmalıdır. Hökumət çatışmayan keçid sayına görə ödənişləri öz üzərinə götürdüyünə görə bu da bir böyük xərc yaradır. 

Aydın məsələdir ki, ucuz lirə iqtisadiyyatı ayaqda saxlayır. Bu günə qədər Türkiyə iqtisadiyyatını bu günə qədər ayaqda saxlayan əsas siyasət əhalinin məşğulluğunun təminatı, gəlirlərin artımının təmin olunması siyasətidir. Əhalinin gəlirlərinin artımını dəstəkləməklə alıcılıq qabiliyyətini də saxlamağa çalışırlar. Yəni hökumət maliyyə siyasətində buraxdığı səhvləri məşğulluq siyasətində buraxmadı. Məşğulluğun dəstəklənməsinə yönəlik tədbirlər də dövlət üçün xərclər yaradır. Bu qədər ağır xərclərin qarşılığında atılan addımların səmərəsi az olur, yaxud özünü gec büruzə verir. İnflyasiyanın yüksək olması şəraitində əhalinin alıcılıq qabiliyyətini azaltmasın deyə əmək haqqı, pensiya artımlarına gedilir. Bu, məcburidir, əks halda, fəsadlar daha kəskin nərticələr verər. Atılan addımlar makroiqtisadi səviyyədə müsbət effektlərini versə də, inflyasiyanın əhaliyə mənfi təsiri kimi bir sıra birbaşa effektli istiqamətlərdə nəticələr gözlənildiyi kimi deyil".

E.Sadıqovun dediyinə görə, 2024-cü ilin martında Türkiyədə keçiriləcək bələdiyyə seçkiləri də hökumət üçün əlavə risklər yaradır: “Hakim partiya iri şəhərlərdə bələdiyyə seçkilərinin qalibi olmaqda qərarlıdır. Bu qələbəni əldə etmək üçün populist, xalqa, seçiciyə xoş gələn addımların atılması gözlənilir. Bura əmək haqqı artımı və sair daxildir. Əslində bu, müsbət addımlar olmalıdır - əhalinin gəlirləri artır. Lakin indiki yüksək inflyasiya şəraitində əmək haqqı kimi gəlirlərin artması prosesə mənfi təsir edəcək amillərdəndir. Qış ayları Türkiyə iqtisadiyyatının bir növ passiv dövrüdür - kənd təsərrüfatında, turizmdə mövsümi durğunluq, istehlakın artması valyuta daxilolmalarında azalmaya, çıxışında artıma gətirib çıxarır. Bundan əlavə, xarici siyasətdəki bəzi addımlar ölkədən valyuta axınını sürətləndirir, investorların çıxışına səbəb olur. Nəticədə valyuta ehtiyatlarındakı mənfi balansın genişlənməsi təhlükəsi formalaşır”. 

Ekspertə görə, problemlərin dərinliyi şəraitində yaxınmüddətli dövrdə Türkiyədə inflyasiyanın kəskin azalmasını gözləmək mümkün deyil: “Bu proses 2025-ci ildən başlaya, inflyasiya hədəfə doğru irəliləyə bilər. Yəni yeni hökumətin addımlarının müsbət təsirlərinin  real həyata yansıması 2025-ci ildən daha yaxşı görünəcək. Ona qədər siyasətin davam etdirilməsi son dərəcə vacibdir”.

Dünya SAKİT,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR