İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə Ermənistanı cəsarətli olmağa çağırdı - İrəvan isə...

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ermənistanla münasibətlərin normallaşmasından danışıb. Bildirib ki, bu proseslə bağlı konkret addımlar atılacaq, lakin buna hələ var. O, Ermənistanı cəsarətli olmağa çağırıb. XİN rəhbəri qeyd edib ki, Türkiyə tərəfi xüsusi nümayəndələrin görüş yeri üçün İrəvanı təklif etsə də, Ermənistan buna razılıq verməyib. O deyib ki, üçüncü görüş də Vyanada keçiriləcək. Lakin görüşün vaxtı hələ məlum deyil.

Aydındır ki, Türkiyə-Ermənistan barışığı Azərbaycan-Ermənistan barışığı prosesi ilə paralel gedəcək və onu qabaqlaya bilməz. Bu xüsusda Azərbaycanla sülh müqaviləsi imzalanmadan Ankara-İrəvan əlaqələrinin normallaşması mümkünmü? Növbəti Vyana görüşü tərəflərə nə vəd edir? Ermənistan özündə niyə cəsarət tapa bilmir?

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan politoloq Fərhad Mehdiyev bildirib ki, Çavuşoğlu Ermənistanı sülh müqaviləsi imzalamaqda cəsarətli olmağa çağırır:

“Burada bütün məsələlər sülh müqaviləsi ilə bağlıdır. Digər məsələlərin də açarı məhz bu faktordur. Azərbaycan və Türkiyə ilə normal diplomatik münasibətlərin qurulması eyni məsələ daxilində yer alır. Yəni Ermənistanla Türkiyə arasında hansısa başqa bir danışıqlar aparılmır. Türkiyə gözləyir ki, Ermənistan Azərbaycanın təklifləri ilə razılaşsın. Ermənistan Azərbaycanla münasibətləri düzəltmədən Türkiyə ilə əlaqələrini yaxşılaşdıra bilməyəcək. Sülh müqaviləsi ilə bağlı isə maneələr mövcuddur. Burada əsas maneə Qarabağda yaşayan ermənilərlə əlaqəlidir. Azərbaycan onlara hansısa statusu verməyəcək. Paşinyan da bunu bilir və çalışır ki, Ermənistan cəmiyyətini buna hazırlasın. Ermənistanın parlamenti hazırda tamamilə sülh müqaviləsindən yana olsa da, Paşinyan və onun partiyasının statusdan imtina etdiyini görə bilirik. Ancaq yenə də Paşinyan və onun tərəfdarları Qarabağda yaşayan ermənilərinin hüquqlarının qorunması üçün beynəlxalq zəmanət istəyirlər”.

O adamlardan polisə şikayətə edin, cərimələtdirin... - Fərhad Mehdiyev

Fərhad Mehdiyev 

Politoloq bildirib ki, sülh müqaviləsi imzalandığı halda Azərbaycanın Qarabağdakı digər torpaqları da geri qaytarılacaq: “Nəzərdə qaçırmayaq ki, burada zəifləmiş Rusiya da var. Rusiya deməlidir ki, siz Ermənistanla nə razılaşsanız, ona uyğun davranacam. Çünki 10 noyabr razılaşmasının da 3 tərəfi var - Azərbaycan, Ermənistan, Rusiya. Rusiya burada sülhməramlıdır. Ermənistan-Azərbaycan razılaşdığı təqdirdə Rusiya regiondan tamamilə çəkilməlidir. Ancaq Rusiya bunu etmir. Öz maraqlarını qorumaq üçün ən azından konfliktin içində sülhməramlı kimi qalmaq üçün cəhd edəcək. Məsələn, deyəcək ki, Qarabağdakı ermənilərin hüquqlarının qorunması üçün burada qalıram. Təbii ki, onun orada qalması məsələsi də sülh müqaviləsində qeyd olunmalıdır. Əks halda qala bilməz.

Düşünürəm ki, əsas məsələ Azərbaycanla Ermənistanın tam razılaşmasıdır. Əgər razılaşma olarsa zəifləmiş Rusiya yuxarıda qeyd etdiyimiz mövqeyini tam olaraq sürdürə bilməyəcək. Araik Arutyunyanın və digər separatçıların çıxışlarına baxsaq, görərik ki, onlar bundan ehtiyatlanaraq Qarabağın Rusiyaya birləşməsindən danışırlar. Düşünürlər ki, Azərbaycan və Ermənistan tam razılaşa bilər. Ona görə də Rusiya sülhməramlılarını da öz tərəflərinə çəkməyə çalışırlar. Fikrimcə, 1 ay ərzində sülh müqaviləsi olmayacaq. Ancaq Paşinyan dərk edir ki, bu müqavilə nə qədər tez olarsa, o qədər yaxşıdır. Çünki Ukrayna-Rusiya müharibəsinə görə Rusiya nə qədər çox zəifləyərsə, Ermənistanın Qarabağı tam əldən çıxarma ehtimalı daha yüksəkdir. Düşünürlər ki, orada ümumiyyətlə, erməni qala bilməz. Çünki ermənilərin arasında Azərbaycana qarşı çox qəddarcasına cinayətlər törədənləri var və sülhməramlı olmasa onlar orada necə qalacaqlar?"

Bayden “Ukraynanın yanında olacağıq" bəyanatına sadiq qalmayacaq-

 Züriyə Qarayeva

Politoloq Züriyə Qarayeva isə “Yeni Müsavat”a söyləyib ki, Türkiyə ilə Ermənistan arasında münasibətlərin yaranması sülh sazişindən öncə baş tuta bilər:  “Bu proses gələcək sülh sazişi üçün də zəmin yaratmış ola bilər. İrəvan bugünkü şərtlərdə sülh istiqamətində adekvat siyasət yürütmür. Səbəb əlbəttə ki, Ermənistanın 2 masada əyləşmə siyasəti ilə bağlıdır. Paşinyan həm Rusiyanın, həm də Aİ-nin diktə etdiyi şərtlərə boyun əymək məcburiyyətindədir. Hər iki qütbün əlini sıxmaq məcburiyyəti Ermənistanın tərəflərdən iqtisadi asılılığıyla bağlıdır. Bu məqamı nəzərə alaraq hesab edirəm ki, Ankara-İrəvan təması və yaxın gələcəkdə əlaqələrin inkişafı Ermənistanın Türkiyənin orbitinə keçməsini sürətləndirə və sülh sazişinin imzalanmasına yol aça bilər”.

Əli RAİS,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR