Onlayn ictimai-siyasi qəzet
Türkiyə - Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun təşkilatçılığı ilə “Xocalı Soyqırımı Foto Sərgisi və Anma Proqramı” keçirilib.
Musavat.com xəbər verir ki, sözügedən konfrans Türkiyə Böyük Millət Məclisində (TBMM) baş tutub.
Konfrans zalında keçirilən proqram bir dəqiqəlik sükutla və Xocalı qətliamını əks etdirən videoçarxın nümayişi ilə başlayıb.
TADİV-in sədri, Türkiyə Respublikası Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü Aygün Attar Türkiyə-Azərbaycan münasibətlərinin daxili siyasətdən üstün bir məsələ olduğunu bildirib.
Xocalıda insanlığa qarşı cinayətin baş verdiyini xatırladan Aygün Attar çıxışı zamanı bunları deyib: "Bu gün özümüzü yalnız bir təsəlli ilə rahat hiss edirik. O qırğınının baş verdiyi yer - Xocalı bu gün azaddır. Bu qanlı aktı törədənlərin bəzilərinin Azərbaycan dövləti tərəfindən dindirilmə prosesi davam edir. Biz burada yüksək səslə "Xocalıya ədalət" demək üçün gəlmişik".
Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədov isə qeyd edib ki, Azərbaycanla Ermənistan arasında daimi sülh olmalıdır.
Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri, AK Partiya İstanbul Millət vəkili Şamil Ayrım da beynəlxalq ictimaiyyətin Xocalı qətliamına tamaşaçı kimi qaldığını xatırladıb.
Tədbirdə iştirak edən Azərbaycanın keçmiş xarici işlər naziri Həsən Həsənov da 1990-cı ilin yanvarında Xocalı qətliamından əvvəl analoji qırğın törədildiyini, lakin bunu dünyaya elan edə bilmədiklərini deyib.
CHP Artvin Millət vəkili Uğur Bayraktutan da 1915-ci il hadisələri əsasında mövcud olmayan qətllərdə türklərin günahlandırıldığına diqqət çəkib.
Paneldə Azərbaycan Respublikasının İnsan Hüquqları Müvəkkili (Ombudsman) Səbinə Əliyeva və Türkiyə Respublikasının Ombudsmanı Mehmet Akarca Xocalı soyqırımının hüquqi və insani yönlərinə diqqət çəkiblər.
S.Əliyeva Ermənistanın insan hüquqları ilə bağlı bütün beynəlxalq konvensiyaları pozaraq Xocalı soyqırımını törətdiyini bildirib. O qeyd edib ki, ümummilli lider Heydər Əliyev hakimiyyətə gəlməsindən sonra faciəyə hüquqi qiymət verilib. Ombudsman, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılmış "Xocalıya ədalət" kampaniyası barədə məlumat verib.
Sonda Türkiyə Böyük Millət Məclisinin baş katibi Talip Uzun da tədbirin reallaşmasında əməyi olanlara təşəkkür edib.
Musavat.com
25 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ