İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə-ABŞ münasibətlərində kritik gün

Amerika bu vədinə də xilaf çıxsa..; ekspertlərdən maraqlı şərhlər

“Türkiyə hakimiyyəti Ankaraya "F-16" qırıcılarının satışı ilə bağlı ABŞ Konqresinin müsbət qərarına ümid edir”.

Bu barədə “TRT Haber” telekanalı ölkənin Müdafiə Nazirliyindəki mənbələrə istinadən məlumat yayıb.

“Biz ABŞ-dan "F-16"ların tədarükü ilə bağlı mənfi heç nə gözləmirik”, - televiziya şirkəti hərbi idarənin nümayəndəsinin sözlərindən sitat gətirib.

Az öncə Türkiyənin xarici işlər naziri Hakan Fidan fevralın 10-dək ABŞ Konqresindən döyüş təyyarələri ilə bağlı qərar gözlədiyini bildirib və qeyd edib ki, Ankara ilə Vaşinqton arasında Türkiyə parlamenti İsveçin NATO-ya müraciətini təsdiqlədikdən sonra ABŞ-ın "F-16"ların satışı ilə bağlı tədbir görəcəyinə dair ilkin razılıq var.

Artıq hökumət analoji müraciətlə senata müraciət edib. Əgər fevralın 10-dək etiraz olmasa, bu, razılıq kimi qəbul olunacaq və sənəd qüvvəyə minəcək. Minəcəkmi? Bu gün - fevralın 10-u sonuncu gündür. 

Bəs ABŞ vədinə yenə xilaf çıxsa, onda necə? Ankara buna nə ilə cavab verəcək? Rusiya ilə daha da yaxınlaşmaqla, yoxsa?

Deputat Sona Əliyeva: “Özəl sektorda çalışanların da maddi vəziyyəti  yaxşılaşacaq”

Sona Əliyeva

Sabiq deputat, siyasi şərhçi Sona Əliyeva “Yeni Müsavat”a bildirdi ki, hazırda Türkiyə və ABŞ arasındakı münasibətlər o qədər də hamar deyil: “Çox güman ki, Birləşmiş Ştatlar ""F-16" məsələsi"ndə yenə də fərqli münasibət sərgiləyəcək. Ola bilsin ki, konqres həmin qırıcıların Türkiyəyə verilməsi ilə bağlı müsbət qərar qəbul etsin, amma ilk partiya qırıcıların qardaş ölkəyə çatdırılması prosesi qəsdən yubadılacaq. Çünki Vaşinqton hər vəchlə prosesi uzatmağa, hansısa düyün nöqtəsinə kilidləməyə çalışır. Məsələnin digər maraqlı tərəfi ondan ibarətdir ki, əgər “F-16"lar Türkiyəyə olan borc müqabilində qardaş ölkəyə göndərilməsə, o zaman Finlandiyanın NATO-ya üzvlüyü üçün böyük problemlər yaranacaq. Ankara "Helsinki kartı"ından istifadə edərək “F-16"ları ABŞ-dan qopara biləcək. Bundan başqa, əgər "F-16"lar Türkiyəyə verilməsə, o zaman Birləşmiş Ştatların Yaxın Şərqdəki vəziyyəti də pisləşəcək. Çünki Yaxın Şərqin əsas kataliz oyunçularından biri də Ankaradır. Yəqin ki, ABŞ-ın beyin mərkəzləri də bu nüansı çox yaxşı hesablayırlar".

Əhəd Məmmədli: “Rusiya bataqlığa tam batsa, bu ehtimal yaranar”

Əhəd Məmmədli 

AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli Amerikanın verdiyi vədə xilaf çıxmayacağını düşünür: “Tarix boyu Qərb və Rusiya, qardaş Türkiyə ilə münasibətlər, vədlər, razılaşmalarda verdiyi sözə, atdığı imzaya xilaf çıxıblar. Qərb isə ümumiyyətlə, bu məsələlərdə etibar edilməyən tərəfdaşdır. Ümid edək ki, amerikalılar verdikləri vədə, əldə olunan razılaşmaya xilaf çıxmazlar. Əgər əməl etməsələr, mütləq buna Türkiyə tərəfindən cavab gələr. Yəqin ki, bunu amerikalılar da bilməmiş deyillər. Amerikanın dövlət strukturları içində senat anti-İslam, anti-Türk mövqeyi ilə həmişə seçilib. Üstəlik, yəhudi, erməni, yunan lobbilərinin də senata təsirini nəzərə alsaq, bu razılaşma rədd edilə də bilər. Türkiyənin Ermənistan, İsrail, Yunanıstanla münasibətlərinin hansı səviyyədə olduğunu yaxşı bilirik. Bu xalqların, əsasən də böyük gücü olan yəhudilərin diasporası qardaş Türkiyənin əleyhinə işləyə bilər. Əgər ABŞ Türkiyəni daha da Rusiya, Çinə tərəf itələmək istəmirsə, bu anlaşmanı senatdan keçirməyi bacarmalıdır. Söz konusu amerikan maraqlarıdırsa, keçirəcəklər. "F-16" patriot deyil, heç "F-35" də deyil, yəni Vaşinqton üçün prinsipal əhəmiyyət daşımaya da bilər. Yox əgər "F-16"ları belə Türkiyəyə verməkdən imtina etsələr, onda həm də özlərinə güvənci birdəfəlik itirə bilərlər. Bu da Türkiyənin tam uzaqlaşmasına gətirib çıxara bilər. Düşünmürəm ki, Ağ Evdə buna getsinlər. Ümid edək ki, "F-16"larla bağlı Türkiyəyə daha heç bir əngəl törədilməyəcək və bu haqda rəsmi qərar qəbul olunacaq”.

Fuad Heydər: “Azərbaycan gəncləri bayramı qalib ölkənin vətəndaşları kimi  qürurla qeyd edirlər” – XəbərAl.Az

Fuad Heydər

Politoloq Fuad Heydər isə bunları dedi: “Türkiyə ilə ABŞ arasındakı münasibətlərin ən gərgin dövrü Donald Tramp dövrünə təsadüf etmişdi. Xüsusilə də bu gərginlik fonunda Türkiyə Rusiya ilə "S-400"lərlə bağlı razılığa gəldi. Problemin kökündə isə Türkiyənin yürütdüyü müstəqil xarici siyasət idi. Həmin dövrlərdən başlayaraq Türkiyə Silahlı Qüvvələri Suriya ərazisində antiterror əməliyyatları həyata keçirməyə başladı. Bu isə sadəcə ABŞ deyil, eyni zamanda Rusiya və İranı da narahat edirdi. Çox maraqlıdır ki, müzakirə mövzusu Türkiyə və ya Azərbaycan olduqda bu ölkələr əsasən eyni mövqedən çıxış edirlər. 

Bugünlərdə Türkiyənin İsveçin də NATO-ya üzvlüyünü təsdiqləməsi ABŞ-la münasibətlərdə yeni bir səhifə açmış oldu. Artıq bu ölkələr Türkiyənin qlobal siyasətdə əsas aktorlardan biri olduğunu qəbul edir. Xüsusilə də Türkiyənin milli müdafiə sənayesinin inanılmaz inkişafı, savaşların taleyini dəyişəcək silahların istehsalı Türkiyəyə ciddi şəkildə üstünlüklər gətirdi. Yaxın günlərdə ABŞ dövlət katibinin müavini həm "F-16", həm də "F-35"lərin Türkiyəyə verilməsi ilə bağlı müsbət açıqlamalarla yadda qaldı. İndi sual yaranır ki, ABŞ bu dəfə də vədinə xilaf çıxsa nə olacaq? Cavab budur ki, yenə də həmin strateji səhvi buraxacaq və Türkiyə ilə körpüləri demək olar ki, tamamilə yandırmış olacaq. O nöqteyi-nəzərdən düşünürəm ki, ABŞ-ın "F-16"larla bağlı sənədi qüvvəyə minəcək".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR