İnsanlara hürriyət, millətlərə istiqlal!

Türk İttifaqı yeni dünyanın siyasi şifrələrini açdı: Şuşa mesajları Qərbdə çaşqınlıq yaradıb, müqavimət başladı

TDT Şuşadan bütün dünyaya açıq-aşkar meydan oxudu, Türk İttifaqı yeni beynəlxalq güc mərkəzinə çevrilmək niyyətini birmənalı şəkildə bəyan etdi... Türk İttifaqına daxil olan dövlətlərin gələcək taleyi Qərb strukturlarının iradəsindən kənarda olacaq, yeni dünya düzənundə TDT-nin gücü daha keçərli xarakter daşıyacaq...

Bütün dünyanın gözü Azərbaycana dikilmişdi. Çünki Türk Dövlətləri Təşkilatının liderləri Azərbaycanda növbəti zirvə görüşü keçirirdilər. Ümumiyyətlə, Türk Dövlətləri Təşkilatının ildə bir dəfə qeyri-rəsmi zirvə görüşünün keçirilməsi məhz Azərbaycanın təşəbbüsüdür. Və bu, rəsmi Bakının siyasi-ideoloji prioritetləri sırasında ön planda yer alır.

Məsələ ondadır ki, rəsmi Bakı Türk ölkələri ilə əlaqələrin genişləndirilməsini, Türk dünyasının və Türk Dövlətləri Təşkilatının gücləndirilməsini Azərbaycanın xarici siyasətinin əsas hədəflərinin sırasına çoxdan daxil edib. Azərbaycan Türk dünyasının daha sıx birləşməsi, onun siyasi, iqtisadi və hərbi qüdrətinin artması, qlobal arenada güc mərkəzinə çevrilməsi istiqamətində intensiv fəaliyyət göstərir. Rəsmi Bakının prinsipial mövqe ondan ibarətdir ki, Türk Dövlətləri Təşkilatı dünya miqyasında real güc mərkəzlərindən birinə çevrilməlidir.

Türk dünyası böyük coğrafi məkanı əhatə edir, üzv ölkələrdə müsbət demoqrafik dinamika müşahidə olunur. Türk İttifaqının hərbi potensialı döyüş meydanlarında artıq özünü dəfələrlə təsdiqləyib. Zəngin təbii resurslar, onların beynəlxalq məkana nəqli üçün müasir infrastruktur, Mərkəzi Asiyanı, Qafqazı Aralıq və Qara dəniz limanları ilə birləşdirən nəqliyyat-kommunikasiya dəhlizləri, ortaq qədim tarix və mədəniyyət Türk dünyasının böyük sərvətidir.

108676_6689135264d38.jpg (187 KB)

Təbii ki, bütün bu sərvətin ortaq maraqlar və hədəflər çərçivəsində birləşdirilməsi hazırda Azərbaycanın strateji hədəflərindən biridir. Çünki rəsmi Bakının siyasi-ideoloji avanqard mövqeyi sayəsində bu strateji hədəf reallaşarsa, yaxın gələcəkdə dünyada yeni beynəlxalq güc mərkəzinin təşəkkül tapması da qaçılmaz olar. Bu baxımdan, Türk dövlətlərinin siyasi liderlərinin azad edilmiş Azərbaycan ərazilərinə səfərləri də əslində, gələcək güc mərkəzinin ilkin əlamətləri sayıla bilər. Azərbaycanı strateji müttəfiqi Türkiyənin prezidenti Şuşa, Füzuli, Zəngilan və Cəbrayıla, Özbəkistan və Qazaxıstan liderləri Şuşa və Füzuliyə, Qırğızıstan rəhbəri isə Füzuli və Ağdama səfərlər ediblər.

Belə görünür ki, Türk İttifaqının təmsilçiləri vaxtaşırı dünyaya siyasi mesaj xarakterli addımlarla gələcək beynəlxalq iradə mərkəzinin təqdimatını artıq təmin etməyə başlayıblar. Hazırda Türk İttifaqının davamlı fəaliyyəti üçün uyğun resursların yaradılması istiqamətində məqsədyönlü addımlar da atılır. Belə ki, rəsmi Bakı Türk Dövlətləri Təşkilatının cari büdcəsinin və strukturunun nəzərdə tutulan hədəflərin reallaşdırılması üçün yetərli səviyyədə olmadığı qənaətindədir. Ona görə də, AzərbaycanTDT katibliyinin hesabına iki milyon ABŞ dolları məbləğində əlavə vəsait köçürüb.

Rəsmi Bakı hesab edir ki, TDT-nin qarşısında duran hədəflərin reallaşmasına nail olmaq üçün ilk növbədə maliyyə imkanlarını genişləndirmək vacibdir. Belə ki, Şərq-Qərb nəqliyyat-kommunikasiya dəhlizinin genişləndirilməsi hazırda qarşıda duran prioritet məsələlərdən biri sayılır. Orta Dəhlizin ayrılmaz tərkib hissəsi olan Bakı-Tiflis-Qars dəmir yolunun illik yükdaşırma qabiliyyəti isə Azərbaycanın əlavə sərmayə yatırımı sayəsində bir milyon tondan artıq beş milyon tona çatdırılıb.

Onu da qeyd etmək lazımdır ki, Xəzər dənizində 50-dən çox ticarət gəmisi olan Azərbaycan Türk dövlətləri üçün önəmli tranzit xidmətləri göstərir. Artan yükdaşımalarını nəzərə alaraq, hazırda Bakı gəmiqayırma zavodunda daha 6 yeni gəmi də inşa edilir. Gələn il isə Azərbaycanda sayca 9-cu Beynəlxalq Hava Limanı Laçında istismara veriləcək. Ələt Beynəlxalq Ticarət Limanının yükötürmə qabiliyyəti 15 milyon tondan 25 milyon tona qədər genişləndiriləcək.

108676_6689135264dd9.jpg (199 KB)

Eyni zamanda, TDT çərçivəsində enerji sahəsində strateji tərəfdaşlıq, o cümlədən də, bərpaolunan enerji və enerji səmərəliliyi sahəsində əməkdaşlığımız çox böyük əhəmiyyət daşıyır. Digər tərəfdən, TDT-nin Şuşa zirvə görüşündə imzalanmış Qarabağ Bəyannaməsi və qəbul edilmiş önəmli qərarlar Türk dünyasının həmrəyliyini göstərməklə yanaşı, həm Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunu daha da gücləndirə biləcək addımlardır. Və bütün dünyaya prinsipial Türk mesajı xarakteri daşıyır.

Maraqlıdır ki, Şuşadan verilən Türk mesajları artıq bütün dünyada müəyyən reaksiyalara da səbəb olmaqdadır. Hər halda, Türk İttifaqının daha güclü formatda fəaliyyətə keçməsi bəzi beynəlxalq siyasi dairələri ciddi şəkildə narahat etməkdədir. Belə ki, bəzi Qərb siyasi dairələri Türk İttifaqının Şuşa görüşünə qıcıqla yanaşdıqlarını gizlətməkdə ciddi şəkildə çətinlik çəkirlər. Və bu, o deməkdir ki, Qərbdə TDT-nin yeni tərəfdaşlıqla intensiv inkişaf mərhələsinə keçid etməsi dünya supergüclərini artıq çox narahat edir.

Məsələ ondadır ki, Türk İttifaqının Şuşa mesajları Qərbdə bir çoxlarını çıxılmaz vəziyyətə salıb. Son vaxtlara qədər Türk dünyasına qarşı "erməni faktoru" da daxil olmaqla, bir çox manipulyasiya mexanizmlərdən istifadə edənlər artıq yeni situasiya ilə üzləşməyə başlayıblar. Belə ki, "erməni faktoru" artıq işləmir, böyük ölçüdə sıradan çıxarılıb. Türk dünyası isə yenidən təşkilatlanır, real güc mərkəzinə çevrilir, Qərbin hegemoniya ssenarilərinə müqavimət potensialı qazanır. Və Qərbə öz güc resurslarını nümayiş etdirir, meydan oxuyur.

Avropa Birliyinin keçmiş xarici işlər funksioneri, qatı ermənipərəst Jozep Borrelin TDT liderlərinin Şuşa görüşünə reaksiyası Qərbdəki narahatlığı ifadə edib. Halbuki, Avropa Birliyi onilliklər boyu toplantı keçirib, bu qurumdan kənarda olan dövlətlərin maraqlarına zidd addımlar atırlar. Ancaq Türk İttifaqının təmsilçiləri buna qətiyyən əhəmiyyət vermirlər. Əksinə, bərabər hüquqlu əməkdaşlığa üstünlük verirlər. Və bu, onu göstərir ki, Qərbdə Türk İttifaqının dünyada çox ciddi dəyişiklik etmək gücü qazanmaq üzrə olduğunu artıq anlamağa başlayıblar.

kurulus-1068x537.jpg (22 KB)

Jozep Borrelin narahat olduğu məqamlardan biri Avropa Birliyinin üzvü olan Macarıstanın baş naziri Viktor Orbanın da TDT-nin Şuşa görüşünə qatılması ilə bağlıdır. Ermənipərəst avropalı siyasətçi bunu həm yolverilməz, həm də Avropa Birliyinin prinsiplərinə zidd olduğunu vurğulayıb. Macarıstan baş nazirinin Şuşa görüşündə Avropa Birliyini təmsil etmədiyini bildirsə də, onun Şuşa görüşündə iştirakının niyə yolverilməz olduğunu normal şəkildə izah edə bilməyib.

Digər tərəfdən, Jozep Borrel Şimali Kipr Türk Cümhuriyyətinin liderinin TDT-nin toplantısına qatılmasından ciddi şəkildə qıcıqlanıb. Onun fikrincə, bu, legitimləşdirmə cəhdidir. Avropa Birliyinin ŞKTC-yə qarşı riyakar mövqeyi əvvəl-axır öz əhəmiyyətini itirəcək. Çünki Avropa Birliyi dünyada ləngitimlik paylamaq və ondan məhrum etmək hüququna malik deyil. Əgər, Avropa Birliyi öz riyakarlığı ilə yunan Kiprini öz sıralarına daxil edibsə, ŞKTC-nin təmsil olunması üçün də TDT var. Və Qərbdə heç kim buna əngəl törədə bilməz.

Göründüyü kimi, TDT Şuşadan bütün dünyaya açıq-aşkar meydan oxudu. Türk İttifaqı yeni beynəlxalq güc mərkəzinə çevrilmək niyyətini birmənalı şəkildə bəyan etdi. Sahib olduğu ortaq siyasi-strateji təsir mexanizmləri, maliyyə-iqtisadi və s. resursları ilə Qərbdə bəzilərini ciddi şəkildə qorxuya saldı. Ən əsasısa isə bundan sonra Türk İttifaqına daxil olan dövlətlərin gələcək taleyinin müəyyən edilməsi məsələsinin Qərb strukturlarının iradəsindən kənarda olacağını qabartdı. Və bununla da, yeni dünya düzənundə Qərb qurumlarının, o cümlədən də, Avropa Birliyinin deyil, Türk Dövlətləri Təşkilatının siyasi iradəsinin daha keçərli olacağının sərt mesajını vermiş oldu.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR