İnsanlara hürriyət, millətlərə istiqlal!

Türk dövlətlərinin gözlədiyi qərar verildi - sadələşdirilmiş gömrük dəhlizi nə vəd edir...

Aprelin 5-də Milli Məclis “Türk Dövlətləri Təşkilatının hökumətləri arasında sadələşdirilmiş gömrük dəhlizinin yaradılması haqqında” Sazişin təsdiq edilməsi barədə" qanun layihəsini müzakirə edərək onun qəbuluna səs verib.

Xatırladaq ki, “Türk Dövlətləri Təşkilatının hökumətləri arasında sadələşdirilmiş gömrük dəhlizinin yaradılması haqqında” Saziş 2022-ci il noyabrın 11-də Səmərqənd şəhərində imzalanıb. Dəhliz tərəflər arasında daşınan mallar barədə əvvəlcədən məlumat mübadiləsi etmək, onların gömrük prosedurlarının mümkün qədər asanlaşdırmaq məqsədi daşıyan, könüllülük əsasında və bütün nəqliyyat növlərində istifadə edilə bilən elektron sistemi nəzərdə tutur. Saziş qüvvəyə mindikdən sonra tərəflərin gömrük orqanlarının razılığı əsasında 6 aylıq Pilot Layihə icra olunacaq. Pilot Layihə dəhlizin praktiki reallaşdırılmasının təmin edilməsinə xidmət edəcək.

Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın yaratdığı Türk Dövlətləri Təşkilatında hazırda 5 üzv, 2 müşahidəçi dövlət (Türkmənistan və Macarıstan) təmsil olunur. Təşkilatın Macarıstanda da ofisi fəaliyyət göstərir. Türk Dövlətləri Təşkilatı yarandıqdan sonra Almatı, Bişkek, Qəbələ, Bodrum, Astana, Çolpan-Ata, Bakı, İstanbul, Səmərqənddə olmaqla doqquz Zirvə görüşü keçirilib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “Türk iqtisadi icmalı”na əsasən, 2021-ci il üzrə Türk dövlətlərinin ÜDM-i 1 trilyon 383 milyard ABŞ dolları, ticarət dövriyyəsi 855,7 milyard ABŞ dolları təşkil edib. 2022-ci ildə Türkiyə iqtisadiyyatı 5,6 faiz, Azərbaycan və Macarıstan iqtisadiyyatı 4,6 faiz, Türkmənistan iqtisadiyyatı 6,2 faiz, Özbəkistan iqtisadiyyatı 5,7 faiz, Qırğızıstan iqtisadiyyatı 7 faiz, Qazaxıstan iqtisadiyyatı isə 3,2 faiz böyüyüb. Dövlət büdcəsinin gəlirlərinin artımı baxımından ən yaxşı göstərici 100,6 faizlə Türkiyədədir.  Türkiyənin dövlət büdcəsinin gəlirləri 147 122,2 milyon ABŞ dolları olub. Xarici ticarətdə ən yüksək saldoya Qazaxıstan (ticarət balansı 34 350,4 milyon ABŞ dolları) və Azərbaycan (ticarət balansı 27 132,3 milyon ABŞ dolları) malikdir. 2022-ci il ərzində Türk Dövlətləri Təşkilatına daxil olan bütün ölkələrdə əsas kapitala yönələn vəsaitlərdə artım müşahidə edilib.

Vüqar Bayramov: "Son hadisələr Rusiya iqtisadiyyatına təzyiqi daha da  artırır"

Millət vəkili: “Azərbaycanın əldə etdiyi zəfərdən sonra Türk dövlətləri strateji əməkdaşlığı daha da gücləndiriblər”

İqtisadçı-alim, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramovun sözlərinə görə, son illər Türk dövlətləri arasında iqtisadi əlaqələrin sürətli inkişafı və ticarət dövriyyəsində kəskin artımlar müşahidə olunur: “2022-ci ildə Azərbaycanla Türk dövlətləri arasında ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 70.0 faiz artaraq 5 milyard 23 milyon dollardan 7 milyard 170 milyon dollaradək yüksəlib.

Ötən il yalnız bütün türk dövlətləri ilə ticarət dövriyyəmizdə artım qeydə alınıb. Qazaxıstan ilə dövriyyəmiz ötən il əvvəlki ilə nisbətən 4.4 dəfə artaraq 135 milyon 799 min dollardan 598 milyon 486 min dollaradək yüksəlib. Türkmənistan ilə dövriyyədə 5.1 dəfə artım qeydə alınıb. Ticarət dövriyyəmiz ötən il 105 milyon 23 min dollardan 535 milyon 397 min dollar çatıb. Özbəkistan ilə ticarətimizdəki 64.0 faizlik artım birgə dövriyyəmizi 111 milyon 903 min dollardan 2022-ci ildə 183 milyon 307 min dollaradək artırıb. Mərkəzi Asiyanın digər türk dövləti olan Qırğızıstan ilə də ticarət dövriyyəmizdə artım qeydə alınıb. İki dövlət arasındakı dövriyyə ötən il 17.0 faiz artaraq 9 milyon 18 min dollardan 2022-ci ildə 10 milyon 809 min dollaradək yüksəlib. Qardaş Türkiyə ilə dövriyyəmiz ötən il 6.0 milyard dollara yaxınlaşıb. 2021-ci ildə 4 milyard 661 milyon dollar olan ticarət dövriyyəsi ötən il 5 milyard 842 milyon dollaradək yüksəlib".

Millət vəkilinin fikrincə, ticarət dövriyyəsinin böyüməsi birbaşa Türk dövlətləri arasındakı münasibətlərin xüsusən son 2 ildə dərinləşməsi ilə bağlıdır: “Azərbaycanın əldə etdiyi zəfərdən sonra Türk dövlətləri strateji əməkdaşlığı daha da gücləndiriblər. Azərbaycanın Türk dövlətləri ilə ticarət dövriyyəsinin yaxın illərdə 15 milyard dollaradək yüksəlməsi hədəflənir. 21-ci əsr Türk dünyası əsridir”.

Onu da qeyd edək ki, TDT üzvü olan ölkələr qlobal ticarət xəritəsinin yenidən çizildiyi indiki dövrdə bu xəritənin mərkəzində yer alıblar. Asiyadan Avropaya Rusiyadankənar ərazilərlə ticarət daşımalarının ən optimal marşrutu məhz Qırğızıstan, Özbəkistan, Qazaxıstan və Azərbaycandan keçməklə Türkiyədən Avropaya uzanan Orta dəhlizdir. Hazırda bütün dünyanın diqqəti bu dəhlizin funksionallığının artırılmasında, daşımaların ən qısa müddət və aşağı qiymətlə həyata keçirilməsinin təmin olunmasına yönəlib. Ötən ilin aprelindən etibarən dünyanın aparıcı yükdaşıma şirkətləri bu dəhlizlə yüklərin daşınmasına başlayıblar və artıq getdikcə daha irihəcmli yüklər Orta dəhlizə yönəldilir. Dəhliz boyu ölkələrdə yükdaşımaların sürətlənməsi məqsədilə Avropa İttifaqı infrastruktur layihələrinə vəsait yatırmağa başlayıb. Eyni zamanda ABŞ da bu sahəyə investisiya yatırmaqda maraqlı olduğunu, Orta dəhlizi tam dəstəklədiyini dəfələrlə açıqlayıb. Aprelin 4-də ABŞ Ticarət katibinin qlobal bazarlar üzrə köməkçisi və ABŞ və xarici Ticarət Xidmətləri üzrə baş direktoru Arun Venkataraman media üçün brifinqdə ölkəsinin Orta dəhlizə böyük önəm verdiyini açıqlayıb: “ABŞ Orta dəhlizin inkişafını dəstəkləyir. Bu təşəbbüsün inkişafı, Orta dəhlizin tam işlək vəziyyətə gətirilməsi ticarət imkanlarını, dövriyyəni artıracaq. Biz yalnız Azərbaycan hökumətinin deyil, bütün regiondakı ölkələrin və tərəfdaşlarımızın Orta dəhlizi fəal fəaliyyət göstərən bir layihəyə çevirmək üçün göstərdikləri səyləri ciddi şəkildə dəstəkləyirik. Biz anlayırıq ki, Orta dəhlizin dayanıqlı və effektiv olması region boyu ticarət axınını gücləndirəcək və Orta dəhliz boyu ölkələrin vətəndaşlarının xeyrinə olacaq. Biz Azərbaycanı və region boyu ölkələri müxtəlif layihələrdə və proqramlarda dəstəkləyirik, ancaq eyni zamanda, ABŞ-ın özəl sektorunun logistika, nəqliyyat, rəqəmsallaşma sahəsində təcrübəsinin gətirilməsinin də Orta dəhlizin uğurlu olmasına imkan verəcəyinə inanırıq”.

Beləliklə, Asiyadan Avropaya uzanan ticarət yollarının üzərində yerləşən Türk dövlətləri üçün tarixi bir fürsət formalaşıb. Baş verənlər göstərir ki, onlar bu fürsətdən birlik və əməkdaşlığı daha da gücləndirmək üçün də istifadə etməyə çalışırlar. Aprelin 5-də Azərbaycan Milli Məclisi gömrük sazişini müzakirə edərkən Bakıda Qazaxıstan əmtəə istehsalçılarının Azərbaycan Respublikasında İqtisadi-ticarət missiyası və birgə biznes-forumu keçirilib. Tədbirdə çıxış edən Qazaxıstanın ticarət və inteqrasiya nazirinin müavini Kayrat Torebayev ölkələr arasında ticarət əlaqələrinin gələcəkdə də genişlənəcəyinə inamını bildirib: “Bizim Azərbaycana xüsusi maraq göstərməyimiz təsadüfi deyil, ölkələrimizi və xalqlarımızı çoxlu amillər birləşdirir ki, bunlardan biri qarşılıqlı ticarət əlaqələridir. Qazaxıstan və Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi ötən il 262 milyon ABŞ dolları olub və bu il ticarət dövriyyəsinin 15 faiz artacağı proqnozlaşdırılır. Azərbaycanda keçirilən biznes-forumda 23 Qazaxıstan şirkəti iştirak edir. Bu şirkətlər maşınqayırma, kənd təsərrüfatı, yüngül sənaye və digər sahələri əhatə edir.

Qazaxıstanda 1170-dən çox şirkət Azərbaycan kapitalı ilə fəaliyyət göstərir. Qazaxıstandan Azərbaycana ixrac edilən məhsulların içində üzən avadanlıqlar, dəmiryol relsləri, dənli bitkilər və sair var. Azərbaycandan isə müxtəlif avadanlıqlar və boru alışı xeyli dərəcədə artıb".

O bildirib ki, Qazaxıstanda “Azərbaycan ticarət evi” fəaliyyət göstərir: “Ticarət evi Astana şəhərində yerləşir. Düşünürəm ki, belə bir ticarət evi Alma-ata şəhərində də açılmalıdır, çünki bu şəhər bizim biznes mərkəzlərimizdən biridir. Qeyd etməliyəm ki, Bakıda da mütləq ”Qazaxıstan ticarət evi" açılmalıdır və bu da öz növbəsində ölkələrimiz arasında ticarət sahəsində informasiya mübadiləsini xeyli asanlaşdıracaq".

Azərbaycan və Özbəkistan arasında iqtisadi əlaqələr genişlənir/ Ayhan Satıcı/  İİTKM - Ereforms.gov.az

Ayhan Satıcı: “Gömrük dəhlizinin reallaşdırılması Orta dəhlizin də praktiki əhəmiyyətini artırır”

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Türk Dünyası Araşdırmaları Mərkəzinin rəhbəri vəzifələrini müvəqqəti icra edən Ayhan Satıcının fikrincə, gömrük dəhlizinin reallaşdırılması Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu olan Orta dəhlizin də praktiki əhəmiyyətini artırır: “Regionda baş verən yeni geosiyasi və geoiqtisadi reallıqlar çərçivəsində, 2020-2021-ci illərdə Orta dəhliz üzrə yük daşımaları 350 min tondan 530 min tona qədər artıb. Gömrük dəhlizinin yaradılması isə TDT ölkələri arasında sürətli yük daşımalarına, o cümlədən yük daşımaların həcmində nəzərəçarpacaq dərəcədə artıma gətirib çıxaracaq”.

Mərkəz təmsilçisi, həmçinin TDT hökumətləri arasında beynəlxalq kombinə edilmiş yük daşımalarının icra edilməsini regionda nəqliyyat əməliyyatlarını asanlaşdırmaq üçün mühüm addım hesab edir: “TDT ölkələri arasında yük daşımaları prosedurlarının asanlaşdırılması ilə yanaşı, Orta dəhliz boyunca əməkdaşlığın inkişafına, nəqliyyat, sərhəd və gömrük prosedurlarının rəqəmsallaşdırılmasına səbəb olacaq. Bu da öz növbəsində TDT ölkələri arasında, həmçinin marşrut boyunca tranzit potensialının artmasına və bu prosesdə iştirak edəcək ölkələrin regional və beynəlxalq nəqliyyat sistemlərinə inteqrasiya etməsinə töhfə verəcək”.

A.Satıcının fikrincə, Azərbaycanın bu proseslərdə aktiv şəkildə iştirak etməsini yalnız qəbul edilən qanun layihələri ilə deyil, Zəngəzur dəhlizi boyunca sürətlə aparılan işlərlə də müşahidə etmək mümkündür. Çünki Zəngəzur dəhlizi də Orta dəhliz üzrə Cənubi Qafqazdan keçən marşrutun diversifikasiyasına və türk dövlətləri arasında coğrafi baxımdan bağlantısına xidmət edir.

O əlavə edib ki, TDT ölkələri arasında Telekommunikasiya İnfrastruktur İndeksi (Tİİ) və İnsan Kapitalı İndeksi (HCİ) üzrə göstəricilər kifayət qədər yüksəkdir: “Bu kimi sahələrdə yüksək göstəricilərə malik ölkələrdə elektron məlumat mübadiləsi, gömrük prosedurlarının asanlaşdırılması, elektron ticarət qovşaqlarının yaradılması, xidmət və investisiya sektorları üzrə azad ticarət razılaşmalarının əldə edilməsi və ümumilikdə iqtisadi əməkdaşlığın dərinləşdirilməsi daha məqsədəuyğun hesab olunur.

Qeyd edim ki, ötən ilin noyabr ayında Səmərqənddə imzalanmış sənədin implementasiyası yaxın gələcəkdə türk dövlətləri arasında ticarət əlaqələrinin inkişafını daha da sürətləndirəcək. Nəzərə almaq lazımdır ki, 4,8 milyon kvadrat kilometr əraziyə, 170 milyon nəfərdən çox əhaliyə, 1,4 trilyon ABŞ dolları ÜDM-ə və 855 milyard ABŞ dollarından çox ticarət dövriyyəsinə malik türk dövlətləri bu gün Avrasiyada geoiqtisadi cəhətdən lokomotiv roluna sahib ola biləcək potensialdadır".

Dünya SAKİT,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR