İnsanlara hürriyət, millətlərə istiqlal!

TUNEL - MİR ŞAHİNİN YAZISI

Musavat.com Mir Şahin Ağayevin aktual mövzuda yazısını təqdim edir.

Bu yazıda Mir Şahin iki vətəndaşımızın həyatı bahasına baş verən hadisədən çıxarılacaq dərslərdən və gələcəyimizə xəbərdarlıqdan bəhs edir: Tunel bizim həyatımızı yox, gələcəyimizi nümunə olaraq göstərdi.

***

Çıxardığım dərs:

İlk növbədə:

-Biz hava haqqında məlumata son dərəcə ciddi yanaşmağı NƏHAYƏT!!! öyrənməliyik. Ekologiya və təbii sərvətlər nazirliyinin havanın necə olacağı barədə hər gün, hər saat yaydığı xəbərlər nə üçündür? Yağış, leysan, sel, çovğun, güclü külək…və s… xəbərdarlıqlarını müvafiq qurumlar ona görə yayır ki, hamı təbiətin ən gözlənilməz təkliflərinə hazır olsun. Təkcə dövlət qurumları yox, hər bir kəs! Televiziya, radio, sayt sinoptiklərin məlumatını ona görə hər saat yayır ki, evdən çıxanda hazırlıqlı olaq.
Çətir götürək.

Avtomobilsiz keçinə biliriksə, piyada gəzək. Leysan, sel xəbərdarlığı ondan ötrüdür ki, risk ərazilərinə daxil olmayaq. İldırım halında, dolu zamanı nə etmək lazımdır-onu bilək. Və ƏMƏL EDƏK! İnciməsin heç kim, amma, Qlobal İqlim Dəyişmələri nəhayət bizim özümüzü də Dəyişməlidir. Dövlət qurumları da adekvat, çevik olmalıdır. Məsələn, əgər leysanın davamlı xarakter daşıyacağı əvvəldən bəllidirsə və onu da bilirik ki, avtomobil yollarında hərəkət ənənəvi olaraq yenə də çətinləşəcək, o zaman son zamanların ən aktual mövzusu olan yol nişanları, ixtisaslandırılmış yeni zolaqlar hadisə dövründə dərhal qüvvədən salınmalıdır. Cəriməni həyatımız bahasına ödəməməliyik. O xüsusi təyinatlı yollardan, yasaq zonalarından belə hallarda hamı istifadə edə bilməlidir. Risk əraziləri xüsusi nəzarətə götürülməlidir. Ümumiyyətlə: Bakı çox yüklənib! Tıxac az qala milli təhlükəsizlik mövzusuna çevrilir. Avtomobillərin istifadəsi minimuma endirilməlidir ki, bugün olduğu kimi mürəkkəb vəziyyətlərdə şəhər asan idarə olunsun. Maşın sıxlığı proseslərin idarə edilməsinə mane olmasın. Və bu prosesdə hər kəs anlayışla iştirak etsin. Yağış bundan sonra da yağacaq, leysan yenə də olacaq, tufan, qasırğa, sel, daşqın…da o cümlədən. Olacaqlar. Həm də artacaqlar. Qlobal İqlim dəyişmələri yeni reallıqlar yaradır. Unutmayaq: Azərbaycan planetin tərkib hissəsidir. Lazımdırsa (və yəqin ki artıq lazımdır), həyətdə, damda, qarajda-əlçatan bir yerdə rezin qayığadək saxlamalıyıq. Maşınımızın yük yerində yüngül çadır olsun bəlkə? Yaponiyada avtomobillərin yük yeri zəlzələ şəraitinə artıq neçə illərdir ki uyğunlaşdırılıb. Hər şeyi dövlət etməli deyil. Mən su basmış həyətləri, yolları, zirzəmiləri, problem yaşayan sakinləri telefonu ilə çəkən çox adam gördüm. Amma FHN, DİN və s. əməkdaşlarına könüllü şəkildə yanaşan, zirzəmilərin sudan təmizlənməsi üçün yardıma tələsən kimisə, bağışlayın, görmədim. Qlobal İqlim Dəyişmələri ilə ayaqlaşmaq üçün ilk növbədə Qlobal İqlim Dəyişmələrini başa düşmək, öz dərində duymaq lazımdır.
Təbiəti hiss etməliyik.

Hava haqqında məlumata diqqətlə qulaq asmalıyıq. Qlobal İqlimlə bərabər biz də dəyişməliyik! İqlimin tərkib hissəsi olaraq! Əks təqdirdə bugün iki nəfər vətəndaşımız üçün sonuncu olan tunel sabah hər birimizi gözləyə bilər.

 

Mir Şahin Ağayev,
REAL TV-nin baş direktoru

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR