Onlayn ictimai-siyasi qəzet
İyulun 12-də Türkiyənin dövlət televiziyası olan TRT-də yayımlanan bir süjet Azərbaycan cəmiyyətində və bütün Türk dünyasında dərin təəssüf və hiddətlə qarşılandı. Belə ki, “TRT Kurdi” kanalı Güney Azərbaycanın qədim və strateji şəhərlərindən biri olan Urmiyanı “kürd şəhəri” kimi təqdim etdi, kürd musiqiləri və kürd dilində hazırlanan reportajla Urmiyanın kimliyini təhrif edən, tarixi və milli reallığa zidd bir mənzərə yaratdı.
Bəs bu hadisə sadəcə bir redaksiya səhlənkarlığı, cahillik və ya “vicdanlı yanılma” idi, yoxsa daha dərin, şüurlu şəkildə həyata keçirilmiş bir təxribat idi?
Urmiya Azərbaycan türklərinin minillər boyu yaşadığı və mədəniyyət mərkəzi kimi formalaşmış bir şəhərdir. İslam coğrafiyaşünasları - başda İstahri olmaqla - Urmiyanı Azərbaycanın ən böyük şəhərlərindən biri kimi təsvir ediblər. Şəhər əsrlərdir azərbaycanlıların əsas məskənlərindən biri olmaqla yanaşı, həm də Güney Azərbaycanın strateji və simvolik əhəmiyyət daşıyan mərkəzlərindən biridir.
“TRT Kürdi” isə öz süjetində bu açıq-aydın tarixi gerçəyi yox sayaraq, şəhəri kürd şəhəri kimi təqdim etməklə Türkiyə-Azərbaycan münasibətlərinə, ümumiyyətlə, Türk dünyasının qardaşlıq bağlarına kölgə salır. DAK-ın (Dünya Azərbaycanlıları Konqresi) nümayəndəsi Nurəddin Qərəvinin də qeyd etdiyi kimi, əgər obyektivlik prinsipi qorunacaqdısa, o halda eyni reportajda bölgədə kürd silahlı dəstələrinin Sulduz, Xoy, Maku və Urmiya ətrafında azərbaycanlılara qarşı törətdiyi zorakılıqlar da göstərilməli idi. Lakin belə olmadı.
Bəzi məqamlarda dövlət qurumlarının və media orqanlarının faktlara yanlış yanaşması mümkündür. Belə hallarda üzr istənilir, səhv düzəldilir. Amma Urmiyanın tarixi və demoqrafik gerçəkləri o qədər açıq və danılmazdır ki, bu səhlənkarlığı, sadəcə, məlumatsızlıq və ya texniki səhv kimi izah etmək olduqca çətindir.
Türkiyənin tanınmış elm adamı, Qazi Universitetinin professoru Aygün Attarın sərt tənqidi də bu nöqtəyə işarə edir: belə bir səhv ya cahillikdir, ya da “proqram məsuliyyətçilərinin xəyanətidir”. Üstəlik, xəritədə bölgənin “Kürdüstan” kimi təqdim edilməsi, kürd musiqiləri və simvollarının süjetə dominant şəkildə yerləşdirilməsi onun şüurlu şəkildə hazırlanmış və siyasi məna daşıyan bir addım olduğu ehtimalını daha da gücləndirir.
“Bununla da kifayətlənməyərək, bir də sərhəddən kənarda, həm də Türkiyə sərhədinə təxminən 50 km məsafədə yerləşən, eyni zamanda İraq sərhədinə çox yaxın olan, tarix boyunca Azərbaycan türklərinin ən sıx yaşadığı, son dərəcə strateji bölgəni kürd şəhəri kimi təqdim etməkdə məqsəd nədir? Heç olmasa Türkiyə Diyanət Vəqfinin nəşr etdiyi İslam Ensiklopediyasını oxusaydınız... Başda İstahri olmaqla, İslam coğrafiyaşünasları X-XIII əsrlərdə havasını, suyunu və meyvələrini təriflədikləri Urmiyəni (Rumiyə/Urumiyə) Ərdəbil və Marağa şəhərlərindən sonra Azərbaycanın üçüncü böyük şəhəri kimi təsvir etmişlər.
TRT dövlət büdcəsindən, Türk millətinin vergiləri hesabına maliyyələşir. Ona görə də Türk kimliyinə qarşı bu cür açıq hörmətsizlik qəbuledilməzdir. "TRT Kürdi" dərhal Güney Azərbaycan türklərindən üzr istəməli və bu xəritəni düzəltməlidir. Bu məsələ təkcə “bir xəritə səhvi” deyil, milyonlarla Güney Azərbaycan türkünün tarixini, kimliyini silmək cəhdidir".
Son illərdə Türkiyə daxilində və regionda kürd məsələsi ətrafında yaranmış vəziyyət bəzi dairələrdə “kürd sevimliliyi” tendensiyasını gücləndirib. “TRT Kürdi”nin fəaliyyət məntiqi də bəzən bu tendensiyanın təbliğatına xidmət edir. Belə təxribat xarakterli materialların yayılması isə həm Güney Azərbaycanda, həm də ümumən Türk dünyasında ciddi narazılıq doğurur və Ermənistan, İran və digər mərkəzlər tərəfindən də sui-istifadə edilə bilər.
Azərbaycan və Türkiyə münasibətləri tarix boyu yalnız qardaşlıq və tərəfdaşlıq deyil, həm də bir-birinin milli kimliyinə, tarixinə və ərazi bütövlüyünə hörmət üzərində qurulub. Türkiyə ictimaiyyəti və dövlət orqanlarının çoxu da bu prinsiplərə həmişə sadiq qalıb. Amma “TRT Kürdi”nin bu mövqe ilə ziddiyyət təşkil edən addımı təkcə bir jurnalist səhvi deyil, həm də bu möhkəm münasibətlərdə təhlükəli bir çat yarada biləcək məsuliyyətsizlikdir.
Məcid Araz
Cənubi Azərbaycan Milli Müqavimət Təşkilatının mətbuat katibi Məcid Araz “Yeni Müsavat”a açıqlamasında bildirib ki, reportajı hazırlayanlar Türkiyənin kürd əsilli vətəndaşlarıdır: “İstər-istəməz onlarda kürd milliyyətçiliyi özünü büruzə verir. ”TRT Kürdi"nin əsas redaktorundan tutmuş ən aşağı vəzifədə olan əməkdaşına qədər kürd əsillidir. Kürdlərin qədimdən bəri xəritə şəklində olsa da “Böyük Kürdüstan” iddiaları var. Düşünürəm ki, bu daha çox “TRT Kürdi”nin səviyyəsində olan məsələdir və Türk dövlətinin, bütövlükdə TRT kanalının siyasəti deyil. Güney Azərbaycan ictimaiyyətində və mediasında bununla bağlı müəyyən etirazlar da oldu. TRT rəhbərliyi gərək məsələ ilə bağlı mövqeyini bildirsin. Biz də üzərimizə düşəni edəcəyik ki, növbəti dəfə belə hal yaşanmasın. Milli fəallar, fərqli təşkilatlar əlaqəli yerlərə artıq öz etirazını bildirib. O cümlədən bizim təşkilat bu məsələdə fəallıq göstərdi".
Sabir Rüstəmxanlı
Dünya Azərbaycanlıları Konqresinin həmsədri Sabir Rüstəmxanlı qəzetimizə açıqlamasında bildirib ki, belə reportajları kürd əsilli jurnalistlər hazırlayırlar: “Bu jurnalistlər "Böyük Kürdüstan"ın təbliğatı ilə məşğul olurlar. Separatçılar Urmiyaya göz dikib deyə, hesab edirlər ki, Urmiya onların şəhəridir. Bu yaxınlarda Urmiyada xalqın böyük etirazı başlanmışdı. Şimali İraqın neft pulları ilə kürdlər silahlandırılır və Güney Azərbaycanda tarixi torpaqlarımıza iddia irəli sürürlər. Görünür, separatçıların təsiri artıq “TRT Kürdi”yə çatıb. Doğrudur, Urmiyada kürdlər, aysorlar yaşayır, lakin bu o demək deyil ki, ora kürdlərin ərazisidir. Belə təbliğatın cavabı Türkiyə mediasında da verilməlidir. Urmiya qədimlərdən Azərbaycanın paytaxtı olub, oranı kürd ərazisi kimi göstərmək nə məqsədi daşıyır?! Bunun bir açıqlaması var: kürdlər Cənubi Azərbaycanda bizim torpaqlarımıza göz dikiblər. Lakin “TRT Kürdi”də gedən material nə kanalın, nə də Türkiyənin mövqeyi sayıla bilməz. Bu, sadəcə, bir qism şəxsin təxribatıdır, Urmiyada qarşılarına çıxan kürdlərin fitvası ilə belə bir veriliş hazırlayıblar".
Şahanə RƏHİMLİ,
“Yeni Müsavat”
15 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ