Onlayn ictimai-siyasi qəzet
“Biz Azərbaycan Respublikası ilə əlaqələrimizi və terrorizmə qarşı mübarizədə, enerji təhlükəsizliyinin inkişafında, qonşunuzla sülhə nail olmaq istiqamətində ABŞ-la tərəfdaşlığınızı yüksək qiymətləndiririk”.
“Yeni Müsavat” xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevə göndərdiyi təbrik məktubunda belə deyilir. O qeyd edib ki, 30 ildən artıq diplomatik münasibətlərimiz müddətində əlaqələrimiz əhəmiyyətli dərəcədə inkişaf edib: “Biz ümidvarıq ki, ikitərəfli prioritetlərimiz, o cümlədən təhlükəsizlik sahəsində əməkdaşlığımız, iqtisadi münasibətlərimiz və enerji inkişafı üzrə tərəfdaşlığımız bundan sonra da davam edəcək”. Prezident deyib ki, 30 ildən artıq diplomatik münasibətlərimiz müddətində əlaqələrimiz əhəmiyyətli dərəcədə inkişaf edib: “Biz ümidvarıq ki, ikitərəfli prioritetlərimiz, o cümlədən təhlükəsizlik sahəsində əməkdaşlığımız, iqtisadi münasibətlərimiz və enerji inkişafı üzrə tərəfdaşlığımız bundan sonra da davam edəcək. Biz qarşıdakı illərdə və onilliklər ərzində daha dərin tərəfdaşlığa ümid edirik”.
ABŞ-ın dövlət katibi Marko Rubio da Azərbaycanı 28 May Müstəqillik Günü münasibətilə Amerika xalqı adından təbrik edib. Təbrik ABŞ Dövlət Departamentinin saytında dərc olunub.
Rubio məktubunda qeyd edib ki, ABŞ Azərbaycanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyir: “Birləşmiş Ştatlar Cənubi Qafqazın çiçəklənməsi üçün mühüm əhəmiyyət kəsb edən regionda sülh və sabitliyin təşviqi səylərini dəstəkləməkdə davam edir. Biz bu il Azərbaycan və Ermənistanın sülh müqaviləsinin mətni üzrə əldə etdiyi razılaşmanı dəstəkləyirik. Biz Azərbaycanın artan əhəmiyyətini və enerji tədarükçüsü kimi də rolunu tanıyırıq”.
Dövlət katibi qeyd edib ki, ABŞ-la Azərbaycan arasında 33 il ərzində qurulan tərəfdaşlıq təhlükəsizlik, enerji əməkdaşlığı və iqtisadi artım sahələrində ümumi maraqlar naminə irəliləməkdədir: “Biz əməkdaşlığımızı dərinləşdirməyi və Azərbaycan və bütün region üçün dinc, firavan gələcəyi təmin etmək üçün birgə işləməyi səbirsizliklə gözləyirik”.
Azərbaycan Prezidenti müsahibələrinin birində Azərbaycan-ABŞ münasibətlərini xarakterizə etmək üçün olduqca aydın və maraqlı arqumentlər səsləndirib. Məsələn, dövlət başçımız demişdi ki, cənab Tramp tamamilə yeni gündəliklə hakimiyyətə gəlir və onun birinci dönəmində Amerika-Azərbaycan əlaqələrində hər hansı bir problem yaşanmadı: “Əksinə, münasibətlər çox müsbət idi və bir çox istiqamətlər üzrə biz irəliləyişə nail ola bilmişdik. Bayden administrasiyasının Azərbaycanla bağlı əsas səhvi ondan ibarət idi ki, o, Amerika-Azərbaycan münasibətlərini Amerika-Ermənistan münasibətlərinin qurbanına çevirdi”.
ABŞ Azərbaycanın ərazi bütövlüyünü və müstəqilliyini tanıyır və daim dəstəkləyir. Təbii ki, Bakı da bu siyasi mövqeyə cavabsız qalmır. Belə ki, rəsmi Bakı qlobal proseslərdə və yeni dünya nizamının qurulmasında həlledici söz sahibi olan Amerika Birləşmiş Ştatları ilə əlaqələrə, ikitərəfli münasibətlərin bərabərhüquqlu tərəfdaşlıq səviyyəsində inkişafına böyük önəm verir.
Azərbaycanla ABŞ arasında uzun illərə əsaslanan strateji müttəfiqlik var. Ölkəmiz Əfqanıstanla, Əfqanıstana təyyarələrin gedişi ilə, təhlükəsizliklə, enerji təhlükəsizliyi bağlı məsələdə ABŞ-la sıx əməkdaşlıq edib. Təəssüf ki, Bayden administrasiyası dövründə Azərbaycana qarşı qərəz, ikili standart və ədalətsiz yanaşma müşahidə etdik. Azərbaycanın Tramp administrasiyasına ümidi böyükdür. Bu müsahibədə onun verdiyi mesajları Azərbaycan cəmiyyəti də bölüşür, ümidlər böyükdür. Ona görə biz hesab edirik ki, Azərbaycan-Amerika strateji əlaqələri daha da yaxşılaşa bilər.
Qeyd edək ki, Donald Tramp hakimiyyətə gəldikdən sonra Azərbaycan Prezidenti İlham Əliyev vurğulayıb ki, əgər hər iki tərəf maraqlı olsa, Amerika-Azərbaycan əlaqələrini strateji səviyyəyə qaldırmaq mümkündür. Azərbaycanın Cənubi Qafqazın aparıcı ölkəsi, Qlobal Cənubun bir hissəsi olduğunu xatırladan dövlət başçısı qeyd edib ki, bizim Qoşulmama Hərəkatında güclü mövqeyimiz, Mərkəzi Asiya ilə yaxşı əlaqələrimiz var; İqtisadi baxımdan güclü, enerji resurslarına, ordusunun döyüş meydanında sübuta yetirilmiş gücə malik olan ölkə olduğumuzu vurğulayan Prezident əlavə edib: “Buna görə biz Birləşmiş Ştatlar üçün çox mühüm tərəfdaş ola bilərik”.
Azərbaycan-ABŞ münasibətlərinin strateji olması üçün kim nə etməlidir?
Oqtay Qasımov
Siyasi ekspert Oqtay Qasımovun “Yeni Müsavat”a bildirdiyinə görə, Trampın son üç ayda Azərbaycan Prezidentinə göndərdiyi iki məktubunda əlaqələrin möhkəmləndirilməsindən bəhs olunur. Onun fikrincə, hər iki məktub Baydenin Prezident Əliyevə göndərdiyi məktublardan konstruktivliyi, səmimiliyi və məzmunu baxımdan fərqlənir: “Bu məktublarda tərəfdaşlığın əhəmiyyəti vurğulanır. Azərbaycan Prezidenti də dəfələrlə bəyan edib ki, Vaşinqtonla əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsinin tərəfdarıdır. Ancaq ABŞ-da kök salmış erməni təəssübkeşliyi ar. Bu da təsadüfi deyil. Ermənilərin Birləşmiş Ştatlarda 100 ildən çox tarixi olan diasporu mövcuddur. Hazırda ANCA və digər təşkilatlar lobbiçilik fəaliyyətində olduqca fəaldır. Onlar Senat və Konqreslə də ciddi münasibətlər qurublar. Eyni zamanda erməni diasporuna dəstək verən lobbi qrupları var. Misal üçün, yunan və paniranist lobbi qrupları erməni diasporuna dəstək verir”.
O.Qasımova görə, elə bu gücün nəticəsidir ki, "907-ci düzəliş" qəbul olunub: “Bayden dövründə Azərbaycana qarşı ermənipərəst və qərəzli münasibət isə özünün pik nöqtəsinə çatmışdı. Tramp hakimiyyətindən sonra bəzi yanaşmalar fərqlənsə də, bu istiqamətə kardinal və əsaslı dəyişikliklərdən danışmaq hələ tezdir. Təbii ki, Azərbaycan bu münasibətlərin yaxşılaşmasında maraqlıdır. Üstəlik, bir sıra sahələrdə əməkdaşlıq formatlarımız mövcuddur: beynəlxalq terrorizmlə mübarizə, enerji sahəsi və s. Habelə, Cənubi Qafqazda dayanıqlı sabitliyin əldə olunmasına ehtiyac var və ABŞ-ın bu yöndə dəstəyi vacibdir”.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
31 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ