Onlayn ictimai-siyasi qəzet
“Co Baydenin prezidentlik yarışından çıxacağı çoxdan gözlənilən idi. Demokratlar onun yerinə vitse-prezident Kamala Harrisin namizədliyini irəli sürürlər. Seçkilərə bir o qədər də çox vaxtın qalmadığını, prezidentliyə namizəd Donald Trampa bu yaxınlarda edilmiş sui-qəsdin onun reytinqinə birbaşa müsbət təsirini nəzərə alsaq, deyə bilərik ki, Harrisin seçkilərdə uğur qazanmaq şansı çox aşağı olacaq”.
Bu barədə Musavat.com-a açıqlamasında sabiq maliyyə naziri, professor Fikrət Yusifov bildirib. O qeyd edib ki, seçkilərdə Trampın qələbəsi Demokratlar üçün ciddi bir zərbə olacaq və cəmiyyətdə onların nüfuzu uzun müddət üçün zədələnmiş qalacaq. Demokratlar bunun fərqindədirlər. Elə bu səbəbdən də onların noyabr seçkilərində qalib gəlmək üçün bütün resurslardan maksimum istifadə edəcəkləri gözləniləndir: “Aparılan sorğular göstərir ki, Amerikada seçicilərin 20%-dən çoxu hələlik kimə səs verəcəyini müəyyənləşdirməyib. Bir sözlə, ilk baxışda Donald Trampın bu seçkilərdə qalib gələcəyi nə qədər real görünsə də hakimiyyət resurslarından istifadə edəcək Demokratlar sonuncu seçkilərdə olduğu kimi Trampı məğlub etməyə çalışacaqlar. Trampın indiki halda seçkiləri az bir fərqlə də olsa uduzması isə bu dəfə Amerikada gerçək vətəndaş müharibəsinə səbəb ola bilər. Çünki Trampın tərəfdarları bu dəfə gerçəkdən onun qəsdən uduzdurulduğuna inanacaqlar. Əksəriyyəti cahil olan Tramp sevgili amerikanlar artıq indidən demokratlara hədə-qorxu gəlirlər. Bir sözlə, noyabr ayında ABŞ-da siyasi hərarət maksimum dərəcəyə yüksələcək”.
O ki, qaldı Kamala Harrisin ermənipərəst olmasına, sabiq nazir qeyd etdi ki, bunların hansı nə vaxt türkpərəst, azərbaycanlıpərəst olublar ki? Heç zaman. Ermənilərlə bunların arasında böyük bir xristian həmrəyliyi olduğu halda türkə, türk dünyasına qarşı böyük bir nifrət var. O səbəbdən Qərb dövlətlərinin başında kimin dayanmasından asılı olmayaraq o dövlətlərin türkə münasibəti heç vaxt dəyişməyəcək: “Çünki türk dünyaya ədalət gətirmiş və tarix boyu onun uğrunda savaşmışdır. Bunlara isə öz çirkin maraqlarını reallaşdırmaq yolunda nə düzgünlük nə də ədalət lazım deyil”.
Etibar Seyidağa,
Musavat.com
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ