Onlayn ictimai-siyasi qəzet
Ermənistan baş naziri Nikol Paşinyan Donald Trampın diqqətini çəkmək və ölkəsinin imicini gücləndirmək məqsədilə ABŞ-da lobbi fəaliyyətinə start verib.
Musavat.com xəbər verir ki, bu məqsədlə “Mercury” adlı PR və lobbi şirkəti ilə müqavilə imzalanıb.
Müqaviləyə əsasən, “Mercury” şirkəti Ermənistana məsləhət və imic formalaşdırma xidmətləri göstərəcək. Bu xidmətlərin aylıq dəyəri 50 000 ABŞ dolları təşkil edir. Şirkətin əsas hədəfi Ermənistanı ABŞ üçün “Cənubi Qafqazda strateji və geosiyasi baxımdan önəmli tərəfdaş” kimi təqdim etməkdir. Rəsmi sənədlərdə Ermənistan Vaşinqtonun “regional və qlobal maraqları baxımından əhəmiyyətli ölkə” kimi xarakterizə edilir.
Bu addım ABŞ-da administrasiya dəyişikliyi fonunda atılıb. Belə ki, əvvəlki prezident Co Bayden dövründə Vaşinqtonun İrəvana münasibəti daha pozitiv idi. Lakin Donald Trampın yenidən hakimiyyətə gəlməsi ilə ABŞ-ın Cənubi Qafqaz siyasətində öncül mövqe Bakıya verilib. Bu da ABŞ-Ermənistan arasında əvvəlki dövrdə əldə edilən bir çox razılaşmaların dondurulmasına səbəb olub.
Analitiklər Paşinyanın bu PR addımını Tramp administrasiyası ilə münasibətləri bərpa etməyə və Ermənistanın ABŞ-dakı mövqeyini gücləndirməyə yönəlmiş taktiki manevr kimi qiymətləndirirlər. Gözləntilərə görə, bu lobbi kampaniyası yaxın aylarda daha da intensivləşəcək.
Musavat.com
02 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ