İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampın Qəzzanı ələ keçirmək və fələstinliləri köçürmək planlarına DÜNYADAN ŞOK REAKSİYA

Musavat.com xəbər verir ki, “Reuters” ABŞ prezidenti Donald Trampın Qəzzanı ələ keçirmək və fələstinliləri köçürmək planlarına dair fikirlərinə münasibət bildirən ölkələrin reaksiyalarını toplayıb.

Həmin reaksiyaları təqdim edirik:

Səudiyyə Ərəbistanı XİN: “Səudiyyə Ərəbistanı fələstinlilərin torpaqlarından çıxarılması üçün istənilən cəhdi rədd edir. Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman krallığın bu məsələdə mövqeyini “açıq və dəqiq şəkildə, heç bir təfsirə imkan verməyəcək formada” təsdiqləyib”.

Almaniyanın xarici işlər naziri Annalena Berbok hesab edir ki, Qəzza zolağı fələstinlilərə məxsusdur və onların sürgün edilməsi qəbuledilməzdir, beynəlxalq hüquqa ziddir.

Böyük Britaniyanın xarici işlər naziri Devid Lämmi: “Biz həmişə aydın şəkildə bildirmişik ki, iki dövlət prinsipinə əsaslanmalıyıq. Fələstinlilər Qəzzada və İordan çayının qərb sahilində öz vətənlərində yaşamaq və inkişaf etmək imkanına sahib olmalıdırlar”.

Fransa Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Kristof Lemoan: “Fransa bir daha bildirir ki, Qəzzadakı fələstinli əhalinin zorla köçürülməsinə heç bir halda razı deyil. Bu, beynəlxalq hüququn ciddi şəkildə pozulması olacaq”.

İspaniyanın xarici işlər naziri Xose Manuel Albarez: “Bu məsələ ilə bağlı aydınlıq gətirmək istəyirəm: Qəzza, orada yaşayan fələstinlilərin torpağıdır və onlar Qəzzada qalmalıdırlar”.

Misirin xarici işlər naziri Bədr Əbdülati Fələstin baş naziri Məhəmməd Mustafa ilə Qəzzanın bərpası layihələrinin fələstinlilərin ərazini tərk etmədən irəlilədilməsinin vacibliyini müzakirə edib.

Kremlin sözçüsü Peskov: “Rusiya hesab edir ki, Yaxın Şərqdə nizamlanma yalnız iki dövlət prinsipinə əsaslana bilər”.

Çin XİN: “Çin ümid edir ki, bütün tərəflər atəşkəs və münaqişədən sonrakı idarəetməni, Fələstin məsələsini iki dövlətli həll yoluna yönləndirmək üçün bir imkan kimi qəbul edəcəklər”.

Türkiyənin xarici işlər naziri Hakan Fidan: “ABŞ prezidenti Donald Trampın Qəzzanı ələ keçirməklə bağlı planına dair açıqlamaları qəbuledilməzdir. Fələstinliləri bərabərlikdən kənarda qoyan istənilən plan daha böyük münaqişəyə səbəb olacaq”.

Fələstin prezidenti Mahmud Abbas bəyan edib ki, fələstinlilər torpaqlarından, hüquqlarından və müqəddəs məkanlarından əl çəkməyəcəklər. Qəzza zolağı, İordan çayının qərb sahili və Şərqi Qüds ilə birlikdə, Fələstin Dövlətinin ayrılmaz bir hissəsidir.

İranın yüksək vəzifəli rəsmisi: “İran fələstinlilərin hər hansı köçürülməsinə qarşıdır və bu mövqeyini müxtəlif kanallar vasitəsilə çatdırıb”.

İrlandiyanın xarici işlər naziri Saymon Harris: “Burada istiqamət tamamilə aydındır: biz iki dövlətli həll yoluna ehtiyac duyuruq. Həm Fələstin xalqı, həm də İsrail xalqı yan-yana, təhlükəsiz dövlətlərdə yaşamaq hüququna malikdir və diqqət məhz bu məsələyə yönəlməlidir. Qəzza sakinlərinin başqa yerə köçürülməsi ideyası BMT Təhlükəsizlik Şurasının qətnamələrinə açıq şəkildə zidd olacaq”.

Avstraliyanın baş naziri Entoni Albaniz: “Avstraliyanın mövqeyi bu gün səhər necə idisə, ötən il də elə idi. Avstraliya hökuməti iki dövlət prinsipini iki tərəfli əsasda dəstəkləyir”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR