Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, ABŞ-ın prezidenti Donald Trampın əmri ilə İranın üç nüvə obyektinə – Fordo, Natanz və İsfahana qarşı həyata keçirilən hava hücumu Yaxın Şərqdə gərginliyi pik həddə çatdırıb. Trampın rəsmi Truth hesabından etdiyi açıqlamada hücumun uğurla başa çatdığı, bütün təyyarələrin İran hava məkanını tərk etdiyi və əsas hədəf olan Fordoya “tam bombalanma paketi” ilə zərbə endirildiyi bildirilir.
Amma bu hücumun ətrafında dolaşan detallar bu hadisənin sadə hərbi eskalasiya olmadığını göstərir. Məsələ ondadır ki, CBS telekanalının məlumatına görə, ABŞ hücumdan əvvəl İranla əlaqə saxlayıb və bildirib ki, bu zərbələr yalnız nüvə infrastruktura yönəlib və onların məqsədi Tehranda rejimi dəyişmək deyil. Bu isə suallar doğurur: əgər məqsəd yalnız mesaj verməkdirsə, bəs niyə bu qədər dramatik addım?
Digər tərəfdən, İran tərəfi də olduqca qəribə reaksiyalar verib. İran dövlət televiziyasının siyasi direktorunun müavini Həsən Abedini və parlament sədrinin strateji müşaviri Mehdi Məhəmmədi bəyan ediblər ki, hücum gözlənilən idi, obyektlər boşaldılmışdı və əslində ciddi ziyan yoxdur. Məhəmmədi iddia edir ki, Fordo təsisi çoxdan boşaldılıb və hücumda geri dönməz zərər olmayıb.
Bütün bunlar ABŞ-İran qarşıdurmasının real hərbi toqquşmadan daha çox siyasi və strateji oyun olduğunu düşünməyə əsas verir. Musavat.com-un analitikləri bu vəziyyəti “danışılmış eskalasiya” ola biləcəyindən şübhələnirlər. Çünki bu oyunun hər iki tərəfə qazandırdığı üstünlüklər var: Tramp administrasiyası daxildə “qətiyyətli lider” obrazını möhkəmləndirir, İranın mollakratiyası isə xalqına “müqavimət göstərdik və sağ çıxdıq” mesajı verir. Nəticədə, ABŞ sifətini, Tehran rejimi hakimiyyətini qoruyur.
İranı bombaladan prezident Trampın ABŞ təyyarələri İran sərhədini keçər keçməz "indi sülh bağlamaq olar", mesajı paylması da qəribə, qeyri - adekvat və şübhəyaradıcı səslənir. Sən İranın 3 nüvə təsisini vur, dağıntıların tüstüsü çəkilmədən bəyan et ki, indi sülh danışıqlarına başlamaq olar...
ABŞ Konqresində də bu proseslər ətrafında böyük gərginlik yaşanır. Respublikaçı konqresmen Tomas Massi Trampın bu hücumlarını Konstitusiyaya zidd hesab edərək, prezidentin təkbaşına İrana müharibə elan etməsinə qarşı qətnamə təqdim edib. Onun fikrincə, bu addım ABŞ-ın demokratik qərarvermə proseslərinə zərbədir.
Eyni zamanda, The New York Times yazır ki, Fordo obyektinə 30 tondan çox bomba – o cümlədən “bunker-buster” tipli GBU-57 bombaları atılıb. Amma nəticə olaraq nə İranın rəhbərliyində dəyişiklik baş verib, nə də xalq etirazlara qalxıb. Rejim yerindədir. Bəs onda bu zərbə kimə idi?
Bəlli olur ki, partladılan nüvə təsislərində zənginləşdirilmiş uran yox imiş.
Olsa idi, indi region radiasiya fəlakəti yaşamalı idi...
Bütün bu detalları nəzərə alanda belə bir təsəvvür yaranır: Tramp və Tehran arasında hərbi ssenari ilə siyasi manevrlər sanki paralel gedir.
Müharibə başladımı? Bəli. Amma bu müharibə raketlərlə deyil, daha çox beynəlxalq siyasət səhnəsində, daxili ictimai rəyin manipulyasiyasında baş verir. Bu isə onu göstərir ki, Yaxın Şərqdə döyüşlər qədər diplomatik teatr da oynanılır.
Musavat.com
22 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ