Onlayn ictimai-siyasi qəzet
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp bu ilin sonuna qədər Ukraynada müharibəni dayandırmağa cəhd edə bilər.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın gələcək prezidentinin xüsusi nümayəndəsi Kit Kelloq deyib.
“İndi bunun üçün mükəmməl vaxtdır. Mən həqiqətən inanıram ki, seçkiqabağı kampaniyası zamanı bu vədi (müharibəyə son qoymaq) vermiş prezident Tramp yerinə yetirəcək və bu, reallaşacaq. Düşünürəm ki, həmin hadisə bu il baş verəcək. Onun bunu etmək üçün lazımi qabiliyyət və imkanları var”, - deyə, Kelloq Fox Business kanalında açıqlayıb.
Onun sözlərinə görə, Moskva və Kiyev sülh danışıqlarına hazırdır və Tramp danışıqların başlamasına kömək edə bilər, çünki onun bunu etmək üçün “təsəvvürü və enerjisi var”.
Qeyd edək ki, bundan əvvəl Reuters mənbələri Kelloqun Kiyevə səfər etməyi planlaşdırdığını xəbər edib. Trampın xüsusi nümayəndəsi həmçinin Avropa paytaxtlarında, xüsusən də Roma və Parisdə liderlərlə görüşlərə hazırlaşır. Bundan başqa Kelloqun Avropaya səfəri zamanı Moskvaya da baş çəkə biləcəyi barədə xəbərlər dolaşır. Lakin Kreml bu barədə məlumatı olmadığını və Tramp komandası ilə bu məsələ ilə bağlı ilkin danışıqlar aparmadığını bildirib.
Musavat.com
19 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ