Onlayn ictimai-siyasi qəzet
"Trampın komandası ilə Rusiya arasında danışıqların başladığı barədə dünya mediasında məlumatlar yayılır. Bütün bunlar isə Ukraynadakı müharibənin taleyinə birbaşa təsir göstərir".
Musavat.com bildirir ki, bu barədə politoloq Zeynal Əmrəliyev özünün "facebook" profilində status paylaşıb.
Politoloq qeyd edib ki, ABŞ - da keçirilən prezident seçkilərində Donald Trampın qalib gəlməsindən sonra Ukraynanın gələcəyi taleyi ən çox müzakirə edilən mövzulardan biridir. Seçkiqabağı kampaniyasında müharibəni bitəcəyini açıqlamış Trampın bunun üçün hansı yoldan istifadə edəcəyi maraqlı gözlənilir:
"Trampın seçilməsi Avropa dövlətlərini də ehtiyyatlı olmağa vadar edib. Çünki onlar yaxşı bilirlər ki, ABŞ - dən dəstək verilməsə Ukraynada qalib gəlmək mümkün deyil. Əgər olası təmaslarda Moskva və Vaşinqton arasında razılıq əldə edilərsə o zaman Ukraynaya veriləcək dəstək azaldıla bilər".
Polutoloqun fikrincə, Kiyevi qarşıda 3 ssenari gözləyir:
"Birincisi, ABŞ və Rusiyanın razılığa gələ bilməməsi və savaşın davam etməsidir. Bu halda həm ABŞ, həm də müttəfiqləri Ukraynaya dəstəyi davam etdirəcək, hətta Rusiyanı masaya otdurmaq üçün daha da gücləndirəcəklər. Belə olan halda müharibə daha da şiddətlənəcək.
İkinci variant, Moskva və Vaşinqton arasında razılıq əldə ediləcək, Qərb Ukraynanı atəşkəsə məcbur edəcək. Münaqişə dondurulacaq və Ukraynanın yenidən dirçildilməsi üzərində iş aparılacaq. Rusiyanın buna razı olacağı inandırıcı deyil. Kremlin məqsədi Ukraynanı tamamilə kapitulasiyaya məcbur etməkdir.
Üçüncü və bu günlərdə müzakirə çıxarılan variant isə Kiyevin Krımdan imtina etməsi və bunun əvəzində Rusiyanın ələ keçirdiyi torpaqları Ukraynanın federasiya şəklində yenidən təşkil edilməsi şərti ilə geri qaytarılmasıdır. Vladimir Zelinski bu ehtimalı nəzərə alaraq Trampın inaqurasiya mərasiminə qədər Qərbdən maksimum dəstək almaq və Krım üzərinə həlledici hücuma keçmək istəyir. Lakin Ukraynanın Krımda uğur qazanması indiki halda çox da inandırıcı görünmür.
Görünən odur ki, Donald Trampın Rusiya ilə münasibətləri aydınlaşana qədər ABŞ - nin Ukraynaya dəstəyə davam edəcək. Bunu nəzərə alan rəsmi Kiyev son günlər Çinlə əməkdaşlığı maksimum səviyəyə qaldırıb. Əgər ABŞ Rusiya ilə dil taparsa Zelinski Çindən maksimum dəstək əldə etmək üçün hərəkətə keçəcək. Görünən budur ki, ənənəvi müttəfiqlərin dəyişməsi Ukrayna üzərində də tərəflərin mövqeyini dəyişməsinə gətirib çıxaracaq. Bu baxımdan Donald Trampın hakimiyyətə qayıdışı gizləndiyi kimi Ukraynada müharibəni bitirməməyə, əksinə, daha da gücləndirə bilər".
Xalidə Gəray
Musavat.com
03 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ