İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampın “əks Nikson” və ya “əks Kissincer” planı

ABŞ prezidenti Donald Tramp ABŞ-ın onilliklər boyu davam edən xarici siyasətini tərsinə çevirib. İndi ABŞ sürətlə Rusiya ilə yaxınlaşır. Donald Tramp Ukrayna müharibəsində Rusiya hakimiyyətinin tərəfini tutur, Ukrayna prezidenti Vladimir Zelenskiyə Rusiyanın sərt şərtlərini qəbul etməsi üçün təzyiq edir. Rusiya Ukraynanı bəzi ərazilərini işğal edəndə Tramp belə bir təzyiq göstərdi.

O, həmçinin avropalı müttəfiqlərinə ABŞ-dan onların müdafiəsi üçün yardım göstərməyə davam edəcəyini gözləməmələrini söylədi. Bütün bu hadisələr Putinə dəstəkdən xəbər versə də, ABŞ-ın yeni diplomatik strategiya qəbul edib-etmədiyi sualı da gündəmə gəlir. Bu, Rusiyanı Çindən uzaqlaşdırmaq üçün daha böyük planın bir hissəsi ola bilərmi? Yoxsa Trampın hərəkətləri sadəcə onun şəxsi hisslərinin və Putinə yaxınlığının əksidir?

Siyasi şərhçi Heydər Oğuz Musavat.com-a deyib ki, Trampın son zamanlar yürütdüyü siyasəti yalnız onun beyninin məhsulu olduğuna inanmır:

f5ce6e2915e7ae1d337069f920b9ef3e-2.jpg (101 KB)

“ABŞ ciddi dövlətdir və istənilən xarici siyasətin yalnız prezident tərəfindən planlaşdırılıb həyata keçirildiyi iddiaları doğru mülahizələr deyil. Fikrimcə, bu kimi siyasətlər ABŞ-ın “dərin dövləti” tərəfindən hazırlanır və prezidentlər onu həyata keçirmək üçün hakimiyyətə gətirilir. Bu baxımdan, Tramp da ABŞ-ın gerçək siyasi iradəsinin bir oyunçusudur və o, öncədən planlaşdırılmış bir ssenaridə öz rolunu oynayır”.

Heydər Oğuzun fikrincə, Trampın Ukrayna bağlı siyasətləri həm Rusiya və Ukraynanı, həm Çini, həm də Avropa ölkələrini hədəfə alır: “Ukrayna savaşının son mərhələsinin başladığı 3 il ərzində ABŞ-ın yürütdüyü siyasətlərə nəzərə salsaq görürük ki, zaman-zaman Ukrayna açıq şəkildə müdafiə olunur, bəzən isə Rusiya qarşısında yalnız buraxılır. İlk bu cür yalnız buraxılma Ukraynanın Rusiyanı bir çox ərazilərindən uzaqlaşdırıb 2023-cü ilin yay aylarında əks-hücum əməliyyatlarına başlayanda baş verdi. ABŞ Konqres və Senatdakı fikir ayrılıqlarını bəhanə gətirib Ukraynaya 7 ay boyunca yardımı dayandırdı. Halbuki, həmin ərəfədə Ukraynanın daha çox hərbi dəstəyə ehtiyacı vardı və ona lazımi dəstək, xüsusilə də müasir təyyarələr verilsəydi, Ukrayna qısa müddətdə Rusiyanı bütün ərazilərindən çıxara və bəlkə də müharibəni bitirə bilərdi. Amma bu ümidlər özünü doğrultmadı və Ukrayna indiyədək bərpa edə bilmədiyi yaralar aldı. ABŞ-ın bir də ən ciddi hərbi dəstəyini biz hardasa 1 ildən sonra Rusiyanın Xarkov və ətrafını ələ keçirmək üçün hərəkətə keçdiyi zaman gördük. O vaxta qədər Ukraynaya verilən uzunmənzilli artilleriya silahlarından istifadəsinə icazə verməyən ABŞ bu məhdudiyyəti aradan qaldırdı və 300 km. mənzilli HİMARS tipli raketlərlə Ukrayna rus ordusunu geri oturtdu.

Müharibənin seyrinə nəzər salsaq, Ukrayna bu gün də özünün həlledici mərhələsində idi. Faktiki olaraq, Rusiyanın bütün hücumlarını dayandırıb və bəzi ərazilərdə üstünlük qazanmışdı. Məlumatlara görə, Rusiya hərbi təchizat baxımından da ciddi problemlərlə üzləşmiş, iqtisadi cəhətdən böhran yaşayırdı. Trampın Ukraynaya qarşı sanksiyaları məhz bu məqamda həyata keçirildi. Bütün bu dalğavari yardım kampaniyalarını və tərəflərin üz-üzə qaldıqları problemləri ümumiləşdirərək nəzərdən keçirsək, ortaya müdhiş bir reallıq çıxır – ABŞ Ukrayna cəbhəsində hansısa tərəfin üstünlük qazanmasını istəmir və müharibənin uzun müddət davam etməsini planlaşdırır”.

Siyasi şərhçinin fikrincə, bu strategiya yalnız ABŞ tərəfindən yox, Avropa ölkələri tərəfindən də həyata keçirilir: “Almaniya Xarici Kəşfiyyat Xidmətinin prezidenti Bruno Kahlın bir neçə gün öncə verdiyi bir bəyanat da fikrimizi təsdiqləyir. Kəşfiyyat şefi eynilə belə demişdi: “Ukraynada müharibə daha 5 il davam edərsə, Avropa daha təhlükəsiz olar". Yəni Rusiya daha çox tükənər və Avropanı təhdid edən rus xofu zəifləyər. Və üstəlik, bu 5 il ərzində Avropa öz müdafiə sistemini də gücləndirər. İstər ABŞ-ın Ukrayna ilə bağlı dalğavari siyasətləri, istərsə də alman kəşfiyyat şefinin bu etirafları Qərb imperializminin rus-Ukrayna savaşının tezliklə bitməsində maraqlı olmadığını göstərir”.

Heydər Oğuz onu da istisna etmir ki, ABŞ-ın bu siyasəti həm də Çinə və Avropaya qarşı yönəlib: “Trampın Ukraynaya silah və kəşfiyyat məlumatları yardımını dayandırmasının Avropa dövlətlərinə necə mənfi təsir göstərdiyi onların verdiyi reaksiyalarda da özünü büruzə verir. Trampa qədər öz təhlükəsizliklərini ABŞ-ın müdafiə gücünə indeksləmiş Avropa dövlətləri indi böyük bir sürprizlə qarşılaşmış vəziyyətdədirlər və təcili olaraq Avropa ordusu yaratmaq, hərbi büdcələrini artırmaq barədə düşünürlər. Bu yaxınlarda Aİ-nin hərbi büdcələrini 880 milyard dollar artırmaq barədə qərarları sözügedən təhlükənin nəticəsi idi. Bundan sonra da hər il təxminən eyni miqdarda vəsaitin hərbə ayırmaları gözlənilir. Ona görə ki, ABŞ Avropalı müttəfiqlərindən hərbi büdcələrini ÜDM-nın 5 faizinə qaldırmağı tələb edir. Aİ-nin ÜDM-nin 20 trilyon dollar olduğunu nəzərə alsaq, onun 5 faizi 1 trilyon dollara bərabərdir. Belə çıxır ki, Aİ bundan sonra da hər il hərbi büdcələrinə 1 trilyon dollar ayıracaqlar. Əks halda rus təhlükəsi onların başı üstündən əksik olmayacaq. Məsələyə bir də bu aspektdən yanaşanda Ukraynanın Rusiya qarşısında niyə məğlub vəziyyətə salındığı aydınlaşır. ABŞ-a hər zaman Avropanın başı üzərində Demokl qılıncı kimi əsən rus təhdidi lazımdır”.

Rusiya-ABŞ yaxınlaşması Pekin tərəfindən də birmənalı qarşılanmır. Heydər Oğuzun fikrincə, Çin rəsmiləri bunu açıq şəkildə dilə gətirirlər: “Bu yaxınlarda ABŞ-ın rəsmi Kiyevin razılığı olmadan Rusiya ilə Ukrayna məsələsini müzakirəyə başlamasına ən sərt reaksiya Çin Xarici İşlər Nazirliyindən gəldi. Çin XİN Ukraynanın Avropalı müttəfiqlərindən daha sərt şəkildə bu təşəbbüsü qınadı və bunun yolverilməz olduğunu bildirdi. Pekinin bu məsələyə sərt reaksiyası başadüşüləndir. Rusiyaya özünün ucuz enerji mənbəyi kimi baxan Çin İranın da ABŞ tərəfindən hədəf taxtasına çıxarıldığını görür. ABŞ-ın dövlət katibi Marko Rubio fevralın 25-də deyib ki, prezident Tramp və onun administrasiyası Rusiya və Çin arasında tərəfdaşlığı zəiflətməyi hədəfləyir. O, “Məncə, ruslar həmişəlik olaraq Çinin kiçik tərəfdaşıdır. Onlar Çinin dediklərini etməlidirlər, çünki Çindən asılıdırlar. Bunun Rusiya üçün yaxşı olacağını düşünmürəm və Amerika və Avropa üçün yaxşı deyil”.

Marko Rubio, bunun Amerika üçün təhlükəli ola biləcəyini söyləyib. Jurnalistlərə "Siz ABŞ-a qarşı iki nüvə dövlətinin ittifaqından danışırsınız" deyib. O, ABŞ-ın Çinin “Kəmər və Yol Təşəbbüsü” və ya BRI kimi tanınan qlobal ticarət şəbəkəsinə də meydan oxumağa çalışdığını söylədi. Çin Rubionun sözlərinə sərt reaksiya verib. Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian, "ABŞ-ın Çin və Rusiya arasında anlaşılmazlığı artırmaq cəhdi uğursuzluğa düçar olacaq.

Çin və Rusiya uzunmüddətli inkişaf strategiyaları və xarici siyasətlər mövzusunda razılığa gəliblər" dedi. Rubionun təqdim etdiyi strategiyaya görə, Rusiyanı Çindən uzaqlaşdırmaqla zəiflətmək vəzifəsi bir vaxtlar ABŞ prezidenti Riçard Niksonun Çini o vaxtkı Sovet İttifaqından uzaqlaşdırmaq üçün qəbul etdiyi strategiyanın tam əksi kimi qiymətləndirilə bilər. Bu, Niksonun diplomatik qələbəsi hesab olunurdu. Nikson o zaman Rusiyanı təcrid etmiş və Çinlə əlaqələr qurmuşdu. Eynilə, Tramp Rusiya ilə münasibətləri genişləndirməklə Çini təcrid etməyə çalışmış ola bilər. Əksər müşahidəçilər bunu “əks Nikson” və ya “əks Kissincer” planı adlandırıblar. Milli təhlükəsizlik üzrə müşaviri Henri Kissincerin məsləhəti ilə Nikson 1972-ci ildə Çinlə müqavilə imzaladı. O dövrdə həm Sovet İttifaqı, həm də Çin kommunistlərin idarə etdiyi ölkələr idi və anti-Amerika koalisiyanın bir hissəsi idi. ABŞ-ın Beynəlxalq Münasibətlər üzrə analitik mərkəzi Rubionun planı haqqında deyib: “Ağ Ev və onun aqressiv anti-Çin xarici siyasət strateqləri, görünür, Çini dünyadan təcrid etmək və onun artan qlobal varlığını sarsıtmaq üçün Rusiya ilə işləyə biləcəklərinə inanırlar”.

Bundan başqa, London İqtisadiyyat Məktəbinin professoru Klaus Vehle deyib: “ABŞ Rusiyanın Çinə xammal verən müstəmləkəsinə çevrildiyini görmək istəmir”.

Bu o deməkdir ki, ruslar öz resurslarını Çinə ucuz satırlar və bununla da Çinin ABŞ-da dominant olmasına kömək edirlər.

Heydər Oğuz deyir ki, Rusiya ilə danışıqların Səudiyyə Ərəbistanında aparılması da təsadüfi deyil. Çünki həm İran, həm də Səudiyyə Ərəbistanı Çinin digər enerji mənbələrindəndir. Rusiya ilə yanaşı bu enerji mənbələri də ortadan qaldırılsa, Çin iqtisadiyyatı tamamilə çökə bilər. Zənnimcə, həqiqətən də ABŞ-ın əsas məqsədlərindən biri də budur. Zira Çinə qarşı isti müharibə aparmaq ABŞ-ın da tamamilə zəifləməsinə və ya çöküşünə səbəb ola bilər. Çini zərərsizləşdirməyin ən qısa və təhülkəsiz yolu onu iqtisadi cəhətdən sıxışdırmaqdır. 1.5 milyard əhalisi olan Çinin iqtisadi böhrana sürüklənməsi bu Asiya nəhəngində katastrofik vəziyyət yaradar və onu bir rəqib kimi sıradan çıxarar. Yaxud da ABŞ-dan asılı vəziyyətə salar. Tramp hakimiyyətinin əsas məqsədlərindən biri də budur.

Göründüyü kimi, Tramp hakimiyyətinin Ukrayna ilə bağlı siyasətinin bir yox, bir neçə hədəfi var. Buna bir daşla bir neçə quş vurmaq siyasəti deyirlər”.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Mart 2025

BÜTÜN XƏBƏRLƏR