İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampın 6 ayı: Bakı və İrəvana verilən TƏK mesaj – Sülh gerçəkdən yaxında?

Sabah – iyulun 20-də Donald Trampın ABŞ prezidenti qismində ikinci dəfə and içməsinin 6 ayı tamamlanacaq. Şübhə yox ki, bu müddətdə dünya və digər liderlər onu daha yaxından tanıya bilib. Müsbət, yoxsa mənfi anlamda, bu, ayrı yazının mövzusudur.

Bizi isə təbii ki, ən çox onun Azərbaycana, Ermənistana, ümumən bölgəmizə formalaşmaqda olan mövqeyi düşündürür. O Ermənistan ki, konstitusiyasında ərazi iddiası səbəbindən hələ də sülh müqaviləsi imzalanmayıb. Doğrudur, 10 iyul Əbu-Dabi danışıqları bu yöndə nikbinliyi artırıb. Hətta Tramp da bu gün nikbincəsinə bəyan edib ki, Bakı və İrəvan heç vaxt olmadığı qədər sülh sənədinin imzalanmasına yaxındır. Maraqlıdır ki, yaxınlaşmanı o, həm də özünün xidməti kimi təqdim edib.

Olsun. Bizə nə lazımdır? Beynəlxalq hüququn təməl prinsipləri əsasında sülh müqaviləsinin imzalanması və Güney Qafqazda müharibə riskinin həmişəlik aradan qalxması. Bunu kim tezləşdirə biləcəksə, ona minnətdar olacağıq. Lap o şəxs Nobel Sülh Mükafatı alsın. Bu Tramp da ola bilər. Yetər ki, Ermənistan tərəfini böyük sülhə və barışığa əngəl olan əsas maneəni götürməyə təşviq və vadar eləsin. Öhdəsindən gələcəkmi? Yaxın həftələrdə görəcəyik...

Hələliksə əsas pozitiv nəticələr kimi aşağıdakıları qeyd eləmək lazım gəlir: 6 aylıq prezidentlik dönəmində Tramp və komandasının Konqresdəki çoxluğu ABŞ-ın imkanlı erməni lobbisinin ciddi cəhdlərinə rəğmən, “erməni dudkası”na getməyib. Azərbaycana qarşı hər hansı qətnamə, qərar qəbul olunmayıb.

O sırada Bayden hökumətinin son günlərində imzalanmış ABŞ-Ermənistan Strateji Tərəfdaşlıq Xartiyası Trampın yadına belə düşməyib. Ağ Ev başçısının seçki təbliğat kampaniyası dövründə guya “artsaxın xristian ermənilərinin hüquqları”nı qoruyacağı barədə vədi də unudulub.

Tramp 6 ayda bu mövzularda heç kəlmə də kəsməyib. Yan-yörəsində, komandasında ermənipərəstlər yetərincə olsa da. Çünki beynəlxalq durum bambaşqadır. Amerika maraqları regiona yönəlik fərqli və praqmatik siyasəti, özəlliklə bölgənin açar ölkəsi Azərbaycanla yaxınlaşmağı və onunla əlaqələri dərinləşdirməyi diktə edir, nəinki “izqoy” Ermənistanla.

Eyni tövsiyələr Birləşmiş Ştatlardakı nüfuzlu “beyin mərkəzləri” öz təhlillərində dəfələrlə yer alıb. Tramp və hökuməti bütün bunları, ağıllı mövqe və təklifləri görməzdən gələ bilməz. Gəlmir də. Amerika liderinin Prezident İlham Əliyevə ünvanlandığı Novruz və Müstəqillik Günü təbrikdlərindən də bunu görmək mümkündür...

Qalır rəsmi İrəvanın, konkret olaraq, baş nazir Nikol Paşinyanın “nala-mıxa vurma” siyasətinə son qoyub gərəkən tarixi qərarı verməsi, Tramp Amerikasının mövqeyini düz oxuması, Bakı ilə sülh prosesinə əngəl olan “sualtı daşları” yığışdırması. Əfsus ki, 5 saatlıq Əbu-Dabi görüşündən sonra da bu yöndə yenə qarşı tərəfin siyasi riyakarlığına şahidlik etməkdəyik. Bu da növbəti fakt.

Dünən Ermənistan parlamentinin sədri Alen Simonyan Belçika Nümayəndələr Palatasının 17 iyulda qəbul elədiyi, Azərbaycana qarşı qərəzli və təxribat xarakterli, Bakı ilə İrəvan arasında hazırkı sülh prosesinin ruhuna, lap elə Trampın nikbinliyinə daban-dabana zidd qətnaməyə görə təşəkkür edib. Simonyan “X” platformasında yayımladığı açıqlamada sənəd müəllifləri başda olmaqla, ona səs verən bütün deputatlara minnətdarlığını ifadə edib.

Doğrudur, Ermənistan XİN-i hələ ki, Belçika parlamentinin fitnəkar qətnaməsi ilə bağlı analoji bəyanat verməyib. Ancaq Alen Simonyan ki, sıradan biri, yaxud müxalifətçi deyil. O, hakim komandada üçüncü şəxsidir! O zaman hamını bezdirmiş bu siyasi ikiüzlülüyü necə anlayaq? Nəhayət, “o nə pəhriz, bu nə turşu...”

Analitik xidmət,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR