Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidentliyinə namizəd Donald Trampa qarşı üçüncü sui-qəsd cəhdində şübhəli bilinən Vem Miller milliyətcə erməni olduğunu açıqlayıb. Bu barədə o, “Fox News Digital”a müsahibəsində danışıb. Miller saxlanılarkən avtomobilindən tapılan saxta şəxsiyyət vəsiqələri və pasportlar barədə suala cavab verərkən onların saxta olmadığını iddia edib.
Onun sözlərinə görə, o, ermənidir və üzərində əsl erməni ad və soyadını əks etdirən sənədlərə sahibdir.
49 yaşlı V.Miller, həmçinin ona qarşı ittihamların gerçək olmadığını vurğulayıb.
"Həmişə yük maşınımın baqajında odlu silah daşıyıram", - deyə o açıqlamasında bildirib.
Xatırladaq ki, Vem Miller oktyabrın 12-də Kaliforniyada Donald Trampın seçkiqabağı mitinqinin keçirildiyi yerin yaxınlığında, nəzarət-buraxılış məntəqəsində saxlanılıb. Yoxlanış zamanı qara yolsuzluq avtomobili idarə edən Millerin maşınında silah aşkar edilib. O, qanunsuz silah gəzdirdiyinə görə saxlanılsa da, sonradan girov müqabilində sərbəst buraxılıb. Yerli şerif Çad Byanko insidentin Trampa qarşı növbəti sui-qəsd cəhdi ola biləcəyini ehtimal edib. Buna baxmayaraq, ona qarşı hələ federal ittihamlar irəli sürülməyib.
Bundan əvvəl isə 78 yaşlı D.Tramp iyulun 14-də Pensilvaniyada mitinq zamanı hücuma məruz qalmış və qulağından yaralanmışdı. Sentyabrın 15-də isə keçmiş ABŞ liderinə qarşı daha bir sui-qəsd cəhdi olub.
Ermənilər Trampı niyə öldürmək istəyir, burada erməni lobbisinin və onlara xidmət edən senatorların rolu varmı?
Mövzu ilə bağlı Musavat.com-a danışan politoloq Elşən Mustafayev xatırladıb ki, bu, ABŞ-də seçki kompaniyası dövründə Trampa qarşı edilən 3-cü sui-qəsd cəhdidir. Digər sui-qəsdlərin detalları hələ sonuna qədər araşdırılmayıb:
“Bu proses bəlkə də bir neçə ay çəkəcək. Sonuncu dəfə erməni əsilli birinin sui-qəsdə cəhd göstərməsi müxtəlif istiqamətlərdən dəyərləndirilə bilər. Birincisi, terrorçunun milliyyəti olmur. Lakin nəzərə almaq lazımdır ki, istər ötən seçkilərdə, istər Trampın seçilmədiyi ikinci seçkilərdə, istərsə də indi ermənilərin və erməni lobbisinin onun hakimiyyətə gəlməsi ilə bağlı narahatlığı var. Bir çox məqamlarda Trampdan narazılıqları mövcuddur. 2020-ci ildə, 44 günlük müharibə başlayan ərəfədə Tramp hakimiyyətdə idi. İndiyə qədər erməni lobbisi onun bu məsələlərə laqeyd yanaşmasını bağışlamır. Bütün bunlar istənilən halda Trampla erməni lobbisinin münasibətini formalaşdıra bilər. Amma sırf onların əli ilə sui-qəsd hazırlanması ittihamlarını demək diletantlıq olardı. Burada sübut olunası bir çox faktlar var.
Lakin onu deyə bilərəm ki, ABŞ-də olan erməni lobbisinin əsas qüvvələri məhz Trampın istənilən yolla bu seçkidən kənara çəkilməsinin və ya uduzmasının tərəfdarıdırlar”.
Politoloq Yeganə Hacıyeva Musavat.com-a deyib ki, ABŞ-də 80-ci illərdən başlayaraq məhz türk diplomatlarına qarşı erməni terroru baş verib. Bu ölkədə çoxsaylı türk vətəndaşları terrorun qurbanı olub:
“Buna görə də Trampa qarşı sui-qəsddə erməni izinin olması təəccüblü deyil. Bu, qədim erməni terror ənənəsinin davam etdirilməsidir. Ermənilər bəs Trampı niyə hakimiyyətdə görmək istəmirlər? Çünki erməni lobbisinin demokratlara kifayət qədər təsir imkanları var. Bu isə o deməkdir ki, demokratların rəhbərliyindəki ABŞ hakimiyyətinə təsir imkanları var. Baxmayaraq ki, çox insan fikirləşir ki, Kamala Harris qalib gələcək. Lakin demokratlar fərqindədir ki, Kamala Harrisin, əslində, şansı yoxdur. Buna görə də Trampın aradan qaldırılması üçün addımlar atırlar. Bunu erməni lobbisi ABŞ hakimiyyətindəki nüfuzunu itirməmək üçün edir. Bu cür sui-qəsdlər erməni lobbisinin uzun müddətli terror tarixinin davamıdır. Ümumiyyətlə, ABŞ-də ən qanlı terroru etnik ermənilər törədiblər”.
Şahanə Rəhimli
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ