Onlayn ictimai-siyasi qəzet
3-cü Dünya müharibəsi ilə bağlı narahatlıqlar hər gün artdığı bir vaxtda Çinin 9 milyard dollarlıq gizli döyüş gəmisi Sakit Okeanda görüntülənib.
Musavat.com xəbər verir ki, görüntülər NASA-nın "Landsat 8 peyki" tərəfindən qeydə alınıb.
Gəminin digər Çin təyyarə gəmilərindən kiçik olması xüsusi maraq doğurub.
Peyk görüntülərində "CNS Liaoning" döyüş gəmisinin digər təyyarə gəmiləri ilə birlikdə bir tersanəyə yan aldığı, başqa bir görüntüdə isə gəminin dənizə doğru hərəkət etdiyi görülüb.
ABŞ Hərbi Dəniz Qüvvələrinin mütəxəssisləri gəmini müşahidə edərkən göyərtəsinin təxminən 200 metr uzunluğunda və 40 metr enində olduğunu, bu səbəbdən digər Çin təyyarə gəmilərindən kiçik olduğunu bildiriblər.
Bu görüntülər ABŞ prezidenti Co Baydenin Ukraynaya Çinin müttəfiqi olan Rusiyanı vurmaq üçün Amerika raketlərindən istifadə etməsinə icazə verməsindən sonra çəkilib. Bu hadisə qlobal miqyasda böyük bir müharibənin başlayacağı ilə bağlı narahatlıqları daha da artırıb.
Rusiya-Çin əməkdaşlığı
Qərb sanksiyalarından sonra Çin Rusiyanın ən böyük ticarət tərəfdaşına çevrilib. Çin Rusiyaya əsas texnologiya və istehlak malları tədarük edir, enerji ixracatında isə böyük endirimlərdən yararlanır.
Sentyabr ayında iki ölkə arasında birgə hərbi təlimlərin artdığı ilə bağlı xəbərlər gündəmə gəlib. Çin ordusu 370-dən çox döyüş gəmisi və sualtı qayıqdan ibarət donanmaya malikdir. Bu, Çini dünyanın ən böyük dəniz qüvvəsinə çevirir. Ölkə ABŞ-ın təyyarə gəmisi texnologiyasına çatmaq üçün donanmasını sürətlə genişləndirməkdə davam edir.
Regional gərginlik artır
Çin və Yaponiya arasında gərginlik ABŞ-ın bölgədəki varlığı səbəbindən davam edir. Çin hökuməti Tayvanın öz ərazisi olduğunu iddia etsə də, Yaponiyaya qarşı açıq bir təhdid irəli sürməyib. Yaponiya Xarici İşlər Nazirliyi Çinin artan hərbi fəaliyyətləri qarşısında ABŞ-ın bölgədə güclü bir varlıq göstərməsinin həyati əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Açıqlamada bildirilib ki, ABŞ donanmasının varlığı Yaponiyanın təhlükəsizliyi və regional sülhün qorunması üçün kritik əhəmiyyət daşıyır.
Aytən Novruz
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ