Onlayn ictimai-siyasi qəzet
Trampla Zelenskinin görüşündən sonra Fransa prezidenti Makron Ukraynaya hər cür dəstək verəcəyini bəyan edib. Ümumiyyətlə, belə görünür ki, Ukrayna məsələsində ABŞ-la Avropa İttifaqı arasında fikir ayrılığı var. Bunu ABŞ Dövlət Katibi Marko Rubio da CNN-ə müsahibəsində etiraf edib.
Dövlət katibi Vaşinqton və Avropa İttifaqı arasında Ukrayna məsələsində fərqli mövqelərin olduğunu da vurğulayıb. Onun sözlərinə görə, Avropa müharibənin daha bir il davam etməsini və bununla da Rusiyanı zəiflətməyi planlaşdırır. Lakin ABŞ administrasiyası bunu real hesab etmir.
Bu fikir ayrılığı yalançı görüntüdür, yoxsa realdır? Realdırsa Tramp-Zelenski görüşündən sonrakı müddətdə daha da dərinləşə bilərmi? Nəticə necə olar?
“Alyans” Araşdırmalar Mərkəzinin rəhbəri Abutalıb Səmədov Musavat.com-a bildirib ki, Avropa ilə Amerika arasında ciddi fikir ayrılığının olması süni görüntü deyil, həqiqətən də ciddi fikir ayrılığı var. Avropanın aparıcı dövlətləri ABŞ-ın indiki administrasiyasından ciddi şəkildə narazıdır. Dünənki Tramp-Zelenski görüşü isə narazılığı daha da dərinləşdirib: “Əslinə qalsa Zelenski təkcə Ukraynanın mövqeyindən danışmadı. Oval kabinetdə həm də Avropanın narazılığını dilə gətirdi. Onu da demək lazımdır ki, Tramp-Zelenski görüşündə əsas narazılıq Avropanın Ukraynaya yardımı ilə bağlı Trampın söylədiyi sözlərdən sonra başladı. Tramp Avropanın Ukraynaya az yardım etdiyini dedi, Zelenski etiraz elədi. Çünki Zelenskinin iddiasına görə Avropa da, Amerika da 100 milyard dollar səviyyəsində yardım göstəriblər”.
Siyasi şərhçi hesab edir ki, Avropa ilə Amerika arasında fikir ayrılığının bundan sonrakı mərhələdə dərinləşməsi Avropanın maraqlarına cavab vermir:
“ABŞ-a təsir imkanları daha çox olsaydı, daha kəskin mövqedə durmaq onlara sərf edərdi. Ancaq yəqin yaxşı anlayırlar ki, daha kəskin mövqedə durmaq indiki şərtlərdə Avropanın maraqlarına cavab verməz. Bundan Avropa itirə bilər. Makronun dərhal çıxıb Ukraynaya yardım barədə dediklərini isə mənasız hesab edirəm. Avropanın ABŞ olmadan Ukraynaya ciddi yardım göstərmək imkanı yoxdur və Rusiyanı zəiflətmək şansı da yoxdur. Çünki ABŞ əgər yardımı dayandırsa Rusiya zəifləməyəcək, əksində güclənəcək və yeni əraziləri işğal etməkdə davam eləyəcək. Onu da nəzərə almaq lazımdır ki, Ukraynaya verilən silahların 40 faizi ABŞ-ın silahlarıdır. Avropa pul ayıra bilər. Ancaq pul hər şeyi həll etmir, silah olmalıdır. Əgər ziddiyyətlər artsa ABŞ Ukraynaya silah verməyəcək, satmayacaq. Bu isə Ukraynanı çox ağır vəziyyətə salacaq. Çünki ilk növbədə Ukraynanın hava hücumundan sistemi ABŞ-ın Petriot sistemi təmin olunur. Raketlər bir müddət sonra bitə bilər və bu zaman Ukrayna Rusiyanın hava hücumu qarşısında çox ağır duruma düşər. Bu və digər səbəblərdən ABŞ-ın Ukraynaya yardımı dayandırması Ukraynanın sonu ola bilər. Onsuz da ağır vəziyyətdə olan Ukraynanı daha ağır vəziyyətə salar. Zelenskinin hələ geri qayıtmaq şansı var. Zelenski vəziyyəti düzəltmək üçün cəhd göstərməlidir. Hələ ABŞ qapıları tam bağlamayıb. Ona faktiki olaraq açıq deyilib ki, sülhə hazır olanda qayıdıb gələ bilər. Zelenski bu şansdan istifadə eləməlidir, vəziyyətdən çıxmaq yolunu axtarmalıdır”.
Etibar Seyidağa,
Musavat.com
01 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ