Onlayn ictimai-siyasi qəzet
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin Ukraynadakı vəziyyəti müzakirə etmək üçün gələn il bir araya gələcəklər.
Musavat.com “The Washington Post”a istinadən xəbər verir ki, liderlərin görüşündə əsas diqqət Moskva ilə Kiyev arasındakı münaqişənin həllinə yönələcək.
“The Washington Post” Rusiya diplomatik dairələrindəki mənbəyə istinadən bildirir ki, Moskva döyüş meydanında üstünlüyünü hiss edərək, güzəştə getməyə hazır deyil və danışıqlarda bu mövqeyini rəhbər tutacaq.
Bununla belə, mənbə əlavə edir ki, Rusiya qitənin gələcək təhlükəsizlik arxitekturasında dəyişiklik müqabilində ərazi iddiaları ilə bağlı bəzi güzəştlərə gedə bilər.
Eyni zamanda qeyd edilib ki, Tramp-Putin görüşü dünyanı təsir sferalarına bölə bilər, həmçinin, Rusiyanın Ukrayna, Gürcüstan və digər NATO üzvü olmayan qonşuları üzərində üstünlüyünə zəmanət verir. Bu, NATO-nu məhdudlaşdıracaq və Avropanın təhlükəsizliyini təhlükə altına atacaq”, - nəşr yazır.
Bununla belə, qəzet qeyd edir ki, razılığa gəlmək “Putinin sərt mövqeyi” və Trampın “zəif görünməmək” istəyi səbəbindən çətin olacaq.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin ilin yekununa həsr olunmuş mətbuat konfransında ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampla görüşə hazır olduğunu bəyan edib.
"Onunla nə vaxt görüşəcəyimizi bilmirəm çünki o bu barədə heç nə demir. Mən onunla dörd ildən çoxdur, danışmamışam. İstənilən vaxt onunla görüşməyə və danışmağa hazıram", - V.Putin qeyd edib.
Nigar HƏSƏNLİ,
Musavat.com
20 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ