Onlayn ictimai-siyasi qəzet
"Trampla demokratlar arasında konsensus yalnız bir məsələdə mövcuddur".
Bu barədə Musavat.com-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.
Politoloq xatırladıb ki, ABŞ prezidenti Donald Tramp İlon Maskı yeni təsis olunan Hökumətin Səmərəliliyi Departamentinə (DOGE) rəhbər təyin edəndə Demokratlar Partiyası buna ciddi əhəmiyyət vermədi:
"Ancaq Trampın andiçmə mərasimindən keçən qısa müddət ərzində demokratlar İlon Maskın həyata keçirdiyi islahatlara görə həyəcan təbili çalıblar. Hökumətin Səmərəliliyi Departamenti büdcə xərclərini azaldıb, müxtəlif strukturların fəaliyyətini dayandırıb, bu isə demokratların narazılığına səbəb olub.
Demokratlar Partiyasının Senatdakı lideri Çak Şumer İlon Maskı durdurmaq üçün əllərindən gələni edəcəklərini deyib. Demokratlar Maskın və Trampın USAID təşkilatının fəaliyyətini dayandırmasından narazıdırlar. Ancaq demokratlar bu prosesə mane ola bilmirlər. Çünki respublikaçılar Konqresdə çoxluğa malikdirlər.
Demokratlar Konqresdə edə bilmədiklərini məhkəmələr vasitəsilə həyata keçirməyə çalışırlar. Onlar Trampın müxtəlif qərarlarına qarşı məhkəmələrə müraciət ediblər. Bəzi hakimlər Tramp administrasiyasının bəzi federal proqramların maliyyələşdirilməsinin davamını tələb ediblər. Məsələ burasındadır ki, Trampla Maskın birgə həyata keçirdiyi islahatlar nəticəsində 2 milyona yaxın dövlət işçisi qeyri-müəyyən vəziyyətdədir. Donald Tramp məhkəmə qərarlarına riayət edəcəyini bildirsə də, hökumət içindəki islahatlardan da imtina etməyəcəyini vurğulayıb.
Mask daha qətidir: “İnsanlar islahatlara səs veriblər və bunu əldə edəcəklər”.
Vitse-prezident Ceym Vens də eyni fikirdədir: “Hakimlərin icra strukturlarının səlahiyyətlərinə nəzarət etmək hüququ yoxdur”.
Demokratlar Çinlə bağlı xəbərdarlıq ediblər. Onların fikrincə, USAID-in bağlanması Çinin müxtəlif ölkələrdə, o cümlədən Latın Amerikasında təsir imkanlarını artıracaq. Nümayəndələr Palatasında keçirilən dinləmələrdə Çinin Panama, Peru və Braziliyaya təsir imkanları müzakirə edilib. Respublikaçı konqresmenlər Tramp kimi düşünürlər. Onlar da Çinin Panama kanalında strateji mövqelərinin zəiflədilməsinin vacibliyi fikrindədirlər.
Konqres ABŞ şirkətlərinin Çinə yatırım qoymasını qadağan edən qanun hazırlayır. Vaşinqtonda belə bir rəy var ki, ABŞ-ın yatırımları Çinə hərbi gücünü artırmağa imkan verir. Demokratlar bu məsələdə də İlon Maskı ittiham ediblər. Onların sözlərinə görə, Mask Çindəki yatırımlarını qorumağa çalışır. Pekin Vaşinqtondan səslənən ittihamları rədd edib. Çin ABŞ Konqresində hazırlanan qanunun ədalətsiz olduğunu bəyan edib.
Buna baxmayaraq, Çinə qarşı siyasətdə Trampla rəqibləri olan demokratlar arasında konsensus mövcuddur".
Xalidə Gəray
Musavat.com
03 Mart 2025
02 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ