Onlayn ictimai-siyasi qəzet
ABŞ Prezidenti Donald Tramp Almaniyaya Ukraynaya bir batareya “Patriot” zenit-raket kompleksi verməyi təklif edib. Tramp bu təklifi dünya liderləri ilə apardığı danışıqlar və Ukraynaya bəzi silah növlərinin tədarükünün dayandırılması fonunda irəli sürüb.
O, İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşdə deyib: “Ukraynaya daha çox silah göndərməli olacağıq. Müdafiə silahları - onların özlərini qorumağa ehtiyacı var”.
Məlumata görə, Tramp həmçinin Ukraynaya “Patriot” hava hücumundan müdafiə sistemi üçün 10 ədəd raket-interseptorun dərhal göndəriləcəyini bildirib. Bundan əlavə, o, raketlərin tədarükü üçün əlavə kanalların axtarılmasında da köməklik göstərəcəyini vəd edib. Pentaqon da Trampın göstərişi ilə Ukraynaya əlavə müdafiə xarakterli silahların göndərilməsini təsdiqləyib.
Lakin qeyd olunur ki, Trampın administrasiyası hazırda ABŞ-ın özündə “Patriot” raketlərinin ehtiyatlarının azaldığını nəzərə alaraq, bu sistemlərin Avropadan təmin olunmasına üstünlük vermək istəyir. Bu səbəbdən Avropa ölkələrinin Ukraynaya hərbi yardımda öz paylarını artırması gözlənilir.
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev isə Telegram kanalında yazıb ki, Moskva Amerika liderinin ritorikasındakı “siyasi yelləncəklərə” əhəmiyyət verməməlidir. Bunun əvəzinə, Rusiya “xüsusi hərbi əməliyyat” da daxil olmaqla, nəzərdə tutulan məqsədləri həyata keçirməyə davam etməlidir".
Medvedyev bildirib: “Amerikalı yenidən sevimli siyasi yelləncəklə gedir. Bununla necə davranmalıyıq? Əvvəlki kimi. Əsgərlərimizin etdiyi kimi. Ali baş komandanımızın etdiyi kimi. Xüsusi hərbi əməliyyat məqsədlərinə çatana qədər davam etməliyik. Torpağımızı geri almaq, qələbə qazanmaq üçün çalışmalıyıq”.
Belə çıxır ki, sülh danışıqları artıq əlçatmaza çevrilir. Bəs müharibə 2025-də bitəcəkmi? Onun qalibi olacaqmı, varmı?
Elşən Mustafayev
Politoloq Elşən Mustafayev “Yeni Müsavat”a açıqlamasında Ağ Ev sahibinin hər kəsi müharibəyə qoşmağa çalışdığını qeyd etdi: “ABŞ prezidentinin son zamanlar Rusiya-Ukrayna müharibəsinə yanaşmada mövqeyinin əvvəlki zamanlarla müqayisədə xeyli dəyişməsi Rusiya siyasi dairələrində məyusluq, rəsmi Kiyevdə isə məmnunluq yaradıb. Əslində öncədən də bəlli idi ki, Tramp və Putin, yaxud iki ölkə rəsmiləri arasında danışıqların, görüşlərin sayı artdıqca münasibətlərdə get-gedə gərginliklər də artacaq. Çünki Rusiya Trampın problemə yanaşmasından istifadə edərək Ukrayna qarşısında tələblərini daha da artırmaqla həyata keçirilməsi imkansız olan şərtlərini diqtə edəcək. Bu isə Rusiyaya müharibəni daha dərinlərə doğru davam etdirməyə, ümumiyyətlə isə Ukraynada özünə bağlı, yaxud kifayət qədər loyal hakimiyyətin formalaşmasına şərait yaradacaqdı. Amma belə gedişat ABŞ-ı heç bir halda qane etmədiyindən münasibətlərə yenidən baxılacağı da gözlənilirdi. Hazırda Tramp və komandası Ukraynaya dəstəyini artıracaqları ilə bağlı bəyanatlar verirlər. Amma ABŞ bu məsələdə Avropa İttifaqının, xüsusən də Almaniya və Fransanın bu yardımları daha böyük ölçüdə etməsini istəyir. Yəni Bayden dövründə olunan yardımların böyük həcmi ABŞ-ın üzərinə düşmüşdüsə, Avropa İttifaqı ölkələri üzərinə isə daha çox dəstək bəyanatları düşürdü. Bu isə Trampı qane etmir. O səbəbdəndir ki, Ukraynaya "Patriot" hava hücumundan müdafiə komplekslərini Almaniyanın verməsini istəyir. Eyni zamanda Ağ Ev həm Fransanın, həm də Almaniyanın Ukraynaya yaxın və orta mənzilli raketlər verməsini istəyir".
Beynəlxalq münasibətlər üzrə ekspert istənilən halda Ukraynanın ən böyük dəstəkçisinin ABŞ olacağını da bildirdi: “ABŞ-ın bu siyasətinin arxasında Avropa İttifaqı ölkələrinin ehtiyatlı siyasət çərçivəsindən çıxarılması durur. Onsuz da bundan sonra yenə də Ukrayna üçün ən böyük donor ABŞ olacaq. Amma dediyim kimi, Tramp hər kəsin "əlini daşın altına qoymasını" istəyir. Xüsusilə də Aİ-nin aparıcı dövlətlərini Ukraynaya daha artıq yardım etməyə çağırır. Hətta bəzi hallarda bu çağırış tələb xarekteri daşıyır. Trampa görə bu yardım Ukraynaya olunsa da, əsas məqsəd Aİ-nin təlükəsizliyi üçündür. Ona görədir ki, Medvedyev Trampın fikirlərinə o şəkildə cavab verir. Rəsmi Moskva yaxşı bilirdi ki, Tramp hakimiyyətə gələndən sonra Ukraynaya öncədən ayrılmış yardım paketlərini dayandırsa da, əl altından Ukraynanın silahlandırılması davam edirdi. Amma bu silahlanmanın həcmi hücum əməliyyatlarını həyata keçirməyə çatmırdı. Həmçinin azsaylı hava hücumundan müdafiə sistemləri vasitəsilə hava məkanını qorumaqda çətinliklər çəkilir. Lakin bundan sonra silahlanma daha da sürətlənsə, Aİ ölkələri də bu silahlanmada paylarını artırsa, üstəgəl yeni nəsil “Patriot” sistemləri də Ukraynaya verilsə, müharibənin bu ilin sonlarına qədər bitməsini heç kim gözləməməlidir. Əksinə, Ukraynanın ciddi əks-hücumlarını, Rusiyanın içinə doğru əməliyyatların intensiv hal alacağını gözləyə bilərik. Bir halda ilin sonuna kimi müharibə dayana bilər ki, nəticənin Rusiya üçün yaxşı olmayacağı ehtimalları görünsün və masada danışıqlar başlasın".
Səxavət Məmməd
Hərbi ekspert Səxavət Məmmədin fikrincə, Kremlin əsas niyyəti Ukraynanı kapitulyasiya sənədinə qol çəkdirməkdir: “Donald Tramp seçki kampaniyasına başlamazdan əvvəl bildirirdi ki, hakimiyyətə gələr-gəlməz Rusiya-Ukrayna müharibəsini bitirəcək. Düzü, Tramp bunu o qədər əminliklə deyirdi ki, çoxları buna inanırdı. Ancaq Rusiya-Ukrayna müharibəsi o qədər mürəkkəb bir hal almışdı ki, onu bir şəxs, hətta ABŞ prezidenti olsa belə dayandıra bilməzdi. Bu müharibə artıq daha ağır mərhələyə keçir. Rusiya tərəfi, iddialara görə ,700 minlik ordu hazırlayıb ki, kəskin hücumlara start versin, qısa zamanda Ukrayna məsələsini bitirsin. Əslində bu iddiaların təsdiqini müəyyən qədər sahədə tapdığının şahidi ola bilirik. Bir ay öncə ilə müqayisədə Rusiyanın dron hücumlarında kəskin artış var. Əvvəllər gün ərzində əgər 100-150 civarında dron hücumu həyata keçirilirdisə, indi bunun sayı 500, bəzən 600-ü keçir. Bundan əlavə, raket zərbələrinin sayında da artış var. Bu o deməkdir ki, Rusiya bütün cəbhə boyu aktivliyi artırıb. Ukrayna ordusu müqavimət göstərir, ancaq Ukraynanın yardımsız dayanması çox çətindir. Ukrayna parlamentinin deputatı bir neçə gün öncə bildirdi ki, hava hücumundan müdafiə sistemlərinin bəzilərinin mərmisi bitib, bəziləri isə bitmək üzrədir”.
Hərbi ekspert onu da qeyd etdi ki, hazırda Rusiyanın kütləvi dron hücumlarının qarşısını almaq, yaxud az zərər görülməsi üçün hava hücumundan müdafiə sistemlərinə ciddi ehtiyac var: “Ukraynanın ən böyük dəstəkçisi ABŞ-dır. ABŞ isə bu yardımı gah kəsəcəyini deyir, gah da yardımları davam etdirdiklərini. Tramp özü də bəyan etdi ki, Bayden hökuməti ABŞ-ın özündəki anbarları boşaldıb. Ona görə də ABŞ-ın əsas hədəfi o anbarları doldurmaqdır. Digər tərəfdən, Avropa İttifaqı da Rusiya ilə müharibə ehtimalına qarşı hazırlıq prosesi içərisindədir. ABŞ əgər Avropadakı bazalarından bunu təmin edəcəksə, bu, Avropa üçün də problem olacaq. Bundan əlavə, ABŞ istehsalı hava hücumundan müdafiə sistemləri və onların mərmiləri çox bahalıdır. Rusiyanın hücumlarda istifadə etdiyi dronların qiyməti isə maksimum 50 min dollardır. Ukraynaya müəyyən sayda yeni "Patriot"lar və raketlər veriləcəyi deyilir. Məsələ ondadır ki, dünyanın ən adlı-sanlı, ən mükəmməl sayılan hava hücumundan müdafiə sistemləri kütləvilik qarşısında zəif qalır. Bunu İsrail-İran toqquşmasında da gördük. Ona görə də, Qərb Rusiyanın qarşısını almaq üçün müəyyən sayda yox, konkret addımlar atmalıdır. Proseslər onu göstərir ki, Rusiyanın dayanmaq kimi bir niyyəti yoxdur. Rusiya tam şəkildə olmasa da, Ukraynanı kapitulyasiya etmək istəyir. Müharibənin qısa zamanda bitməsi gözlənilmir".
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
10 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ