Onlayn ictimai-siyasi qəzet
"Financial Times" nəşri ABŞ Prezidenti Donald Trampın Rusiya ilə münasibətlərinə dair yeni təfərrüatları açıqlayıb. Məlumata görə, Trampın 19 mayda Rusiya Prezidenti Vladimir Putinlə apardığı iki saatlıq telefon danışığı Ukrayna ilə bağlı ciddi narahatlıqlara səbəb olub.
Musavat.com xəbər verir ki, nəşrin yazdığına görə, Tramp bu danışıqda nə atəşkəs məsələsini qaldırıb, nə də Putinə təzyiq göstərib. Əksinə, o, daha öncə verdiyi “müharibəni bir gündə dayandıracağam” vədindən faktiki olaraq imtina edib.
Danışıq zamanı Tramp və Putin o qədər isti münasibət nümayiş etdiriblər ki, tərəflərdən heç biri söhbəti ilk olaraq bitirmək istəməyib. Bu vəziyyət isə Avropa müttəfiqləri və Ukrayna rəhbərliyi tərəfindən ciddi narazılıqla qarşılanıb. Onlar ABŞ-ın açıq şəkildə geri çəkildiyini, heç bir izahat vermədən və mövqe bildirmədən Ukraynanı tək buraxdığını hesab edirlər.
Nəşr qeyd edir ki, Vaşinqton artıq vasitəçi rolunu oynamır, bütün diplomatik təşəbbüslər dayandırılıb və Tramp bu proseslərdən "əllərini yuyaraq" uzaqlaşıb.
Ən diqqətçəkən məqamlardan biri isə odur ki, Tramp sözügedən telefon danışığından sonra ictimaiyyət qarşısında çıxış edərək, Rusiya tərəfindən dinc ukraynalılara qarşı edilən raket hücumlarını ümumiyyətlə dilə gətirməyib.
Toğrul İSMAYIL,
Musavat.com
22 May 2025
21 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ