Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidentliyinə namizəd Donald Trampa İranın sui-qəsd planı ilə bağlı məlumat verilib.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, ABŞ kəşfiyyat rəsmiləri respublikaçı namizədə son iki sui-qəsd cəhdi ilə əlaqəsi olmayan “xüsusi təhdidlər” barədə xəbərdarlıq edib.
Trampın seçki kampaniyasının sözçüsü Stiven Çunq bildirib ki, kəşfiyyat rəsmilərinin keçirdiyi brifinq ABŞ-da sabitliyi pozmaq və xaos salmaq cəhdi ilə İranın Trampı öldürmək istəməsi ilə bağlı etibarlı və konkret təhdidlərə toxunub.
O əlavə edib: “Kəşfiyyat rəsmiləri müəyyən ediblər ki, bu davam edən və əlaqələndirilmiş hücumlar son bir neçə ay ərzində intensivləşib və bütün qurumların hüquq-mühafizə orqanları prezident Trampın müdafiəsini və seçkiyə heç bir müdaxilənin olmamasını təmin etməyə çalışırlar”.
Tramp “Truth” sosial şəbəkəsindəki yazısında brifinqə istinad edib və onun həyatına növbəti sui-qəsd cəhdinin olacağını proqnozlaşdırıb.
"İran mənim həyatımı təhdid edir", o deyib. “İran artıq uğursuz addımlar atıb, lakin onlar yenidən cəhd edəcəklər. Vəziyyət heç kim üçün ürəkaçan deyil. Ətrafımda indiyə qədər görmədiyim çox insan və silah var...”
ABŞ kəşfiyyat rəsmiləri iyulun 13-də bir mitinq iştirakçısını öldürən, sonra isə özü məxfi xidmət agenti tərəfindən öldürülən 20 yaşlı Tomas Kruksun daha böyük bir sui-qəsdin bir hissəsi olduğuna dair heç bir sübut tapmayıblar və onun tək hərəkət etdiyi qənaətinə gəldilər.
İddia olunur ki, İranın Trampı öldürmək istəməsinin səbəbi o, ABŞ prezidenti olarkən, 2020-ci ilin yanvarında Qüds qüvvələrinin komandiri, general-mayor Qasım Süleymaninin ABŞ HHQ-si tərəfindən raketlə vurulmasıdır.
“Qardian” yazır ki, İran Trampı öldürmək planında iştirakını inkar edir.
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ