İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Putinə Ukrayna ilə bağlı VAXT VERDİ: Aprelin sonuna qədər...

ABŞ prezidenti Donald Trampın diplomatik elçisi Stiven Uitkoff Rusiyaya səfər edib və cümə günü prezident Vladimir Putinlə görüşəcəyi gözlənilir.

Musavat.com xəbər verir ki, bu barədə səfərlə tanış mənbə və "FlightRadar" məlumatları təsdiq verir.

"Axios"un məlumatına görə, bu, Uitkoffla Putinin Ukrayna müharibəsində atəşkəsə nail olmaq məqsədilə keçirdiyi üçüncü görüş olacaq.

Tramp son həftələr ərzində danışıqlarda ciddi irəliləyişin olmamasından narazılığını bildirib. Mənbənin sözlərinə görə, ABŞ prezidenti hətta Putinin Ukrayna ilə bağlı bəzi açıqlamalarına görə “çox qəzəbləndiyini” dilə gətirib.

Əgər ayın sonunadək atəşkəs razılaşması əldə olunmasa, Tramp Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq edə bilər. O, bunu ya icra səlahiyyətləri çərçivəsində həyata keçirə, ya da Konqresə yeni sanksiya qanunvericiliyi təklif edə bilər.

"Rusiyanın sülh məsələsində ciddi olub-olmadığını aylar yox, bir neçə həftə ərzində çox tez anlayacağıq. Ümid edirəm, bu belə olacaq", – deyə dövlət katibi Marko Rubio ötən həftə Brüsseldə keçirilən NATO sammitində bildirib.

Ötən həftə Uitkoff Vaşinqtonda prezident Putinin elçisi Kirill Dmitriyevlə görüşərək diplomatik çıxılmaz vəziyyəti aradan qaldırmağa çalışıb. Ukrayna Trampın qeyd-şərtsiz atəşkəs təklifini, eləcə də daha məhdud dəniz atəşkəsi planını qəbul edib. Lakin Rusiya qarşılığında bir sıra yeni tələblər irəli sürüb, o cümlədən bəzi ABŞ sanksiyalarının ləğvini istəyib.

"Cəhdlər davam edir. Ümid edirik ki, Rusiya ilə Ukrayna arasında döyüşlərin dayandırılması barədə razılaşmaya yaxınlaşırıq", – deyə Tramp cümə axşamı Nazirlər Kabinetinin iclasında bildirib.

Həmin gün ABŞ və Rusiya arasında məhbus mübadiləsi baş tutub. Mübadilə çərçivəsində ABŞ və Rusiya vətəndaşı Kseniya Karelina azad edilib. Bu razılaşma, mart ayında baş tutmuş Uitkoff–Putin görüşünün nəticəsi olub.

Tramp Karelinanın azad edilməsinə görə Putinə təşəkkür edib. O, həmçinin bildirib ki, UFC-nin (Ultimate Fighting Championship) rəhbəri Deyna Uayt ona Karelinanın UFC döyüşçüsünün sevgilisi olduğunu deyib və azadlığına yardım etməyi xahiş edib.

Cümə axşamı ABŞ və Rusiya diplomatları İstanbulda bir daha görüşərək iki ölkə arasında münasibətlərin normallaşdırılmasını müzakirə ediblər.

ABŞ Dövlət Departamentinin nümayəndəsi Uitkoffun səfəri ilə bağlı "Axios"un sorğusuna cavab verməyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR