İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Paşinyanı niyə qapı ağzında saxlayır: Erməni baş nazirin ABŞ səfəri Ermənistana təhlükə törədir

ABŞ-la strateji tərəfdaşlıq sazişi imzalamış Ermənistanın baş naziri Ağ Evdə qəbul edilməzsə, bu, həmin sənədin artıq heç bir əhəmiyyət daşımadığına əminlik yaradar... Üstəlik, bu halda, ABŞ-ın yeni Cənubi Qafqaz siyasətində Ermənistana hansısa strateji statusun nəzərdə tutulma ehtimalı da ciddi şübhələr altında buraxılmış olar...

Ermənistan "geopolitik vaukuma" düşmək təhlükəsi ilə üzləşib. Belə ki, Paşinyan hakimiyyətinin beynəlxalq himayədarlarının sırasında sürətli sürülmə müşahidə olunur. Xüsusilə də, Ermənistana və erməni diasporuna genişmiqyaslı lobbiçilik xidməti göstərən bəzi yüksək ranqlı Qərb siyasi elita təmsilçilərinin həbs olunması və yaxud da aktiv fəaliyyət məkanından kənarlaşdırılması rəsmi İrəvanın manipulyativ manevr imkanlarını daha da məhdudlaşdırır. Və bu baxımdan, erməni diasporunun rüşvəti hesabına mövcud olan beynəlxalq lobbiçilik sisteminin dağılmaqda olduğunu da ehtimal etmək olar.

Onu da qeyd etmək lazımdır ki, Ermənistanın beynəlxalq lobbiçilik sisteminə ən sarsıdıcı zərbə məhz ABŞ-ın yeni hakimiyyəti tərəfindən vurulmaqdadır. Belə ki, onilliklər boyu Ermənistana və erməni diasporuna genişmiqyaslı dəstək verən USAİD artıq ləğv edilmək üzrədir. Tramp adminstrasiyasında dövlət büdcəsindən maliyyələşdirilən qurumların effektivliyinə cavabdehlik daşıyan dünyaca ünlü milyarder İlon Mask USAİD-in fəaliyyətinə son verməyin vaxtı çatdığını bildirib. Və onun fikrincə, USAİD cinayətkar bir qurumdur.

24564576764578.jpg (55 KB)

Maraqlıdır ki, İlon Maskın cinayətkar qurum elan etdiyi USAİD indiyə qədər Ermənistana müxtəlif uydurma layihələrlə bir milyard dollardan artıq yardım göstərib. Eyni zamanda, ABŞ Dövlət Departamentinin nəzarəti altında fəaliyyət göstərən bu qurum Ermənistanın beynəlxalq məkanda dəstəklənməsində genişmiqyaslı fəaliyyət göstərib. Xüsusilə də, Bayden adminstrasiyası dönəmində USAİD Ermənistanın əsas beynəlxalq sponsoru rolunda çıxış edib. Və indi Ermənistan erməni narrativlərinin əsas təbliğat mərkəzlərindən olan bu qurumun dəstəyindən məhrum qalmaq üzrədir.

Digər tərəfdən, Bayden adminstrasiyasının siyasi məkandan çəkilməsindən sonra Ermənistana ABŞ-ın ənənəvi dəstəyinin də zəifləyə biləcəyi qətiyyən istisna deyil. Hər halda, Tramp adminstrasiyası hələlik Ermənistana vərdiş etdiyi diqqəti və dəstəyi göstərməyə həvəsli görünmür. Bu baxımdan, hətta Bayden adminstrasiyasının son günlərində imzalanmış ABŞ-Ermənistan strateji tərəfdaşlığı barədə sənədin kağız parçasına çevrilmə ehtimalı da var. Və belə davam edərsə, Ermənistan Cənubi Qafqazda istifadə edilib, bir kənara atılmış "geopolitik alət" taleyinə məruz qala bilər.

Məsələ ondadır ki, Tramp adminstrasiyası Ermənistanla açıq-aşkar məsafə saxlamağa üstünlük verir. Erməni diasporunun və Ermənistanın beynəlxalq lobbi sisteminin israrlı cəhdlərinə baxmayaraq, baş nazir Nikol Paşinyan prezident Donald Trampın andiçmə mərasiminə dəvət ala bilmədi. Bunun ardınca erməni baş nazir Ağ Evdə prezident Donald Trampın qəbuluna düşmək planları qurdu. Və hələlik bu planlar da iflasa uğramış kimi görünür.

1002537.jpg (103 KB)

Hər halda, Ağ Evdən rəsmi dəvət almasa da, ABŞ-a səfər edən Ermənistan baş naziri Nikol Paşinyanla Tramp administrasiyasının heç bir təmsilçisi görüşməyə ehtiyac duymayıb. ABŞ səfərinin sona çatmasına qədər erməni baş nazirin öz əsas hədəfinə - Ağ Evdə rəsmi təmaslara nail olma ehtimalı o qədər də cəlbedici xarakter daşımır. Və bu səbəbdən də, baş nazir Nikol Paşinyan hazırda səfərə ayrılmış vaxtını ABŞ-dakı erməni diaspor qurumları ilə görüşlərə sərf etmək məcburiyyətində qalıb.

Halbuki, sərf olunan bu zamanın da baş nazir Nikol Paşinyan üçün xoş keçdiyini düşünmək mümkün deyil. Belə ki, bəzi erməni diaspor təşkilatları baş nazi Nikol Paşinyanla görüşdən nümayişkaranə şəkildə imtina ediblər. Görüşə razılaşmış erməni təşkilatlarının təmsilçiləri isə baş nazir Nikol Paşinyana qarşı açıq ittihamlar irəli sürürlər. Üstəlik, ermənilər görüşlərin keçiriləcəyi məkanlarda Ermənistan baş nazirini etiraz aksiyaları və təhqiramiz şüarlar ilə qarşılayırlar. Və Ermənistana xəyanətdə suçlanan baş nazir Nikol Paşinyan davamlı olaraq, özünə haqq qazandırmaq üçün arqumentlər axtarmaq məcburiyyətində qalır.

Belə anlaşılır ki, baş nazir Nikol Paşinyan yalnız Ağ Evin laqeydliyi ilə deyil, eyni zamanda, erməni diasporunun baykot xarakterli etiraz dalğası ilə də qarşılaşmış durumdadır. Ona görə də, indi erməni baş nazirin ABŞ-dan Ermənistana hansı əhval-ruhiyyədə dönə biləcəyini təsəvvür etmək o qədər də çətin deyil. Böyük ehtimalla Ağ Evlə razılaşdırmadan ABŞ-a səfər edən baş nazir Nikol Paşinyan erməni hiyləgərliyinin bu dəfə də işə yaraya biləcəyinə ümid bəsləyib. Yəni, hesab edib ki, ABŞ-a səfər etdikdən sonra onu Ağ Evdə ən azından etika xatirinə qəbul edə bilərlər. Və əslində, Ağ Evdə belə bir etika xatirinə qəbul belə, erməni baş nazirin planlarının minimum səviyyədə reallaşması anlamı daşıyırdı.

tramp-savash.JPG (42 KB)

Əgər, bu minimum hədəf reallaşmazsa, erməni baş nazir İrəvana əli boş və məyus dönmək məcburiyyətində qalacaq. Çünki ABŞ-a səfər edib, Ağ Evin qapısından belə, içəri girə bilməyəcəyi təqdirdə, bunun ağır siyasi nəticələri ola bilər. Hər halda, bu, baş nazir Nikol Paşinyanın oval kabinetin qəbul otağında saatlarla gözlədikdən sonra prezident Donald Tramp tərəfindən qəbul edilməmək variantı ilə elə də fərqlənməyəcək. Və bu, həm də Ağ Evin Ermənistanın gələcək taleyinə yönəlik olduqca ciddi mesaj xarakteri daşıyacaq.

Məsələ ondadır ki, ABŞ-la strateji tərəfdaşlıq sazişi imzalamış Ermənistanın baş naziri Nikol Paşinyan prezident Donald Tramp tərəfindən qəbul edilməzsə, bu, həmin sənədin artıq heç bir əhəmiyyət daşımadığını göstərəcək. Üstəlik, bu halda, ABŞ-ın Cənubi Qafqaz siyasətində Ermənistana yer ayrılma ehtimalını da ciddi şübhələr altında buraxacaq. Və bu baxımdan, baş nazir Nikol Paşinyanın ABŞ-a bu qeyri-ciddi səfəri əslində, Ermənistanın gələcək taleyi üçün böyük risk də daşıyır.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR