Onlayn ictimai-siyasi qəzet
ABŞ Prezidentinin Krımla bağlı hazırlığı revanşistləri özündən çıxarıb; absurd çağırışa - reaksiya
ABŞ Prezidentinin Ukrayna nizamlanması naminə Krımı Rusiya ərazisi kimi tanımağa hazırlaşması radikal-revanşist erməniləri əməllicə özündən çıxarıb. Onlar “nə üçün Donald Tramp birinci prezidentliyi dövründə eyni qaydada "artsax"ı Ermənistan ərazisi kimi və ya onun müstəqilliyini tanımadı" kimi axmaq suallar verməyə başlayıb, qəzəb püskürürlər.
“Tramp ilk prezidentlik dövründə niyə eyni şeyi etmədi? Yəni hələ 2020-ci ilin sentyabrında Türkiyə-Azərbaycan tandemi (? - red.) orada müharibəyə başlamazdan əvvəl bu addımı niyə atmadı? Belə bir addım Bakı və Ankaranın planlarına həmişəlik son qoya və bütün sivil dünyaya (?! - red.) aydın siqnal olardı”.
“Yeni Müsavat” xəbər verir ki, bu barədə Armenianreport.com-un redaksiya məqaləsində deyilir. Ardınca iddia olunur ki, guya hətta Rusiya da buna, yəni ABŞ-ın tanınma qərarına sevinər, eyni addımı atardı. Elə isə Moskva niyə bunu birtərəfli qaydada etmədi? Ümumiyyətlə, böyük və məkrli güclərin əlində maşa olan bu xəstə toplum hər şey qırağa, həqiqətənmi Krımla Qarabağın fərqli mövzular olduğunu anlaya bilmir?
Ramiyə Məmmədova
Siyasi şərhçi Ramiyə Məmmədovanın sözlərinə görə, Trampın Krımı Rusiya ərazisi kimi tanıyacağını gözləmir. Onun fikrincə, belə fikirlər səslənə bilər, amma ABŞ liderinin beynəlxalq hüquqa zidd addım atması təhlükəli presedentə səbəb olacaq. Ekspert hesab edir ki, Ağ Ev rəhbəri bunu Qrelandiyanı ilhaq etmək fonunda nəzərdən keçirə bilər, amma hazırda Danimarkadan bu adanın qoparılması da real görünmür: “BMT və dünya Krımı Ukraynanın ərazi bütövlüyünə daxil edir. Azərbaycan da eyni mövqedən çıxış edir. Tramp bu addımı atarsa, Rusiyanın ilhaqına haqq qazandırmış olacaq, sonra başqa ölkələri də pis mənada həvəsləndirəcək. Üstəlik, Cənubi Osetiya və Abxaziyanın da Rusiyaya birləşdirilməsi üçün imkan yaratmış olar. Məncə, Trampın çılğın bir prezident olduğunu unutmamalıyıq. O, hər gün bir fikrə düşür”.
Təhlilçi Krımla qondarma “artsax” arasında müqayisəni isə gülünc sayır: “Çünki Krımda separatçı bir rejim qurub müstəqillik iddiası qaldırmayıblar. Sadəcə, Rusiya saxta referendumla Krımı özünə birləşdirib. Qarabağda olan cinayətkar dəstə isə ikinci erməni dövləti qurmaq eşqinə düşmüş, özünə oyuncaq prezident seçmiş, saxta parlament qurmuşdu və Ermənistandan idarə olunurdu. Krım isə ayrıca subyekt kimi ortaya çıxmayıb, Rusiya yarımadanı özününkü sayır. Yəni burada ərazi münaqişəsi fərqlidir. Ona görə ermənilərin absurd çağırışları mənasızdır”.
Ehtiram Mehdiyev
Milli Cəbhə Partiyasının sədr müavini Ehtiram Mehdiyevin sözlərinə görə, “artsax” yoxdur və ermənilərin çağırışları nəticə verməyəcək: “Çünki Ermənistan özü belə onun müstəqilliyini tanıya bilmədi, Trampdan niyə bunu gözləyirlər? Sadəcə, hay-küy salırlar və məqsədləri separatçı ideyaları gündəmdə saxlamaqdır. Azərbaycana qarşı bu fəaliyyət fiaskoya məhkumdur. Dünya dövlətlərinin gündəmində "artsax" deyə bir məsələ yoxdur. Hazırda Trampın planında Çinə qarşı ticarət savaşı, Ukraynada müharibəni dayandırmaqdır. Hətta Panama, Kanada belə gündəlikdən çıxmaqdadır. ABŞ liderinin sistemsiz xarici siyasəti var. O baxımdan, onun ermənilərin revanşist çağırışlarına, yaxud ideyalarına dəstək verməsi gözlənilmir".
E.Mehdiyevin fikrincə, əksinə, Tramp azərbaycanlı həmkarına Novruz bayramı təbrikində sülh müqaviləsinin imzalanmasını səbirsizliklə gözlədiyini açıqlayıb: “Ona görə də "artsax" deyə mifik məsələ Tramp üçün yoxdur. Amerika prezidenti “artsax”ın nə olduğunu belə bilmir. Eyni zamanda Paşinyan dəfələrlə bəyan edib ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Bu mövqe Trampın və ABŞ-ın də istinad nöqtəsi olmalıdır. Ermənilərin Krımla müqayisə aparması isə gülməlidir. Burada çox böyük səhvlər var. Hətta Rusiya qondarma Donetsk və Luqansk xalq respublikalarını elan edib, amma Krımı ayrıca respublika kimi tanımayıb. Yəni emənilər “dqr”i “lxr”ə oxşatsaydılar, daha məntiqli olardı. Çünki ikisi də separatizmdir. Məncə, Azərbaycan Ermənistan qarşısında bu məsələləri qaldırmalı və siyasi-diplomatik təzyiqlərini artırmalı, tələblər qoymalıdır ki, İrəvanda bu çağırışlarla bağlı ölçü götürülsün".
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
22 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ