İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Çin mallarına rüsumları ikiqat qaldırdı: Azərbaycan üçün hansı risklər yaranır?

ABŞ prezidenti Donald Tramp özünə məxsus Truth şəbəkəsində Çindən idxal olunan mallara daha 10 faizlik əlavə rüsumların tətbiq olunacağını açıqlayıb. Musavat.com xəbər verir ki, Tramp Çin mallarına yeni tariflərin Meksika və Kanadaya qarşı 25 faizlik tariflərlə eyni gündə - martın 4-də qüvvəyə minəcəyini açıqlayıb.

ABŞ prezidenti bildirib ki, Meksika və Kanadaya 1 ay güzəşt olunsa da, bu ölkələrdən ABŞ-a narkotik axını dayandırılmayıb: "Narkotik Meksika və Kanadadan ABŞ-a çox yüksək və qəbuledilməz səviyyədə axmağa davam edir. Biz bu pisliyin Birləşmiş Ştatlara zərər vurmağa davam etməsinə icazə verə bilmərik və buna görə də o dayandırılmayana və ya ciddi şəkildə məhdudlaşdırılmayana qədər, martın 4-də qüvvəyə minməsi planlaşdırılan təklif olunan tariflər həqiqətən də planlaşdırıldığı kimi qüvvəyə minəcək".

Xatırladaq ki, fevralın 1-də Tramp Kanada, Çin və Meksikadan gələn mallara yüksək tariflər tətbiq edən sərəncam imzalayıb. Çindən idxala 10 faizlik tariflər fevralın 4-də qüvvəyə minib, Kanada və Meksika məhsullarına rüsumlar isə həmin ölkələrin hökumətləri ilə danışıqlara qədər bir ay gecikdirilib.

Fevralın 10-dan etibarən Çin ABŞ-dan kömür və mayeləşdirilmiş təbii qaz idxalına əlavə 15 faiz rüsum tətbiq etməklə cavab verib; neft, kənd təsərrüfatı maşınları, iritutumlu avtomobillər və yük avtomobilləri üzrə əlavə rüsumlar isə 10 faiz dərəcəsi ilə təyin edilib. Cavab olaraq Tramp bildirib ki, apreldən Çin mallarına ikiqat artıq rüsum tətbiq edəcək.

Tramp ötən gün Avropa İttifaqını da tənqid edərək, oradan malların idxalına 25 faiz rüsum tətbiq olunacağını açıqlayıb.
Bundan əlavə, martın 12-dən etibarən bütün ölkələrdən alüminium idxalına 25 faizlik rüsum tətbiq olunub.

ABŞ prezidentinin bu addımları qlobal ticarət sistemində çox böyük və radikal dəyişikliklərə zəmin yaradır. Analitiklərə görə, yaxın aylar ərzində xammal bazarlarında qiymətlərin kəskin enişi fonunda qızılın qiymətinin yüksəlişi, eyni zamanda yeni ixrac marşrutlarının formalaşdırılması istiqamətində fəal hərəkətlilik müşahidə olunacaq.

Qeyd edək ki, Trampın alüminium idxalına əlavə rüsum tətbiq etməsi Azərbaycanın bu məhsul ixracatçıları üçün ciddi problemlər yaradacaq. Ötən il Azərbaycandan ABŞ-a 11 min tondan yuxarı alüminium məmulatları ixrac olunub. Digər tərəfdən, ABŞ-ın Venesuela neftini dünya bazarına qaytarmaq üçün hərəkətə keçməsi Azərbaycanın əsas ixrac məhsulunun sürətlə dəyərsizləşməsi, valyuta gəlirlərinin kəskin azalması ilə nəticələnə bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR