İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp 2024-cü il seçki kampaniyasına başlayır - İndi həmişəkindən daha qəzəblidir

ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2024-cü ildə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürüb.

Musavat.com xəbər verir ki, Tramp seçki kampaniyası ilə bağlı ilk çıxışında 2024-cü il seçkilərində qalib gəlmək motivasiyasını dilə gətirib.

O, “hər zamankından daha əsəbi və daha qətiyyətli” olduğunu deyib, əvvəlkindən daha böyük mitinqlər planlaşdırdığını açıqlayıb.

Hazırkı prezident Co Baydenin yürütdüyü siyasəti tənqid edən Tramp ABŞ-ın Bayden administrasiyasından "qurtulması" lazım olduğunu vurğulayıb:

"Biz Baydenə böyük bir iqtisadiyyat verdik, bu, indiyə qədərki ən sürətli iqtisadi dirçəliş idi. Amma indi insanlar iqtisadi çətinliklər içərisindədir. Co Bayden ölkəni sürətli məhvetmə yoluna çıxardı və biz bunu dayandıracağıq".

Qeyri-qanuni immiqrasiyanı tənqid edən keçmiş prezident ABŞ-Meksika sərhədində təhlükəsizliyi artırmağı və ölkədə solçu ideologiyalarla (məktəblərə federal maliyyəni dayandırmaq və s.) mübarizə aparmağı vəd edib. 

Tramp, həmçinin bildirib ki, prezident seçilərsə, gənclərin beynini yumağa çalışan solçu radikal irqçilərin və azğınların əməllərinə son qoyacaq.

Qeyd edək ki, 2024-cü il prezident seçkilərində Respublikaçılar Partiyasından yenidən namizəd olacağını açıqlayan Trampın rəqiblərinin respublikaçılar arasında keçmiş vitse-prezident Mayk Pens, Florida qubernatoru Ron DeSantis və Cənubi Karolinanın keçmiş qubernatoru Nikki Heyli olacağı gözlənir. Lakin onlar namizədliklərini hələ rəsmən açıqlamayıblar.

ABŞ-da aparılan rəy sorğularına görə, Trampın 2024-cü il prezident seçkilərində Respublikaçı namizədlər arasında ən güclü rəqib kimi görünən Florida qubernatoru Ron DeSantisdən daha çox səs topladığı qeyd edilib. "Morning Consult"un keçən həftə keçirdiyi sorğuya görə, Donald Tramp 48 faiz, DeSantis isə 31 faiz səs toplayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR