Onlayn ictimai-siyasi qəzet
Ekspertə görə, bundan sonra bürokratik əngəllər aradan qalxacaq, vətəndaşların xərci azalacaq
Azərbaycanda vətəndaşların, xüsusilə sahibkarların ciddi şəkildə əziyyət çəkdiyi məsələlərdən biri də torpaqların kateqoriyasının dəyişdirilməsi məsələsidir. Ekspertlər bildirir ki, xeyli torpaq sahələri var ki, onların kateqoriyası dəyişməlidir.
Məsələn, vaxtilə Abşeronda müxtəlif ərazilər kənd təsərrüfatı təyinatlı kimi kortəbii şəkildə rəsmiləşdirilib, amma faktiki olaraq o sahələrdən kənd təsərrüfatı məqsədilə istifadə etmək, bitki, ağac əkib bitirmək mümkün deyil. Onların bir çoxunun üzərində sənaye, nəqliyyat məqsədli obyektlər tikilib, özəl mülk kimi qeydiyyata alınıb, amma sahibləri uzun illərdir onun kateqoriyasını faktiki təyinata dəyişə bilmirlər.
Habelə, ölkədə xeyli sayda yaşayış massivləri sovetlər dönəmində kənd təsərrüfatı təyinatı verilmiş ərazilərdə tikilib, indi orada böyük yaşayış massivləri var. Təyinatı dəyişə bilmədikləri üçün vətəndaşlar mülklərinə uyğun çıxarış ala bilmirlər.
Bu məsələ uzun zamandır müzakirə olunurdu. Artıq dövlət bu yöndə müəyyən addımlar atıb, “Torpaqların kateqoriyasına dair müraciətlərə baxılması” elektron xidməti istifadəyə verilib.
Bu barədə verilən rəsmi açıqlamada deyilir ki, Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 28 sentyabr tarixli Fərmanının icrası çərçivəsində İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) tərəfindən istifadəyə verilən “Torpaqların kateqoriyasına dair müraciətlərə baxılması” elektron xidməti vasitəsilə torpaqların kateqoriyalara aid edilməsi, onların bir kateqoriyadan digərinə keçirilməsi və kateqoriya daxilində məqsədli təyinatının dəyişdirilməsi ilə bağlı müraciətlərin qəbulu və baxılması artıq elektron qaydada “vahid pəncərə” prinsipi əsasında həyata keçirilir.
Torpaqların bir kateqoriyadan digərinə keçirilməsi və kateqoriya daxilində məqsədli təyinatının dəyişdirilməsi ilə bağlı müraciət edən subyektlər (torpaq mülkiyyətçisi və istifadəçisi olan sahibkarlar, vətəndaşlar, dövlət qurumları və bələdiyyələr) İqtisadiyyat Nazirliyinin elektron xidmətlər portalına (https://e-services.economy.gov.az/) daxil olub “Torpaqların kateqoriyasına dair müraciətlərə baxılması” elektron xidmətini seçərək və ya kateqoriya.emlak.gov.az domen ünvanına daxil olaraq müraciət edə bilərlər.
Dövlət mülkiyyətində olan torpaqlara münasibətdə aidiyyəti dövlət orqanları, bələdiyyə mülkiyyətində olan torpaqlara münasibətdə müvafiq bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqlara münasibətdə torpaq mülkiyyətçiləri, torpaqlar uzunmüddətli istifadədə olduğu hallarda mülkiyyətçinin yazılı razılığı ilə icarəçi və ya istifadəçi olan fiziki və ya hüquqi şəxslər bu elektron xidmət vasitəsilə müraciətlərini və müraciətin əsaslandırılmasına dair sənədlərini real vaxt rejimində ƏMDX-yə göndərə bilərlər.
Bəs elektronlaşma bürokratik əngəlləri aradan qaldıra biləcəkmi? Vətəndaşların bu problemi necə həll ediləcək?
Ramil Osmanlı
Daşınmaz əmlak üzrə ekspert Ramil Osmanlı mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bölüşüb: “Elektronlaşmanın bir neçə səbəbi var. Təbii ki, əsas səbəblərdən biri vətəndaş-məmur münasibətlərinin aradan qaldırılması məsələsidir. Uzun müddətdir ki, Əmlak Məsələləri Dövlət Xidməti bir çox sahələrin elektronlaşdırılması ilə bağlı addımlar atıb. Artıq 40-dan artıq xidmət növü elektronlaşdırılıb. Hətta bəzi sənədlərin qısa vaxt rejimində onlayn şəkildə həll edilməsi və elektron sənəd dövriyyəsi ilə həyata keçirilməsi prosesi gedir. Onlardan biri də vətəndaş-məmur münasibətlərinin aradan qaldırılmasıdır. İkincisi, sənədlərə baxılması, sənədlərin emal olunması və onlara rəsmi cavabların verilməsi ilə bağlı müddətin azaldılması məsələsidir. Tutaq ki, vətəndaş poçt vasitəsilə müraciət edirdi, kənddə yaşayan biri torpaq sahəsi ilə bağlı müraciət etmək istəyir, o, kənddən poçt olan rayon mərkəzinə getməlidir və məktubu göndərməlidir. Hələ o məktub neçə günə, müxtəlif prosedurlar vasitəsilə cavablandırılacaq. Bu, prosesin uzanmasına səbəb olurdu. İndi isə müraciətlərin elektron qaydada həyata keçirilməsi prosessual müddətin də azaldılmasına xidmət edəcək”.
Ekspert əlavə edib ki, yeniliklərdən ən vacibi bu istiqamətdə vətəndaşların xərclərinin minimuma endirilməsidir: “Məsələn, insanların nəqliyyat xərcləri və digər vaxt itkisi mövcud idi. Bu xərclərin azaldılması məsələsi də elektronlaşmanın əhəmiyyətli bir hissəsidir. Bundan əlavə, elektron informasiya sistemi vasitəsilə vətəndaşa cavabın verilməsi mexanizmi sürətləndirilir. Hətta tikinti ilə bağlı məsələlərə artıq elektron qaydada baxılır. Ona görə də torpaqların kateqoriyasının dəyişdirilməsinin elektronlaşdırılması şəffaflığın təmin olunması baxımından çox vacibdir. Artıq elektron sənədlər müvafiq portalda arxivləşdirilir, qalır. O sənədlərə baxılmama ehtimalı yoxdur. Əgər sənəd doğrudursa, ona mənfi cavab verilmə, yaxud yubadılması ehtimalı sıfıra enir. Müvafiq icra hakimiyyəti orqanı istəsə də belə, bunu edə bilməyəcək. O ki qaldı kateroqriyanın dəyişdirilməsinə, bu da olduqca vacibdir. Tutaq ki, mənə kənd təsərrüfatı təyinatlı torpaq verilib, verilən torpaq əkinçilik üçün ayrılıb, amma torpaq sahəsinin ölçüləri, onun yerləşdiyi ərazi, su ehtiyatları əkinçiliyə imkan vermir, amma bağçılıq üçün münbit şərait var. Yəni torpağın təyinatı əkinçilik üçün olduğu üçün bağçılıqla məşğul ola bilmirəm. Artıq bundan sonra bu kateqoriyanın dəyişdirilməsi mümkün olacaq.
Hətta əsaslı tikinti ilə bağlı əlavələr də var. Qərarda minimum 5 hektardan artıq sahələrdə tikinti aparılmasına icazə verilir. Bu, torpağın daha faydalı istifadəsi və işçi qüvvəsinin daha yaxşı təşkili üçün yeni imkanlar açacaq".
Qeyd edək ki, torpaq sahəsinin təyinatının dəyişdirilməsi üçün müraciətdən sonra dövlət orqanlarının hərəkətləri aşağıdakılardır:
Əmlak Məsələləri Dövlət Xidməti müraciətə əlavə olunan sənədlərin tamlığını və düzgünlüyünü yoxlayır.
15 iş günü ərzində torpaq sahəsinin sərhədləri və koordinatları müəyyən edilir, yerquruluşu planı hazırlanır və müvafiq dövlət orqanları ilə razılaşdırılır.
Yerquruluşu planı, müraciət və əlavə sənədlər Nazirliyə təqdim olunur. Nazirlik bu məlumatları 10 iş günü ərzində Nazirlər Kabinetinə göndərir.
Nazirlər Kabineti qərar qəbul etdikdən sonra, iki iş günü ərzində dövlət torpaq kadastrında dəyişiklik edilir və müraciət edən şəxsə 3 iş günü ərzində məlumat verilir.
Dəyişikliklər “Daşınmaz əmlakın dövlət reyestri” qanununa əsasən qeydiyyata alınır.
Nəticə etibarilə, Azərbaycan Respublikasının Prezidentinin 24.08.2024-cü il tarixli Fərmanı, mövcud kateqoriya problemlərinin həlli istiqamətində əhəmiyyətli bir addımdır. 2025-ci ilin yanvar ayından vətəndaşlar və digər şəxslər torpaq sahələrinin kateqoriyalarının dəyişdirilməsi ilə bağlı müraciətlər edə biləcəklər.
Afaq MİRAYİQ,
“Yeni Müsavat”
09 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ