İnsanlara hürriyət, millətlərə istiqlal!

Top hədiyyəsi

Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli “Turan”a deyib ki, “Abzas Media” və “Kanal 13" redaksiyalarında çalışan  6 nəfər şəxsin qısa zaman kəsiyində saxlanılaraq istintaqa cəlb edilmələri xoş olmayan mənzərə yaradır. Müşfiq müəllim istintaqın nəticəsini gözləməyin vacibliyini də vurğulamışdır. 

Gördüyümüz kimi, burada əsas vurğu kimlərinsə məhz qısa zaman kəsiyində saxlanılması üzərindədir. Doğrudan da, yazar-mazarları tutmaq lazımdırsa, bunu müəyyən zaman intervalında yayaraq həyata keçirmək olmazmı? Keçən həftə birini də uşağı ağladaraq tutmuşduq. İnsan hüquqları tələb edir ki, jurnalist tutmaq üçün birincisi, müəyyən interval lazımdır, ikincisi, uşaq ağlatmaq olmaz. 

Sözgəlişi, son zamanlar bu uşaq-muşaqlar dövlətçiliyimizə çox problem çıxarmağa başlamışlar, şəxsən məni bu narahat edir (təkcə ABŞ səfirliyi narahat ola bilməz ki? Biz də hərdən narahat oluruq). Gah qızılca olurlar, gah valideyn tutulanda ayağından sallaşırlar, gah da polisə daş atıb özlərini döydürürlər. Hələ bunlara uşaq pulu vermirik, belə qudurublar! Rəhmətlik Şamil müəllim demiş, Jak Şirak qudurub. 

Əski günlərdə qısa zaman kəsiyində tuthatut çox olanda adətən belə deyirdik: “Kimsə Azərbaycanın dünya imicinə qəsdən xələl gətirmək fikrindədir, xüsusilə Avropa Şurasında filanıncı sessiya öncəsi bu pis işlərin törədilməsi şübhəlidir” və sairə. İndi belə yozmalara heç ehtiyac qalmayıb, çünki daha beynəlxalq qurumların haqqımızda nə qırıldatmağı vecimizə deyil. Müstəqil dövlətik. Özümüz lazım gələndə, kimə istəsək qiymət veririk. Artıq beynəlxalq qurumlar da qırımımızı başa düşüblər. Məsələn, ABŞ təzə səfir göndərib, adam Bakı hava limanında uçağın trapından düşən kimi azərbaycanca danışmağa başladı. Öncəki səfirlər dilimizi sonra - Patandarta yerləşəndə öyrənərdilər, bu, Atlantik okeanın üzərində dərsini çalışıbdır. Lakin o qədər razı qalmadıq, çünki Naxçıvan və Şəki ləhcələrini də öyrənməyə borcludur. 

Ümumilikdə ölkəmizdə jurnalistikaya təzyiqlərin olduğunu heç kim iddia edə bilməz. Elementar misal çəkirəm: AFFA futbol komandamızın baş məşqçisi Canni de Byazini işdən qovdu. Nəyə görə? Bəlkə daim uduzduğumuz üçün? Yox. Uduzmaq bizdə heç vaxt problem sayılmır, əsas oyundur. Sadəcə, Byazi son oyundakı brifinqdə azərbaycanlı jurnalistləri təhqir eləmişdi, dünyanın heç yerində belə axmaq adamlar görmədiyini söyləmişdi. Bununla da kitabı bağlandı, müqaviləsi ləğv edildi. 

Nə edirsən et, bircə söz adamına toxunma. Dövri-qədimdən xalqımız söz işçilərinə böyük hörmətlə yanaşıbdır. Nizami Gəncəviyə padşah kəniz bağışlamışdı. Sabirin sabun sexi var idi. Hadi küçə ticarəti ilə məşğul olurdu. Camaat bir qəbir yeri tapmır, biz isə Həsən bəy Zərdabini 3 dəfə, başqa yerlərdə basdırmışıq. Çingiz müəllim özünü təhqir edən jurnalisti Allaha tapşırdı. Gör nə qədər böyük, miqyaslı hərəkətlərdir.  

Söhbət məşqçi temasına fırlanmışkən, eşitdiyimizə görə hazırda AFFA Byazinin yerinə qoymağa kadr axtarır. Türkiyədən Fatih Terimin, rusiyalı Stanislav Çerçesovun və başqalarının adı hallanır. O cümlədən “Qarabağ”ın baş məşqçisi Qurban müəllim də milliyə rəhbərlik üçün namizədlər sırasındadır, hərçənd onu bir dəfə ötənlərdə qoyub çıxartmışdılar, səbəbi sirr qalmışdı. Qurban müəllimi milliyə dartsalar, “Qarabağ” uduzacaq. İkisini eyni vaxtda idarə eləyə də bilməz. Çətin vəziyyətdir. 

Bəs indi nə etmək olar? Təklif edirəm milli futbolçularımız baş məşqçi olmadan oynasınlar. Onsuz bunun elə əhəmiyyəti yoxdur, axırda uduzuruq. Baş məşqçinin maaşını da müharibə veteranlarına vermək lazımdır. 

Yaxud o maaşla çoxlu top alıb küçələrdəki uşaqlara hədiyyə etməliyik. Ağlaşıb xəstələnməsinlər.  

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR