İnsanlara hürriyət, millətlərə istiqlal!

Tolikdən deputatın "boşanmış mediator" qalmaqalına SƏRT REAKSİYA

"Bəzi millət vəkilləri düşünürlər ki, əgər bir insan ailəsində problem yaşayıbsa və boşanıbsa, deməli, o, ailəni dağıdıb. Lakin bu, doğru deyil."

Musavat.com bildirir ki, bu sözləri prodüser-aparıcı Tarix Əliyev (Tolik) deyib.

O, boşanmış insanların cəmiyyətdə söz sahibi olmaması düşüncəsinin yanlış olduğunu vurğulayıb:

"Məsələn, mənim anam musiqiçi, qarmon müəlliməsidir və təhsilə malikdir. Atam isə neftçi olub və onlar şəxsi xarakter uyğunsuzluğu səbəbindən boşanıblar. Mən həm atamı, həm də anamı görürdüm, onlarla əlaqəm davam edirdi.

Bu gün boşanmış qadınların cəmiyyətdə söz sahibi olmaması yanlış düşüncədir. Mediatorların əksəriyyəti qadınlardır və boşanmış bir qadın və ya kişinin təcrübəsi cəmiyyətə necə təsir etdiyini, uşaqların inkişafına necə təsir göstərdiyini anlamaq üçün çox dəyərlidir. Boşanma hər iki tərəfin həyatında dəyişikliklər yarada bilər, amma bu, həmin şəxslərin dəyərini və cəmiyyətə təsirini azaltmaz".

Xatırladaq ki, bir neçə gün öncə millət vəkili Hikmət Babaoğlu boşanmış birinin mediator kimi çalışmasının qadağan olunmasını təklif edib:

"Mediatorlar ixtisaslaşdırılmalıdır. Boşanmış biri mediator olmamalıdır. Boşanmış bir şəxs gedib sertifikat alıb ailə məsələləri üzrə mediator kimi çıxış edə bilməz. Bu barədə məhdudiyyətlər tətbiq olunmalıdır".

Millət vəkilinin bu fikirləri cəmiyyətdə geniş müzakirəyə səbəb olub.

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Mart 2025

BÜTÜN XƏBƏRLƏR