Onlayn ictimai-siyasi qəzet
Qazaxıstan lideri Ermənistana hansı şərti qoya bilər?
Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev yaxın vaxtlarda Ermənistana rəsmi səfər edəcək. Bu barədə Ermənistan hökumətindən bildirilib.
Rəsmi səfərin detalları aprelin 2-də İrəvanda Ermənistan-Qazaxıstan Hökumətlərarası Komissiyasının iclasında müzakirə edilib.
Kasım-Jomart Tokayev yaxın günlərdə keçiriləcək biznes forumda iştirak edəcək.
Qazaxıstan Azərbaycanın dostudur və ən yaxın strateji tərəfdarlarındandır. Eyni zamanda Turançılıq məsələsində əsas ölkələrdəndir.
Azərbaycanla Ermənistan arasında hələ sülh imzalanmamış Qazaxıstanın İrəvanla yaxınlaşması, Tokayevin rəsmi səfərinə Bakının münasibəti necədir? Tokayev Ermənistan qarşısında hansı şərtləri qoya bilər və qoymalıdır?
Arzuxan Əlizadə
AMİP sədri Arzuxan Əlizadə “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan və Qazaxıstan Türk Dövlətləri Təşkilatında təmsil olunurlar. Bu, sıradan bir təşkilat deyil. Bu təşkilatda təmsil olunan dövlətləri həm də ideoloji bir bağlılıq bir-birinə yaxınlaşdırır. Bu da Turan ideologiyasıdır və təbii ki, bu ideologiyaya qarşı olan, bu ideologiyaya düşmən mövqedə dayanan dövlətlərə münasibət də adekvat olmalıdır: “Məlumdur ki, Turançılıq ideologiyasına qarşı bir nömrəli düşmən kimi istifadə olunan dövlət Ermənistandır. Bu mənada təbii ki, Qazaxıstan-Ermənistan münasibətlərinə Qazaxıstan tərəfi özü çəki-düzən verməlidir. Hadisələri qabaqlamaq istəməzdim, dövlətlər arasında münasibətlər müxtəlif səbəblərdən yaxınlaşmalara səbəb olur. İqtisadi səbəblər və digər strateji səbəblər meydana gəlir. Amma bir daha qeyd etmək istəyirəm ki, Qazaxıstan Ermənistanla münasibətlərində mütləq mənada Azərbaycanı və təmsil olunduğu Türk Dövlətləri Təşkilatının mövqelərini nəzərə almalıdır. Təəssüflə xatırlatmaq istəyirəm ki, hələ 2000-ci illərin əvvəllərində Qırğızıstanın o zamankı prezidenti Əsgər Akayev Ermənistanı ziyarət eləməklə yanaşı, eyni zamanda saxta soyqırımı abidəsini də ziyarət etmiş və baş əymişdi. Bu da türk dövlətləri, xüsusilə də Azərbaycan Türkiyə tərəfindən olduqca mənfi qarşılanmışdı. Güman edirəm ki, bu səhv bir daha heç bir türk dövləti lideri tərəfindən təkrarlanmayacaq. Bunu xatırlatmaqda fayda var”.
A.Əlizadə hesab edir ki, Azərbaycan tərəfi də səfər öncəsi diplomatik vasitələrlə, diplomatik kanallarla Qazaxıstan rəsmilərinin diqqətinə bir sıra rəsmiləri çatdırmalıdır: “Xüsusilə də ermənilərin illər uzunu Azərbaycan torpaqlarını işğal altında saxlaması və təkcə işğalla kifayətlənməyərək Türkiyəyə qarşı ərazi iddiaları, Turançılıq ideyasına düşmən alət olaraq istifadə olunduğu unudulmamalıdır. Bu amillər tormozlayıcı faktor kimi Qazaxıstan rəsmilərinin diqqətində olmalıdır. Azərbaycanın maraqları ilə bağlı digər bir sıra məsələlər də diplomatik kanallarla Qazaxıstan rəsmilərinin diqqətinə çatdırıla bilər. Ermənistan bu gün elə bir durumdadır ki, müxtəlif vasitələrlə dünyaya çıxış axtarır, özünü dalana salıb. Bu vəziyyətdən çıxmağın yollarından biri kimi Qazaxıstanla münasibətləri gücləndirməyi görür. Əvəzində Qazaxıstan tərəfi Azərbaycanın, Türkiyənin və bütövlükdə Türk dünyasının tələblərini İrəvana çatdırmalıdır. Ermənistan qarşısında türk dövlətlərinə ərazi iddialarından əl çəkməsi şərti irəli sürülsə, daha yaxşı olar. Eyni zamanda Qazaxıstanın özünün də maraqlarına cavab verəcək Zəngəzur dəhlizinin açılması ilə bağlı İrəvan qarşısında tələblər qoyulmalıdır. Türk dövlətlərinin birliyindən, ideologiyasından sapmalar xəyanətə bərabər addım kimi qəbul edilə bilər”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
27 Noyabr 2024
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ